Interposta.Info

Adı vergi qalmaqalında hallanan məşhur futbolçular...

İdman
 24-06-2017, 07:32     560

Natiq Cəfərli: “Vergi qalmaqallarının tarixçəsi 80-cı illərə gedib çıxır”

Natiq Muxtarlı: “Futbolçunun aldığı məvacibin az qala 50 faizi vergi üçün tutulur”

Aydın Bağırov: “Bizdə imkanlı klubların futbolçularının rəsmi maaşı çox az göstərilir”

Dünyaca məşhur olan futbolçular zaman-zaman vergi qalmaqalları ilə də gündəmə gəlirlər. Bu hal təkcə futbolçulara deyil, tanınmış baş məşqçilərə də aiddir. Yüksək gəlirlərə sahib olan bu insanların nə üçün gəlirləri qarşısında cüzi görünən vergidən yayındıqları suallar doğurur.
Məhz bu qalmaqallara görə karyerasına ciddi zərbə dəyən, bəzi hallarda klubunu itirən, karyerası ilə vidalaşan, həbs cəzaları alan, yüksək məbləğdə cərimələnən çoxsaylı futbolçular görürük. Hətta iş o yerə çatıb ki, bəzi ulduz futbolçular bir dəfə deyil, bir neçə dəfə belə qalmaqalların iştirakçısına çevrilirlər. Son olaraq, Portuqaliya millisinin və “Real Madrid” klubunun vazkeçilməz ulduzu Kriştiano Ronaldo bu halla üzləşib. Futbol ulduzu İspaniyada 14.7 milyon avrodan yayınmaqda günahlandırlır. Hətta məhz bu səbəbdən Ronaldonun klubunu tərk etmək qərarına gəldiyi barədə şok xəbərlər yayılıb. Bundan günlər öncə dünyanın ulduz baş məşqçilərindən sayılan Jose Mourinyo bu ittihamla üz-üzə qalıb. O 2011-12-ci illərdə “Real Madrid”in baş məşqçisi olarkən 3.3 milyon avro vergidən yayınmaqda günahlandırılır.
Xatırladaq ki, İspaniyada “Barselona” klubunun ulduzu Lionel Messi də oxşar ittihamla 21 aylıq həbs cəzası alıb.

Maraqlıdır ki, belə qalmaqallar ən çox İspaniya, İtaliya, Fransa, Almaniya kimi futbolu güclü olan ölkələrdə yaşanır. Məsələn, Azərbaycanda indiyə qədər belə qalmaqalın şahidi olmamışıq. Futbol mütəxəssisləri, iqtisadçıları bunu həmin ölkələrdə vergilərin hədsiz dərəcə yüksək olması ilə izah edirlər.

İqtisadçı ekspert Natiq Cəfərli belə qalmaqalların səbəbini vergilərin yüksək olmasında görür: “Qonorar alan istər futbolçu, istər aktyor, istərsə də başqa sahələrin adamları olsun, Avropada bununla bağlı vergilər yüksəkdir. Fransada aktyor və başqa sahələrin nümayəndələrinin ölkənin tərk etmələrinə də səbəb bu olur. İtaliyada 50%, Fransada 55%, İspaniyada 45%-ə yaxın ümumi vergilərin həcmi var. Bu da vergidən yayınmaq üçün insanlara stimul yaradır. Vergi qalmaqallarının tarixçəsi 80-cı illərə gedib çıxır. O zaman Almaniyada yaşayan məşhur tenisçilərlə bağlı qalmaqal yaşanmış, 1 milyon dollara yaxın vergidən yayındıqları üzə çıxmışdı. Bundan sonra idmançılara xüsusi diqqət oldu. Avropada vergi faizlərinin bu dərəcədə yüksək olması gələcəkdə də bu cür qalmaqalların olacağını deməyə əsas verir. İnsan azından qazandığının yarısını vergi şəklində verməyə maraqlı deyil. Azərbaycanda inanmıram ki, normal şəkildə müqavilələr imzalanır, vergilər ödənilir. Vergilər Nazirliyinin rəsmi açıqlaması var və orada qeyd olunur ki, onlar fiziki şəxslər kimi qeydiyyatdan keçməli, vergi ödəməlidirlər. Amma sənət adamlarının, idmançıların normal şəkildə vergi ödədikləri barədə məlumat tapa bilmərik. Rəsmi müqavilələrlə real ödənişlər arasında ciddi fərqlərin olduğunu düşünürəm. Əslində idmançılar davranışları və vergi ödənişləri ilə bağlı örnək olmalıdırlar. Gənclər də onlardan ibrət dərsi almalıdırlar. Təəssüflər olsun ki, Azərbaycanda bunlar baş vermir. Bu da vergi ödəmə mədəniyyətinin çox aşağı səviyyədə olmasının bariz nümunələrindən biridir. Bir faktı deyim ki, Azərbaycanda çoxsaylı imkanlı şəxslər olsa da, bir nəfər də milyonçu yoxdur. Amma qonşu ölkələrdə milyarder və milyonçular rəsmi şəkildə çoxdurlar. Biz də bu çox ciddi problemdir”.

