Interposta.Info

Putinin enerji proqnozu: Energetika bazarında sabitləşmə olacaqmı?

İqtisadiyyat
 6-10-2017, 07:43     10 436


“Rusiya tərəfindən Türkmənistan və Afrikanın hasilatçı olan ölkələrinin OPEC+ birliyinə cəlb edilməsi bazar üçün pozitiv siqnallardır”

“ABŞ-dakı ehtiyatların azalması və ya çoxalması ilə bağlı həftəlik açıqlamalar OPEC-in səylərini heçə çevirməyə qadirdir”.

interposta.info xəbər verir ki, bu sözləri neft sənayesi üzrə ekspert İlham Şaban Putinin dünya energetika bazarındakı vəziyyətlə bağlı fikirlərini şərh edərkən Pia.az-a açıqlamasında qeyd edib.


Rusiya Prezidenti Vladimir Putin Rusiya Energetika Həftəsi Forumunun plenar iclasında bildirib ki, yaxın vaxtlarda dünya energetika bazarında vəziyyət tənzimlənəcək. Eyni zamanda o, qeyd edib ki, enerjiyə olan tələbat durmadan artacaq. Buna səbəb isə OPEC ölkələri və birliyə daxil olmayan digər hasilatçı dövlətlərlə son sövdələşmələrin möcvudluğudur. Rusiya dövlətinin başçısı hesab edir ki, bu tələbata həm karbohidrogen xammalı, həm də bərpaolunan enerji növləri aiddir. Karbohidrogenlərə ehtiyac hələ bir neçə onilliklər qalmaqda və hətta artmaqda davam edəcək. Ayrıca bu il keçirilən “CeraWeek” konfransı zamanı Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Rusiya OPEC-ə daxil olmaq məsələsini nəzərdən keçirmir, lakin qarşılıqlı əlaqələri genişləndirməyə hazırdır.

Rusiyanın iqtisadi maraqları ilə yanaşı, son illərdə ABŞ-ın neft bazarına ciddi şəkildə təsir etməyə çalışması da göz önündədir. Belə ki, ABŞ gözlənilənlərin əksinə olaraq bu il neft ehtiyatlarını iyulun 22-dən 28-nə qədərki həftə ərzində 1,78 mln. barrel artdırıb. Analitiklər isə belə hesab edirdilər ki, əmtəə birjalarında "Brent" markalı neftin qiyməti ehtiyatların artması xəbəri ilə ucuzlaşmağa başlayıb və qiymətlərin ilin sonuna qədər 40-55 dollar/barel diapazonunda dəyişəcəyi ehtimal edilir.

Maraqlıdır ki, Putinin dediyi kimi enerjiyə olan tələbat artarsa, bu OPEC ölkələri və birliyə daxil olmayan digər hasilatçı dövlətlər arasında əldə olunan razılaşmaya zidd olaraq yeni rəqabətin başlamasına və hasilatın tələbatı üstələməsinə səbəb ola bilərmi? Həmçinin ABŞ-ın neft bazarına ciddi şəkildə təsir etməsi OPEC ölkələrinin bazara təsir imkanlarını nə dərəcədə məhdudlaşdırır?

Putinin enerji proqnozu: Energetika bazarında sabitləşmə olacaqmı?

İlham Şaban: “İnanmıram ki, dünya energetika bazarında enerjiyə olan tələbatın artması hasilatın tələbatı üstələməsinə səbəb ola bilsin”.

Putinin energetika ilə bağlı proqnozunun müsbət amil olduğunu vurğulayan neft sənayesi üzrə ekspert İlham Şabana görə, Rusiyanın iqtisadi maraqları çərçivəsinə bu gün neftin qiymətinin 55 dollar ətrafında saxlanması da daxildir:

“Əslində inanmıram ki, dünya energetika bazarında enerjiyə olan tələbatın artması hasilatın tələbatı üstələməsinə səbəb ola bilsin. Çünki qeyd edilən açıqlamada nəzərdə tutulan 7 ölkədə, Afrika ölkələrində hasilat böyük deyil. O ölkələr hasilat baxımından heç Türkmənistan səviyyəsində də deyil. Lakin bu açıqlama bazar üçün pozitiv siqnaldır. Biz ötən dövrdə gördük ki, Səudiyyə Ərəbistanı və Rusiyanın bazara təsirləri böyükdür.

Aydın oldu ki, hər iki ölkənin energetika nazirlərinin görüşləri və verilən açıqlamalar bazarda qiymətlərin artmasına, bir dəhlizdən digər dəhlizə keçməsinə hansısa formada imkanlar açır. Rusiya tərəfindən Türkmənistan və Afrikanın hasilatçı olan ölkələrinin OPEC+ birliyinə cəlb edilməsi bazar üçün pozitiv siqnallardır. Fikrimcə,bu addımlar daha çox bazarın canlanmasına hesablanıb. Buna səbəb isə neftin qiymətinin məhz 55 dollar ətrafında saxlanmasına xidmətdir.

Reallığa gəlincə, bu gün neftin qiyməti bazar meyarındakı tələb və təklifə uyğun olaraq 50 dollar ətrafındadır. Rusiya rəsmiləri açıqladılar ki, 2017-ci ilin başlanğıcından başlayaraq OPEC və OPEC+ birliyinin səyləri Rusiyaya əlavə 1 trilyon rubl, yəni30 milyard dollar qazanmağa imkan verib.

İlham Şaban:
“OPEC XXI əsrin ilk illərində dünyadakı enerji qiymətlərinə təsir gücünü itirməyə başlayandan sonra ABŞ liderliyi əlinə keçirib”.

ABŞ-ın neft bazarına təsirinə gəlincə, ABŞ neft bazarında çox böyük gücə malikdir və OPEC bunu ötən ilin sonundan başlayan OPEC+ birliyindən əvvəl də görmüşdü. Eyni zamanda OPEC XXI əsrin ilk illərində dünyadakı enerji qiymətlərinə təsir gücünü itirməyə başlayandan sonra ABŞ liderliyi əlinə keçirib.

ABŞ-ın nəzarətində olan enerji adminstrasiyası və agentliyinin açıqlamaları bazardakı qiymətlərin formalaşmasında xüsusi əhəmiyyətə malikdir. Digər tərəfdən, ABŞ-dakı ehtiyatların azalması və ya çoxalması ilə bağlı həftəlik açıqlamalar OPEC-in səylərini heçə çevirməyə qadirdir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26