Keçmiş maliyyə naziri: “Büdcənin neftdən asılılığını 55,1 faizə qaldırmamalıydıq”
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri: “Biz iri investisiya xərclərini birbaşa dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən də həyata keçirə bilərik”
“Biz bir dəfə neftin qiymətlərinin kəskin azalmasının yaratdığı fəsadların miqyasını gördük. Milli valyutanın bir ildə iki kəskin devalvasiyasından sonra bütün iqtisadi və sosial göstəricilərimizin necə pisləşdiyinin şahidi olduq. İndi bu təhlükə ilə yenidən üz-üzə qalmaq nə qədər doğrudur?”.
Bu sözləri Azərbaycanın sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov 2018-ci ilin dövlət büdcəsi layihəsini Pia.az-a şərh edərkən bildirib.
Hazırda 2018-ci il dövlət büdcəsi layihəsi əsas müzakitrə mövzularından biridir. Xatırladaq ki, 2018-ci il büdcə zərfinin noyabrın 21, 22 və 23-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir. Hazırda isə 2018-ci il dövlət büdcəsi layihəsi Milli Məclisin komitələrində müzakirə olunur və bu müzakirələrin noyabrın 10-a qədər davam etməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2018-ci il dövlət büdcəsi layihəsi ətrafında ilkin müzakirələr başlayıb. Maliyyə Nazirliyinin açıqladığı layihədə 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Yəni 2018-ci il dövlət büdcəsinin 778,7 mln. manat məbləğində kəsirlə icra olunacağı proqnozlaşdırılır. Qeyd eək ki, 2018-ci ilin dövlət büdcəsi layihəsində neftdən əldə olunan gəlirlər ümumi büdcənin 55,1 %-ni təşkil edir. 2017-ci ilin dövlət büdcəsində neftin 1 barreli 40 dollardan hesablanmışdı. 2018-ci ilin dövlət büdcəsi layihəsində də neftin qiymət dəyişməyib və 45 dollar səviyyəsində götürülüb.
Gələn ilin büdcəsinin ilkin parametrləri isə ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Bir çox ekspertlər büdcənin yenidən neftdən əldə olunan gəlirlərdən asılı olmasından narahatdırlar. Pia.az-ın əməkdaşı Azərbaycanın sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifovun 2018-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı fikirlərini alıb.
Fikrət Yusifov: “Yaxın gələcəkdə neftin qiymətlərinin özünü necə apracağına heç kim təminatçı ola bilməz”.
Gələn ilin büdcə layihəsini şərh edən keçmiş maliyyə naziri hər şeydən əvvəl yenidən büdcənin neftdən əldə olunan gəlirlərdən asılı olmasından narahatlığını bildirib. Fikrət Yusivova görə 2014-cü ildə neftin qiymətinin birdən birə dörd dəfəyə qədər azalacağını heç kim öncədən proqnozlaşdıra bilmədiyi kimi, indi də bilmək olmaz ki, növbəti ildə neftin qiymətləri özünü necə aparacaq:
“Düşünürəm ki, real sektorda inqilabi dönüş etməyə start verdiyimiz son iki ildən sonra, növbəti ilin büdcəsinin gəlirlərinin neftdən asılılığını 55,1 faizə qaldırmalı deyildik. Ən azından ona görə ki, yaxın gələcəkdə neftin qiymətlərinin özünü necə apracağına heç kim təminatçı ola bilməz. Necə ki, 2014-cü ildə neftin qiymətinin birdən birə dörd dəfəyə qədər azalacağını heç kim öncədən proqnozlaşdıra bilmədi. İndi də bilmək olmaz ki, növbəti ildə neftin qiymətləri özünü necə aparacaq.