Komanda.az saytının redaktoru Natiq Muxtarlı Avropada futbolçuların vergidən yayınmalarının iki səbəbinin olduğunu düşünür: “Birincisi, Avropada vergilər həddindən artıq yüksəkdir. Futbolçunun aldığı məvacibin az qala 50 faizi vergi üçün tutulur. Bu amil də onların müəyyən saxtakarlıqlara əl atmasına rəvac yaradır. İkinci amil isə xarakterdir. Görünür, nə qədər məşhur futbolçu olmağına, külli miqdarda qazanc əldə etməyinə baxmayaraq, tamah bütün insanlarda güclü hissdir. İstər argentinalı olsun, istərsə də, portuqal, alman və ya azərbaycanlı. Ona görə də Messi, Ronaldo, Mourinyo və ya “Bavariya”nın prezidenti Höness vergidən yayınmağa cəhd göstəriblər. Azərbaycanlı futbolçularla bağlı məsələ isə bir qədər fərqlidir. Bizim futbolçuların sadə azərbaycanlıdan min dəfə artıq qazanc əldə etməsinə baxmayaraq, onlar heç vaxt vergidən yayınmayıblar. Niyə? Çünki onların sənədlərdəki qazancları elə sadə azərbaycanlının qazancına bərabər olub ki, onun da vergisini vaxtlı-vaxtında ödəyiblər. Yəni bizdə futbolçularla ikili müqavilələr bağlanıb. Vergi orqanlarına təqdim edilən sənədlərdə onların məvacibləri olduqca az göstərilib. Bunu da futbolçular yox, klub rəhbərləri ediblər. AFFA rəhbərliyinin də bundan xəbəri olub. Elə legionerlərlə də belə olub. Azərbaycanı tərk edən bir çox legionerlər sonradan mətbuata verdikləri açıqlamalarda onlarla ikili müqavilələrin bağlandıqlarını bildiriblər. Təsəvvür edirsiniz, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev mətbuata verdiyi açıqlamada aşkar şəkildə deyir ki, futbolçuların real məvacibləri göstərilsə, sponsorlar müflis olarlar. Azərbaycan futboluna rəhbərlik edən bir şəxs saxtakarlığa, dövlətin aldadılmasına haqq qazandırıb. Amma buna görə ona “gözün üstə qaşın var” deyən olmayıb. Bir sözlə, Azərbaycan futbolunda dövləti futbol funksionerləri aldadıblar. Özü də bu futbol funksionerlərinin əksəriyyəti elə dövlətdə də təmsil olunurlar”.

Qol.az saytının baş redaktoru Aydın Bağırov bunları dedi: "Avropada hər bir insanın, o cümlədən də futbolçuların vergi məsələsinə ciddi yanaşılır. Bu mənada, ulduz insanların vergidən yayınması ilə bağlı hər hansı problem yarananda belə səs-küy qopur. Qeyd eləmək yerinə düşər ki, Avropada yüksək gəlir əldə edən insanlar üçün vergi çox yüksəkdir. Məsələn, bu səbəbə görə bəzi bahalı futbolçular Fransada oynamaq istəmirlər. Bəzən ulduz oyunçular offşor şirkətlərin vasitəsi ilə vergidən yayınmağı bacarırlar. Elə Ronaldo, bundan əvvəl Messi, həmçinin bu gün Fransa PSJ-sinə məxsus olan Anxel di Mariyanın “Real”da oynadığı vaxtlarda vergidən yayındıqları iddia edilir. Onlar niyə vergidən yayınır? Cavab sadədir: yüksək gəlir əldə etdiklərindən çox da vergi vermək istəmirlər. Amma bu məsələdə digər bir nüansı da nəzərə almalıyıq. Məsələn, Ronaldo 14.7 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunur. Əlbəttə, onun o qədər vergini verməyə imkanı var və son məlumatlara görə, ödəməyə də hazırlaşır. Sadəcə, bəzən bu məsələlərdən ulduz futbolçular özlərinin piarı üçün uğurla istifadə edirlər. Ronaldo da bunu bacarıb. Təsadüfi deyil ki, bu gün İspaniya mediası adı yenidən “Mançester Yunayted”lə hallanan portuqaliyalı futbolçunun öz qiymətini qaldırmaq üçün bu vasitəyə əl atdığını iddia edir. Bizimkilərdən kiminsə belə halla üzləşdiyini eşitməmişəm. Bir də unutmayaq ki, bizdə imkanlı klubların futbolçularının rəsmi maaşı çox az göstərilir, ona görə də onların cüzi məbləğdə vergi ödəməsində hər hansı problem görmürəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26