Interposta.Info

Qalereya və Muzeydə 26 fevral - Xocalı Soyqırımının 33-cü ildönümü anıldı - FOTO

Manşet
 26-02-2025, 12:50     36 455

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi Laçın Dövlət Rəsm Qalereyası və Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilmişdir.

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.


Daha sonra Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Atəş qızı Nuruyeva çıxış edərək bildirib ki, Azərbaycan Respublikası 1991-ci il oktyabr ayının 18-də öz müstəqilliyini bərpa etdikdən sonra Xocalı şəhəri hər tərəfdən tam mühasirəyə alınmış, 1992-ci ilin yanvar ayından isə şəhərin enerji təchizatı dayandırılmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda XX əsrin ən dəhşətli faciələrindən biri baş vermişdir. Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə dinc əhaliyə qarşı soyqırım törətmişdir. Nəticədə yüzlərlə günahsız insan – qadınlar, uşaqlar və qocalar xüsusi amansızlıqla qətlə yetirilmişdir. Soyqırım zamanı 613 nəfər həlak olmuş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür.

Eyni zamanda, Laçın Dövlət Rəsm Qalereyasının direktoru Xaliq Rəşid oğlu Dünyamalıyev çıxışı zamanı qeyd etmişdir ki, Xocalı Soyqırımı faciəsi qurbanlarının çoxunun taleyi hələ də məlum deyildir. 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Qətliam zamanı insanlar ağlasığmaz işgəncələrə, dəhşətli zorakılıq əməllərinə və həqarətlərə məruz qalmışlar. Bu faktlar açıq-aşkar Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin göstəricisidir.

Sonda Xocalı sakini Təranə Bayramova Xocalı Soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı olduğunu bildirdi və bu hadisələr zamanı dünyasını dəyişmiş yaxınlarına qarşı olunan erməni vandalizmindən ürək ağrısı ilə söz açdı.

İnterPosta.info







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26