Interposta.Info

Kreditlərin maya dəyərini yüksəldən səbəblər nədir?

İqtisadiyyat
 30-05-2017, 20:18     598

Qubad İbadoğlu: “Bu gün bank sektorlarının əvvəlki kimi geniş resurslara çıxış imkanları yoxdur və eyni zamanda da kredit resurslarına təlabat da yüksək deyil”

“Maliyyə Bazarlarına Nəzarət Palatasının, ya da Mərkəzi Bankın problemli kreditlər sahəsindəki fəaliyyətini yetərli hesab etmək düzgün deyil”.

interposta.info xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu Azərbaycanda kreditlərin maya dəyərini yüksəldən səbəbləri Pia.az-a şərh edərkən deyib.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün bildirib ki, “Kreditlərin bahalığı onunla bağlıdır ki, onların maya dəyəri yüksəkdir. Banklar illik 15%-lə əmanət qəbul edir, burada əməliyyat xərcləri, kreditin qaytarılmaması ehtimalı, məzənnə və digər riskləri nəzərə aldıqda kredit faizlərinin yüksək olması təbiidir”. Həmçinin Rüfət Aslanlı onu da qeyd edib ki, hazırda Azərbaycanda biznes kreditləşməsi ilə bağlı problemlər var, iş adamlarına təklif olunan kreditlərə yüksək təminat tələbləri mövcuddur. Bundan başqa, kreditlərin illik faiz dərəcəsi manatda 22-26%, xarici valtutada isə 13-15%-dir ki, bu da real sektorun rentabelliyi ilə müqayisədə yüksəkdir.

Bəs Azərbaycanda kreditlərin maya dəyərini yüksəldən səbəblər nədir? Həmçinin o da bir faktdır ki, əslində Azərbaycan bankları kreditləri illik faiz dərəcəsi 22-26% versə də yekun nəticədə çox daha böyük faiz ortaya çıxır. Bu kimi spekulyasiyaların bankların daha çox qazanmasına yol açsa da, nəticədə problemli kreditlərin sayı artır. Bu kimi problemlərin ortadan qalxması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətini yetərli hesab etmək olar?

Kreditlərin maya dəyərini yüksəldən səbəblər nədir?


Qubad İbadoğlu: “Kreditlərin qaytarılmasına indiki mühit neqativ təsir göstərir”.

İqtisadçı alim qeyd edib ki, manatla əmanətləri cəlb etmək üçün banklar məcbur oldu ki, depozit faizlərini qaldırsınlar. Buna görə də deyilənlərdə həqiqət var və həqiqətən də kreditlərin yüksək olmasının əsas səbəblərindən biri onun maya dəyərinin yuxarı olmasıdır:

“Manatla olan kreditlərdə faiz dərəcəsi çox ola bilər. Çünki manatla depozit faizləri yüksəkdir və bankların digər vəsait cəlb etmək imkanları çox məhdudur. Həmçinin banklar ucuz və uzunmüddətli dövr üçün kredit resurslarına çıxış imkanlarına malik deyillər. Bunun da bir çox səbəbləri var. Bu səbəblərdən birincisi odur ki, ümumi kredit reytinqi ayrı-ayrı banklar üzrə də aşağıdır. Kredit reytinqləri də aşağı olanda əldə etdiyin kreditin faiz dərəcəsi yüksək olur. Çünki kredit reytinqi aşağı olan bankların kreditləri qaytarmaq riski də yüksəkdir. Buna görə də adətən banklara kreditləri yüksək faizlə verirlər. Banklar da öz növbəsində əhaliyə və şirkətlərə verdikləri kreditləri indiki halda iki mənbədən ödəyə bilirlər.

1. Depozitlər
2. Əldə edilmiş borc vəsaitləri ilə.

Depozit faizləri də kifayət qədər qalxıb. Bildiyimiz kimi manatla əmanətləri cəlb etmək üçün banklar məcbur oldu ki, depozit faizlərini qaldırsınlar. Buna görə də deyilənlərdə həqiqət var və həqiqətən də kreditlərin yüksək olmasının əsas səbəblərindən biri onun maya dəyərinin yuxarı olmasıdır.

Qubad İbadoğlu: “Banklar ucuz və uzunmüddətli dövr üçün kredit resurslarına çıxış imkanlarına malik deyillər”.

İndi kreditlərin qaytarılmasının riski artıb. Kreditlərin qaytarılmasına indiki mühit neqativ təsir göstərir. Bunun üçün də problemi olanlar müxtəlif strukturlara və məhkəmə insansiyalarına müraciət etməlidirlər. Həmçinin kredit geri alınması ilə bağlı regionlara ezamiyyətlər təşkil olunmalıdır. Yəni bunların hamısı kreditlərin həcmində özünü ehtiva edir və kreditlərin maya dəyərini bahalaşdırır. Bütün bunlara görə də deyilənlərdə həqiqət var və indiki halda böyük manupulyasiyalardan və bank sektorundakı mənimsəmələrdən danışmayaq. Çünki həqiqətən bu gün bank sektorlarının əvvəlki kimi geniş resurslara çıxış imkanları yoxdur və eyni zamanda da kredit resurslarına təlabat da yüksək deyil. Həm də kredit resurslarına təlabat yüksək olmadığına görə banklar hansısa manupulyasiyaya gedə bilmirlər. Təbii ki, müəyyən səviyyədə var, amma əvvəlki qədər çox deyil.

Hər halda Maliyyə Bazarlarına Nəzarət Palatası çalışır, müəyyən təşəbbüslər göstərirlər. Amma indiki halda problemli kreditlər məsələsi yenə də çözülməmiş qalır. Buna görə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, ya da Mərkəzi Bankın bu sahədəki fəaliyyətini yetərli hesab etmək düzgün deyil. Yəni yetərli hesab etmək üçün əsaslar yoxdur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26