Bura dünyanın siyasi müstəvisində baş verən prossesləri və həm də alternativ enerji mənbələrinin çox böyük sürətlə inkişafına dair məlumatları da əlavə etmək lazımdır. Biz bir dəfə neftin qiymətlərinin kəskin azalmasının yaratdığı fəsadların miqyasını gördük. Milli valyutanın bir ildə iki kəskin devalvasiyasından sonra bütün iqtisadi və sosial göstəricilərimizin necə pisləşdiyinin şahidi olduq. İndi bu təhlükə ilə yenidən üz-üzə qalmaq nə qədər doğrudur? İstərdim ki, büdcəyə yaxın olan, onu dərindən bilən hər kəs bunun fərqində olsun. Bəs vəziyyətdən çıxışın hansı mümkün yolları var?
Hesab edirəm ki, dövlətin xərclərini azaltmadan bu problemi çözmək mümkündür. Biz iri investisiya xərclərini birbaşa dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən də həyata keçirə bilərik. Bu xəclər onsuz da Neft Fondundan Dövlət büdcəsinə ayrılacaq transferlər hesabına maliyyələşdiriləcək. Neft Fondunun büdcəsinə daxil olan vəsaitlər də dövlətə məxsusdur. Ancaq biz bu xərcləri Dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən maliyyələşdirdik də vəziyyət tamamilə dəyişir. Daha doğrusu bu variantda biz Neft Fondundan vəsaitləri investisiya layihələrinə o halda yatıra bilərik ki, dünya bazarlarında neftin qiymətlərinin yüksək olması səbəbində bu büdcəyə proqnozlaşdırılan səviyyədə vəsaitlər daxil olsun. Neftin qiymətləri kəskin azaldığı halda isə məsələnin həlli çox sadədir – biz investisiya layihələrinin maliyyələşdirilməsini ya azaldır ya da tamamilə dayandırırıq. Belə olanda büdcə göstəricilərimizin kəskin pisləşməsinə yol verilmir. Ancaq bu xərcləri büdcədə nəzərdə tutub icra etməyəndə, büdcənin əksər göstəriciləri pisləşir. Bu da bütün səviyyələrdə müzakirələrə və qınaqlara gətirib çıxarır”.
Fikrət Yusifov: “Büdcədən maliyyələşən təşkilatlarda əmək haqlarının və təqaüdlərin müəyyən artımın hansı səviyyədə ola bilməsi növbəti ildə büdcə proqnozlarının necə yerinə yetirilməsindən bilavasitə asılı olacaq”.
Gələn il dövlətin sosial siyasətində müəəyən irəlliləyişlərin olacağını vurğulayan keçmiş maliyyə naziri qeyd edib ki, gələn il neftin qiymətlərində əsaslı artım baş verərsə və bu səbəbdən büdcəyə onun gəlir və xərclərini artırmaq məqsədilə yenidən baxmaq zərurəti yaranarsa, o halda hökumət əmək haqqı və təqaüdlərin də daha çox artımını gündəmə gətirə bilər:
“2018-ci il dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin - əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin xüsusi çəkisi 33,5 faiz olmaqla, 7004,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci illə müqayisədə 147,9 milyon manat və ya 2,2 faiz çoxdur. Bu o deməkdir ki, növbəti ildə büdcədən maliyyələşən təşkilatlarda əmək haqlarının və təqaüdlərin müəyyən artımı baş verəcək. Lakin bu artımın hansı səviyyədə ola bilməsi növbəti ildə büdcə proqnozlarının necə yerinə yetirilməsindən bilavasitə asılı olacaq.
Neftin qiymətlərində artıq bir neçə aydır ki, yaranmış sabitlik, 2018-ci ildə də eyni qaydada davam edərsə, onda büdcənin icrasında hər hansı bir ciddi dəyişik baş verməyəcək. Belə olan halda əmək haqlarının və təqaüdlərin də nəzərdə tutulan artımı baş verəcək. Əgər gələn il neftin qiymətlərində əsaslı artım baş verərsə və bu səbəbdən büdcəyə onun gəlir və xərclərini artırmaq məqsədilə yenidən baxmaq zərurəti yaranarsa, o halda hökumət əmək haqqı və təqaüdlərin də daha çox artımını gündəmə gətirə bilər”.
Qeyd: 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri ilə BURADAN tanış ola bilərsiniz.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26