Interposta.Info

FED-in dollar qərarı: manatı nə gözləyir?

İqtisadiyyat
 21-06-2019, 11:01     10 410

Natiq Cəfərli: “Dolların ABŞ və dünya iqtisadiyyatına təsirlərinin böyük olması artıq danılmaz faktdır”
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini illik 2,25-2,5% səviyyəsində saxlayıb. Bu barədə qərar FED-in 18-19 iyun tarixlərində keçirilən iclaslarının yekununda qəbul olunub. FED həmçinin ABŞ-ın 2019-cu ildə ÜDM artımı üzrə proqnozunu 2,1% səviyyəsində saxlayıb, 2020-ci il proqnozunu isə 1,9 faizdən 2 faizədək artırıb.

Qeyd edək ki, 2018-ci ildə FED faiz dərəcəsini mart, iyun, sentyabr və dekabr aylarında olmaqla dörd dəfə qaldırıb. Sonuncu dəfə artım 0,25 faiz bəndi təşkil edib. Qeyd edək ki, FED-in bu qərarı dünya bazarında dolların ucuzlaşmasına səbəb olub.

Dollar-manat münasibətlərinə gəlincə, Azərbaycan manatının məzənnəsi inzibati qaydada tənzimləndiyi üçün hələ ki bu kimi xarici faktorların birbaşa təsiri nəzərə çapmır.

Bəs görəsən, dünya valyuta bazarında baş verən proseslər və Azərbaycanda iqtisadiyyatında baş verənlər qarşıdakı dövrdə manatın məzənnəsinə necə təsir edəcək?

“Yeni Müsavat”a açıqlamasında FED-in son qərarına toxunan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, FED-in toplantısından heç də sürpriz qərar çıxmadı: “FED-in bir çox komissiya üzvləri faizin artırılması yox, 0,25 faiz azaldılması yönündə fikirlər səsləndiriblər. Bu da çox maraqlı gəlişmədir. Builki gözləntilərə görə, FED faizi ən azı 1 dəfə artırmalı idi. Ancaq bilinən odur ki, faiz artımı olmayacaq. Faizin azaldılması ilə bağlı sentyabra qədər izləmə olacaq, FED dünyada gedən prosesləri izləyəcək. Ola bilər ki, sentyabrda uçot dərəcəsini 0,25 faiz azaltsınlar. Səbəb isə odur ki, ABŞ administrasiyası FED üzərində çox böyük basqı qurub və faizlərin azaldılmasını tələb edir. Uçot dərəcəsi azaldılarsa, bu, faizlərin də düşməsinə səbəb olar və ABŞ iqtisadiyyatında canlanma yaradır. Bank faizlərinin aşağı düşməsi iş adamlarına əlavə kredit götürməyə və yeni iş yerləri yaratmağa imkan verir”.

Bu addımın dünya iqtisadiyyatına təsirlərinə gəlincə, ekspert bildirdi ki, faiz dərəcələrinin aşağı salınması dollar indeksinin aşağı düşməsinə səbəb olur: “Artıq ötən gündən başlayaraq biz bunu müşahidə edirik. Dünyada önəmli valyutalar qarşısında dolların ucuzlaşması baş verir. Bu da Amerikaya ona görə lazımdır ki, dollar ucuzlaşdıqca Amerikanın ixracat potensialı artır və ABŞ-da istehsal çoxalır. İstehsalın artması üçün stimul yaranır. Bu həm də dünyada valyuta müharibələrinin yaranmasına səbəb ola bilər. Çünki digər ölkələr də FED-i çox ciddi şəkildə izləyirlər. Amerika iqtisadiyyatı dünyaya yön verən bir iqtisadiyyatdır”.

Azərbaycan manatının məzənnəsinə gəlincə, N. Cəfərli indiki halda dünyada baş verən iqtisadi proseslərin manata birbaşa təsirini istisna etdi: “Azərbaycan dünya iqtisadi sistemində özünəməxsusluğu ilə fərqlənir. Bizdə məzənnə gündəlik olaraq onlayn qaydada müəyyənləşmir, inzibati qaydada açıqlanır. Bunu müəyyənləşdirən platforma belə mövcud deyil. Bir neçə il idi ki, Mərkəzi Bank Azərbaycanda üzən məzənnə rejiminin olmadığını boynuna almaq istəmirdi. Ancaq artıq ötənilki hesabatda üzən məzənnə sözü yoxdur. Bunu dolayısı ilə etiraf da hesab etmək olar. Bu baxımdan dünyada dolların məzənnəsinin dəyişməsi Azərbaycana birbaşa təsir etmir, ancaq dolayı təsirləri var. Dolların ucuzlaşması Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin yerli valyutasına təsir göstərir. Bu da dolayısı ilə bizim iqtisadi əlaqələrimizə təsir göstərər. Yeganə pozitiv məqam odur ki, dünyada uzun illərdir ucuz dollar- baha neft formulu işləyir. Dünəndən etibarən dolların ucuzlaşması neftin qiymətlərinə pozitiv təsir göstərib, təxminən 2,5 faiz artım olub. O baxımdan dolların dünyada ucuzlaşması neftin bahalaşması ilə müşahidə olunacağı təqdirdə pozitiv təsir göstərir”.

