Interposta.Info

Tramp adminstrasiyasının ucuz dollar siyasəti Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

İqtisadiyyat
 13-09-2017, 16:00     10 131

Fikrət Yusifov: “Tramp adminstrasiyası 2008-ci il böhranından sonra dövriyyəyə buraxılaraq səhmlərin qiymətlərinin yüksəlməsinə və ABŞ-ın dövlət borcunun artmasına xidmət etmiş 4,5 trilliyon dollar kütləsini tədricən dövriyyədən çıxarıb məhv edəcək”

Məhəmməd Talıblı: “Ölkənin dollar tələbatı qeyri-neft ixracatından əldə olunan daxilolmalar və neftin qiymətinin səviyyəsi ilə müəyyənləşir”.

Ötən il amerikalı maliyyəçilər bildirmişdi ki, yeni seçilmiş prezident Donald Trampın iqtisadi canlandırma proqramı nəticəsiz qalacaq. Bu isə Federal Ehtiyat Sisteminin (FES) siyasətini alt-üst edə bilər. Nəticədə bazarda, o cümlədən, dolların məzənnəsində korreksiyanın vacibliyi zərurəti yaranacaq. Yaxın günlərdə isə Almaniyanın nüfuzlu "Deutsche Bank"ının proqnozlarına görə, ABŞ Federal Ehtiyat Sistemi (FES) bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0%-ə endirə və monetar ekspansiyaya başlaya bilər.

İnkişaf etmiş ölkələrdə dolların uçot dərəcəsinin cüzi rəqəmlərlə ifadə olunan dəyişikliyin belə ciddi rezonanslara səbəb olduğunu və iqtisadiyyatda müəyyən dalğaların formalaşmasına gətirib çıxardığını nəzərə alsaq, bəs görəsən dolların uçot dərəcəsi sıfırlanarsa, bunun Azərbaycana təsir imkanları necə ola bilər? Uçot dərəcəsinin dəyişdirilməsi və neftin qiymətində bu səbəbdən qaynaqlanan dəyişikliklər hazırkı vəziyyətdə manatın məzənnə dinamikasının möhkəmlənməsinə səbəb olacaq faktorlar sayıla bila bilərmi? Eyni zamanda ölkədə dollara olan tələbatın artması qeyri-neft sektorunda hansı fəsadlara yol aça bilər?

Xatırladaq ki, Azərbaycanda uçot dərəcəsinin ən yüksək həddi 15%-ə bərabər olub və bu barədə müvafiq qərarı Mərkəzi Bank 2008-ci ilin iyun ayında qəbul edib. Uçot dərəcəsinin ən aşağı həddi isə 2009-cu ilin may ayında qəbul edilən qərarla 2% olub.

interposta.info xəbər verir ki, FES-in uçot dərəcəsi sıfırlanarsa, bunun manatın məzənnəsinə təsiri ilə bağlı Pia.az-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov və iqtisadçı ekspert Məhəmməd Talıblının fikirlərini öyrənib.
Tramp adminstrasiyasının ucuz dollar siyasəti Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?


Fikrət Yusifov: “Bizim milli valyutamız tam sərbəst valyuta deyil. Obrazlı desək, onun məzənnəsinin cilovu Mərkəzi Bankın əlindədir”.


FES-in uçot dərəcəsi sıfırlanarsa, bunun manatın məzənnəsinə təsiri olmayacağını bildirən Fikrət Yusifovun fikrincə, bu məsələyə görə narahatçılığa əsas yoxdur:

“ABŞ administrasiyasının və bu ölkənin maliyyə sektoruna rəhbərlik edən məmurların bu gün apardığı siyasət yaxın gələcəkdə hər kəsin bu gün asanlıqla əldə edə bildiyi dollar siyasətini dəyişməyə yönəlib. Prezident seçkilərindən bir qədər sonra D. Tramp Çinin ucuz yuani siyasətinə münasibət bildirərək ABŞ-da istehsal olunan malların rəqabət qabiliyyətini artırmaq və bu yolla ölkəsinin ixrac imkanlarını genişləndirmək məqsədilə ucuz dollar siyasəti yürütməyi məqsədəuyğun hesab etsə də, hələlik rəsmi olaraq bu baş vermir. Düzdür, siyasi müstəvidə baş verən hadisələr fonunda dollar son zamanlar dəyər itirməkdədir. Lakin hələ ki, bu məqsədlə ABŞ administrasiyasının və Federal Ehtiyat Sisteminin atdığı hər hansı bir addım ortada olmayıb. Əksinə ucuz dollar siyasətinin ABŞ iqtisadiyyatına kapital axınına nə qədər mənfi təsir edə biləcəyinin fərqində olanlar hazırda dolların ilin sonuna doğru dəyər qazanması istiqamətində qəti addımlar atmaq istəyindədirlər.

