Interposta.Info

Ölkədə istehsal olunmayan malların rüsumlarını artırmaqla hökümət nəyə nail olmaq istəyir?

İqtisadiyyat
 16-01-2018, 16:59     10 439

Natiq Cəfərli: “Bu il ölkəyə gətirilən avtomobillərin sayı ötən ilə nisbətən xeyli azalacaq. Bu o deməkdir ki, say azaldıqca gömrük rüsumlarının ödənişi də azalır və dövlət büdcəsinə əlavə vəsait cəlb etmək məqsədilə atdığı bu addım əks effekt verəcək”


Fikrət Yusifov:
“Belə artımlar adətən o vaxt baş verir ki, hökumət həmin məhsulların yerli istehsalını stimullaşdırmaq istəyir və investorları bu yolla sahəyə yatırımlar etməyə həvəsləndirir”.

Son zamanlar hökümət Azərbaycanda istehsal olunmayan bir çox malların gömrük rüsumlarını kəskin şəkildə artırıb. Bu il Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrükünün rüsumu da artan mallar sırasındadır. Bu addım isə vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Elə bir neçə gün əvvəl işlənmiş təkər idxalı ilə məşğul olan bir qrup şəxs Dövlət Gömrük Komitəsinin qarşısında aksiya keçirərək, gömrük rüsumlarının qaldırılmasından narazılıq ediblər.

Məsələyə DGK da münasibət bildirib. DSK mətbuat xidmətinin məlumatına görə, Nazirlər Kabinetinin ötən il noyabrın 17-də verdiyi qərarla 2018-ci il yanvar ayının 1-dən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib. “Gömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və üstəlik bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. Lakin bu sahədə fəaliyyət göstərən, bərpa edilmiş şinləri xaricdən gətirərək ölkə daxilində onların satışını həyata keçirən bir qrup şəxs bir sıra dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplaşıblar. Onlar qanunvericilikdə edilən dəyişikliklə razılaşmadıqlarını, təkidlə idxal gömrük rüsumlarının əvvəlki qaydada hesablanmasını tələb ediblər”, deyə məlumatda vurğulanır. Komitə bildirir ki, idxal edilən bərpa edilmiş şinlərə tətbiq olunan gömrük rüsumu mövcud normativ-hüquqi aktlara əsasən yeni qaydalarla hesablanır.

Azərbaycanda istehsal olunmayan malların gömrük rüsumlarını kəskin artırmaqla hökümət nəyə nail olmaq istəyir? Və bu addımlar Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? Eyni zamanda Azərbaycanda istehsal olunmayan bir çox malların gömrük rüsumlarının artırılması gömrükdə aparılan islahatlarla nə qədər əlaqəli ola bilər və bu addımlar əslində yeni monopolist qaydaların yaranmasına yol aça bilərmi?
Ölkədə istehsal olunmayan malların rüsumlarını artırmaqla hökümət nəyə nail olmaq istəyir?

Natiq Cəfərli:
“İndiki vəziyyətdə atılan addımlar islahat sayılmır. Əksinə vətəndaşın çiyninə əlavə yük gətirəcək addımlardır”.

Gömrük rüsumlarının artırılmasının vətəndaşlar üçün əlavə yük olduğunu vurğulayan iqtisadçı Natiq Cəfərliyə görə, bu addım dövlət büdcəsində əlavə vəsaitin artmasına yox, azalmasına səbəb ola bilər:

“Əgər hər hansısa mal və ya xidmət növü üzrə bahalaşma gedirsə, rüsumların artırılması yolu ilə bahalaşma olursa, onun dövriyyəsi azalır. Dövriyyəsi azalanda isə satış həcmi azalır. Bu isə vergi hissəsinin azalmasına səbəb olur. Yəni, dövlət büdcəsinə vergilər şəkilində gələn vəsaitlərdə azalma yaşanır.

Biz bunu bu il avtomobil bazarında görəcəyik. Avtomobillərdə kəskin gömrük rüsumu artımı olub. Çopx güman ki, bu il ölkəyə gətirilən avtomobillərin sayı ötən ilə nisbətən xeyli azalacaq. Bu o deməkdir ki, say azaldıqca gömrük rüsumlarının ödənişi də azalır və dövlət büdcəsinə əlavə vəsait cəlb etmək məqsədilə atdığı bu addım əks effekt verəcək.

Gömrük rüsumlarının artmasının islahatla heç bir əlaqəsi yoxdur. Əslində gömrük rüsumlarının artması birbaşa vətəndaşın cibinə əlavə yük salır. Çünki vergi və gömrük rüsumları hansısa mal və ya xidmət üzrə nə qədər çox artırsa, onun daxili bazarda qiyməti də artır. Daxili bazarda qiymət artdıqca, onun son ödəyicisi vətəndaş olur. Buna görə də gömrük rüsumlarının artmasını islahat adlandırmazdım.

Burda yeganə səbəb büdcəyə daha çox vəsaitin cəlb olunmasına istiqmətlənmiş bir addım ola bilər. Yəqin ki, bu addımla gələcəkdə büdcədə yarana biləcək problemlərin qarşısını almağı nəzərdə tutublar. Ancaq yuxarıda qeyd elədiyim kimi bu əks effekt verəcək.

Acığı, gömrükdə islahatlar qaçınılmazdır. Bu proseslə bağlı uzun illərdir ki, açıqlamalarımız və təkliflərimiz də olub. Çox təəssüf ki, hələ də bu istiqamətdə ciddi addımlar görünmür. Son zamanlar Gömrük Komitəsinin ləğv edilməsi və Vergilər Nazirliyi ilə birləşdirilməsi isə bağlı fikirlər yayılıb. Bəlkə bu addımdan sonra gömrük istiqamətində hansısa islahata oxşar addımlar atıla bilər. İndiki vəziyyətdə atılan addımlar islahat sayılmır. Əksinə hökümətin bu addımları vətəndaşın çiyninə əlavə yük gətirəcək addımlardır”.

Ölkədə istehsal olunmayan malların rüsumlarını artırmaqla hökümət nəyə nail olmaq istəyir?

Fikrət Yusifov:
“Rüsumların artırılması konkret məhsula mövcud rüsumların digər ölkələrdə olduğundan çox aşağı olması da ola bilər”.

Adətən bu cür addımların investorların sahəyə yatırımlar etməsinə yönəlik olduğunu bildirən sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadi elmləri doktoru Fikrət Yusifov hesab edir ki, gömrük rüsumlarının artırılmasının bir neçə səbəbi var:

“Belə artımlar adətən o vaxt olur ki, hökumət həmən məhsulların yerli istehsalını stimullaşdırmaq istəyir və investorları bu yolla sahəyə yatırımlar etməyə həvəsləndirir. Başqa bir səbəb isə konkret məhsula mövcud rüsumların digər ölkələrdə olduğundan çox aşağı olması ola bilər. Belə olan halda hökumət bu uyğunsuzluğu aradan qaldırmaqla, həm də büdcəyə əlavə vəsaitlər cəlb etməyə nail olur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26