Interposta.Info

Kəndlinin “itmiş inamını” necə qaytarmaq olar?

Gündəm / Ölkə
 9-05-2018, 13:41     10 550

İnam Kərimovun böyük məsuliyyəti

Azərbaycanın aqrar sektorunu uçuruma aparan müdhiş korrupsiya sistemi

Heydər Əsədovun “aqrar faciələri”

Dünyada baş verən qlobal problemlər fonunda iqtisadiyyatının əsasını neft təşkil edən ölkələrdə yeni mərhələ başlanılıb. Azərbaycanda postneft dövründə ənənəvi təsərrüfat sahələrinin, xüsusilə kənd təsərrüfatının inkişafı üçün xüsusi proqramlar qəbul edilməsinə baxmayaraq bu sahədə demək olar ki, acınacaqlı vəziyyət hökm sürməkdədir. Təsadüfi deyil ki, 11 aprel seçkilərindən sonra formalaşdırılan yeni kabinetdən kənarda qalanlar içərisində Kənd Təsərrüfatı naziri Heydər Əsədovun olması məhz vəziyyətin ürəkaçan olmadığının göstəricisidir.

Rubrika.az saytı bildirir ki, fəaliyyəti dövründə daima sərt tənqidlərə tuş gələn H. Əsədovun rəhbərliyi kənd təsərrüfatında böhranlı vəziyyət yaradıb. Korrupsiyanın, rüşvətin pik həddə çatdığı aqrar sektoru çökdürən H. Əsədov Azərbaycanın bu tarixi təsərrüfat sahəsinin inkişafını bəlkə də onilliklərlə geriyə atıb.

Heydər Əsədovun nazirliyin ixtisaslı kadrların çıxarıb, yerinə institutu yenicə bitirmiş maliyyəçiləri, ixtisası kənd təsərrüfatına uyğun olmayan adamları, yaxın qohumlarını təyin etməsi nəticəsində aqrar sektorda dəhşətli durum yaranıb. Kənd təsərrüfatı üzrə təhsil alan ixtisaslı mütəxəssislərin işsiz qalmasına rəğmən nazirlikdə və onun qurumlarında qeyri-ixtisas sahibləri at oynadırlar. Ümumiyyətlə, tərəvəzçilik, bitkiçilik, üzümçülük, şərabçılıq, eləcə də elmi-tədqiqat sahələrinin digər sahələri üzrə mütəxəssis yetişdirmək lazımdır. Bu sahələr sıradan çıxıb. H. Əsədovun qeyri-peşəkar fəaliyyəti nəticəsində bu sahə üzrə təhsil alanlar da özlərinə başqa sahələrdə iş axtarırlar. Vaxtilə üzümçülük və şərabçılıq dövlət büdcəsinin 45 faizini təşkil etdiyi halda bu sahələr demək olar ki, məhv edilib. Pambıqçılığn inkşafına dövlət tərəfindən ciddi maliyyə dəstəyi ayrılmasına, xüsusi proqramlar qəbul edilməsinə, müşavirələrin keçirilməsinə baxmayaraq ciddi irəliləyiş baş verməyib.

Heyvandarlığı məhvə aparan müdhiş korrupsiya

H. Əsədovun səhv siyasəti nəticəsində rayonlarda son illərdədə əkin sahələrinin heyvandarlığın sıxışdırılması hesabına artırılması yolu tutuldu, xüsusilə maldarların istifadəsində olan otlaq, qışlaq, biçənək əraziləri, yonca sahələri məcburən müxtəlif bitkilərin əkini üçün ayrıldı. Heyvandarlıqla məşğul olan fermerlərin bununla bağlı etirazları başlansa da, aqrar sektorun inkişafına cavabdeh olan Kənd Təsərrüfatı Nazirliyi bu etirazları qulaqardına vuraraq vəziyyəti daha da ağırlaşdrdı.

Heyvandarlığın sıxışdırılımasının mənfi nəticələri özünü çox gözlətməyib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin 8 ayında ət idxalı 2016-cı ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 66,96 faiz, süd idxalı 54,2 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlar isə 5,82 faiz artıb. Dəyər ifadəsində ət idxalında artım 2 dəfədən çox olub. Süd

idxalında isə belə artım 65,4 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlarda 38,69 faiz təşkil edib. Bu 3 məhsulun idxalına 2016-cı ilin 8 ayında 36 milyon dollar sərf olunubsa, 2017-ci ilin eyni dövründə xaricə gedən vəsait 97,8 milyon dollara çatıb.