N.Cəfərlinin sözlərinə görə, iqtisadiyyata əlavə pul vəsaitinin daxil olması idxalın artmasına və ölkədə valyutaya tələbatı gücləndirərsə, bu, ilin sonuna doğru manatın ucuzlaşmasına səbəb ola bilər: “Azərbaycan son aylar büdcə xərclərini çox sürətlə artırır. Prezidentin sonuncu sərəncamı sentyabr ayından maaşlara, oktyabr ayından isə təqaüdlərə aid olunacaq deyə, ilin sonuna doğru çox böyük bir yük yaratmayacaq. İlin sonuna qədər söhbət təxminən 600 milyon manatdan gedəcək. Ancaq gələn ilin büdcəsində 2,5-3 milyon manat əlavə vəsait lazımdır ki, bu artımlar ödənilsin. Dövlət büdcəsinin formalaşmasından Neft Fondundan başqa böyük bir oyunçu yoxdur. Büdcənin tən yarısı birbaşa Neft Fondundan transferdir. Qalan 50 faizin 15 faizi də neft şirkətlərindən gələn vergilərdir. Yəni büdcənin 65 faizi neftin hesabına formalaşır. Hökumət xərclərini qarşılamaq üçün Neft Fondundan daha çox vəsait götürməli olacaq. Ancaq bu da arzuolunan deyil, çünki hökumət Neft Fondundakı vəsaitləri təhlükəsizlik yastığı olaraq görür və azalmasını istəmir. Digər tərəfdən, bu vəsaitlərin iqtisadiyyata daxil olması alıcılığın artmasına səbəb olsa da, istehsal genişlənmədiyindən təklif artmayacaq. Bu isə o deməkdir ki, idxal artacaq. İnsanların pul və tələbatı çoxaldıqca, idxal çoxalacaq. Son iki-üç ayda biz bunu görürük, ötən ilin müvafiq dövrü ilə müqayisədə biz bunu görürük. Bu isə xaricə valyuta axınının artması deməkdir. Deməli, yaxın aylarda dollara da tələbat artacaq və bu da məzənnəyə basqını artıracaq. Bu baxımdan ilin sonuna doğru manatın məzənnəsinə yenidən baxıla bilər. Ancaq kəskin devalvasiya gözlənilmir, 15-20 faizlik devalvasiya ehtimalı var, manat 1.70-dən 1.90-a qədər dollar qarşısında ucuzlaşa bilər. Bu həm ixracın artmasını stimullaşdıracaq, həm də dollar ekvivalentində Neft Fondundan çıxan vəsaitə qənaət olacaq”.

İqtisadçı ekspert Samir Əliyev də “Yeni Müsavat”a açıqlamasında manatın məzənnəsinin neftin qiyməti əsasında müəyyənləşdiyini vurğuladı: “Azərbaycanda manatın məzənnəsinin əsas donoru dünya bazarında neftin qiymətidir. Neftin qiyməti yüksək olduğu təqdirdə heç bir xarici amil məzənnənin dəyişməsinə gətirib çıxara bilməz. Həmçinin məzənnənin dəyişib-dəyişməməsinə hökumət özü qərar verir. FED-in 2015-ci ildə manat təsiri güclü idi, çünki həmin vaxt dünya bazarında neftin qiyməti aşağı idi. Ancaq indiki halda FED-in uçot dərəcələrini artırıb-azaltmasının manata təsiri yoxdur. FED son olaraq uçot dərəcəsini dəyişmədi, bu, dünya bazarında dolların ucuzlaşmasına səbəb oldu.

Gələcəkdə də FED-in uçot dərəcəsini aşağı salacağı ilə bağlı proqnozlar var və bu o deməkdir ki, dollar daha da ucuzlaşacaq. Bu mənada manatın bahalaşmasına təsir edə bilər. Azərbaycanda manat üzən məzənnədə deyil, hökumət manatın nə bahalaşmasına, nə də ucuzlaşmasına imkan vermir. 2017-ci ildə manatın ucuzlaşması ehtimalı olsa da, Mərkəzi Bank neftin bahalaşması hesabına onu qorudu, 2018-ci ildə isə manatın bahalaşması ehtimalı var idi, AMB yenə də buna imkan vermədi. İndiki halda da manatın məzənnəsinin dəyişməsində AMB maraqlı deyil. İki ilə yaxındır ki, manat sabit məzənnədədir. Payıza kimi manatın məzənnəsində heç bir dəyişiklik olmayacaq. Dünya bazarında neftin qiyməti ilə bağlı bir dəyişiklik olmasa, manatın məzənnəsi ilin sonuna kimi sabit qalacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26