Tramp administrasiyası ilə demokrat konqresmenlər arasında keçən həftənin sonlarına yaxın əldə edilmiş razılığa əsasən ABŞ xəzinədarlığı üçün borclanma limitinin vaxtı bu ilin dekabr ayının 8-nə qədər təxirə salınıb. Bu addım xəzinədarlığa yeni borclanma imkanları yaradır. Əks halda sentyabr ayının sonlarından hökumətin xərclərinin maliyyələşdirilməsi dayana bilərdi. Bəs yeni borclanma limiti müəyyən edilənə qədər dolların ətrafında nələrin baş verəcəyi gözlənilir?

2008-ci il böhranının yaratdığı vəziyyətin tənzimlənməsi məqsədilə ötən 9 il ərzində dövriyyəyə əlavə 4,5 trilliyon dollar kütləsi buraxılmışdı. Bu addım bazarda müəyyən sabitliyin əldə olunması istiqamətində doğru hesab olunsa da, onun ABŞ milli valyutasını kifayət qədər ucuzlaşdırması bir o qədər arzuolunan deyildi. Bu səbəbdən də indi dolların dəyəri ətrafında aparılan siyasət yeni bir müstəviyə keçirilir. Növbəti addım 2008-ci ildən sonra dövriyyəyə buraxılaraq səhmlərin qiymətlərinin yüksəlməsinə və ABŞ-ın dövlət borcunun artmasına xidmət etmiş dollar kütləsini tədricən dövriyyədən çıxarıb məhv etməkdən ibarət olacaq. Başlanğıc üçün hər ay 10 milyard dolların, sonrakı aylarda isə 50 milyard dolların dövriyyədən çıxarılaraq məhv edilməsi gözlənilir.

Cari ilin dekabr ayının 8-dən, yəni, yeni borclanma limiti müəyyən edildikdən sonra xəzinədarlıq bazara 501 milyard dollar həcmində yeni xəzinə öhdəlikləri təklif edərək yeni borclanmaya gedəcək. Dollar kütləsinin dövriyyədən çıxarılaraq məhv edilməsindən sonra yeni xəzinə öhdəliklərinin bazara çıxarılması ABŞ valyutasına olan tələbatın artmasına və bununla da onun yenidən dəyər qazanmasına gətirib çıxacaq. Bu öz növbəsində Amerika iqtisadiyyatına yeni kapital axınına yol açacaq. Dolların bu yolla kəskin dəyər qazanması dünyanın valyuta bazarlarında və fond birjalarında ciddi hadisələrin baş verməsinə səbəb olacaq. Əksər bazarların çökməsi və ciddi itkilərin yaranması baş verəcək.

Dünyanın maliyə bazarlarında və fond birjalarında baş verəcək hadisələrin milli valyutamızın dəyərinin artmasına və ya azalmasına dair təsirinə gəlincə, dünyanın valyuta bazarlarında və fond birjalarında baş verən hadisələrin milli valyutamıza təsiri yox dərəcəsində olacaq. Çünki bizim milli valyutamız tam sərbəst valyuta deyil. Obrazlı desək, onun məzənnəsinin cilovu Mərkəzi Bankın əlindədir. Bu səbəbdən rahatsız olmaq üçün əsas yoxdur”.
Tramp adminstrasiyasının ucuz dollar siyasəti Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?


Məhəmməd Talıblı: “Qeyri-neft ixracatından daxilolmalar simvolik gəlir payıdır”.


Qlobal bazarlardakı dalğalanmalardan asılı olmaq istəmiriksə, iqtisadiyyatın diversifikasiyasına xüsusi diqqət ayırmalı olduğumuzu bildirən iqtisadçı ekspert Məhəmməd Talıblıya görə, manatının dəyəri birbaşa olaraq FES-in qərarının təsiri altında formalaşmır:

“FES-in göydən düşmə və kimlərsə tərəfindən proqnozlaşdırılan qərarı olmaya da bilər. Mən daha çox dolların uçot dərəcəsinin sıfırlanması qərarının olmayacaq variantını düşünürəm. Olsa belə bunun Azərbaycan manatına təsir edəcəyini düşünmürəm. Çünki Azərbaycan manatının dəyəri birbaşa olaraq FES-in qərarının təsiri altında formalaşmır. Monetar təsir kanalları dolayı yolla mövcuddur. Lakin, bu direktiv təsir formasında deyil. Ölkənin dollar tələbatı məhz qeyri-neft ixracatından əldə olunan daxilolmalar və neftin qiymətinin səviyyəsi ilə müəyyənləşir.

Qeyri-neft ixracatından daxilolmalar 1 milyard civarındadır. Simvolik gəlir payıdır. Neft və neft məhsullarının ixracatdakı payı 95% olduğuna görə, bu neftin dünya bazarındakı konyuktur qiymət səviyyəsindən asılıdır. Ona görə də biz qlobal bazarlardakı dalğalanmalardan asılı olmaq istəmiriksə, o zaman iqtisadiyyatın diversifikasiyasına xüsusi fikir verməliyik. Qeyri-neft ixracatının diapazonunu genişləndirməklə, onu rəngarəng etməliyik və qeyri neft sektorunun ixracatda payını artırmalıyıq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26