Nəzərə alsaq ki, KTN-nin məlumatlarına görə son illərdə ölkəyə dövlət hesabına minlərlə baş cins mal-qara idxal olunaraq, fermerlərə güzəştli qiymətlərlə satılıb. Lakin həmin mal-qaranın sonrakı taleyi - onları alanların ət-süd istehsalında hansı müsbət nəticələr əldə etdikləri, bundan dövlətin, əhalinin qazancının nə olduğuna dair qiymətləndirmə aparılıb məlumat verilmir. Digər tərəfdən, daxili tələbatı tam təmin edəcək sayda cins mal-qara olmadan baş sayını azaltmaq ölkəni heyvandarlıq məhsullarının idxalından asılı vəziyyətə salmaq təhlükəsi yaradır.

Azərbaycan hökuməti son bir neçə ildə təkcə Almaniya və Avstriyadan 5 min baş cins inək almağa 23 milyon dollar xərcləyib. Məqsəd yerli iribuynuzlu mal-qaranın artım keyfiyyətini və süd istehsalını artırmaq idi. Lakin... Əgər cins inəklər Avropada gündə 30-40 litr süd verirsə, Azərbaycanda bu rəqəm çox aşağıdır - gündə cəmi 9 litr. Yada salaq ki, xaricdən cins mal-qaranın alınıb gətirilməsi ilə dövlətə məxsus “Aqrolizinq” Səhmdar Cəmiyyəti (SC) məşğul olur. Fermerlərə bu heyvanları almaq üçün pulu isə İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Yardım Milli Fondu (SYMF) verir. Cins mal-qaranın satışı ilə isə “Aqroservis” şirkəti məşğul olur. Hökumət xarici cins mal-qara almağa başlayarkən ümid edirdi ki, daha məhsuldar Avropa inəklərinin idxalı süd istehsalını artıraraq onu 2015-ci ildə 2,5 milyon tona çatdırmağa imkan verəcək (2011-ci ildə 1,6 milyon ton süd istehsal olunub).

“Aqrolizinq” ASC fermerlərə necə divan tutub?

Azərbaycanda əkin sahəsinə görə subsidiyalaşma kənd təsərrüfatı istehsalında ciddi kəmiyyət və keyfiyyət dəyişikliyinə gətirməyib. Məsələn, 10 ildən yuxarıdır Azərbaycanda taxıl əkinlərinin sahəsinə görə istehsalçılara subsidiya ödənir. Nəticə isə belədir ki, taxıl əkinlərinin sahəsi az qala 1 milyon hektara çatsa da, ölkə ərzaq buğdasının əksər hissəsini xaricdən idxal edir. Hər il Rusiya və Qazaxıstandan 250-300 milyon dollarlıq buğda alınır. Üstəlik, daxildə istehsal olunan buğda çox ciddi keyfiyyət problemi yaşayır.

Rubrika.az saytı məlumat verir ki, nazirliyin ən çox korrupsiyalaşmış qurumlarından biri olan “Aqrolizinq” ASC-nin fəaliyyətində daha çox qeyri-şəffaflıq müşahidə olunub. ASC-nin sədri Elşən Məmmədov rəhbərlik etdiyi müddət ərzində qurumu əsl korrupsiya yuvasına çevirməyi bacarıb. Təsadüfi deyil ki, yeni nazir təyinatından dərhal sonra onu tutduğu vəzifədən azad etdilər.

Xatırladaq ki, H.Əsədov nazir təyin olunandan dərhal sonra ASC-nin əvvəlki rəhbərliyini qeyri-şəffaf işləməkdə, dövlət vəsaitlərindən səmərəsiz istifadədə günahlandırıb vəzifədən uzaqlaşdırmağa nail oldu. Bundan sonra gözlənilirdi ki, kənd təsərrüfatına dövlət dəstəyinin ən əsas icraçısı olan bu qurumu, işində dönüş yaranacaq, ən azı dövlətin ayırdığı pullar təyinatına uyğun xərclənəcək. Lakin təkcə Hesablama Palatasının ASC-də apardığı yoxlamalar H. Əsədovun və Elşən Məmmədovun “aqrar nağılları”nı alt üst etdi. Palatanın açıqladığı məlumatdan aydın oldu ki, 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində artıq xərclərə yol verilib. Müəyyən edilib ki, kənd təsərrüfatı texnikaları üçün 2014-2016-cı illərdə alınmış ehtiyat hissələrinin rayon bölmələrinə və kənar şəxslərə verildiyi rəsmiləşdirilsə də, onların dəyəri ASC-nin istifadəsində olan texnikaların qalıq dəyərinə əlavə edilməyib. Auditlə əhatə olunan dövrdə alınmış mineral gübrənin anbardan vahid qiymətə satışı ASC tərəfindən qiymətlərin tənzimlənilməsi üçün imzalanmış əmrlər əsasında təmin edilib ki, bu da qiymət fərqi hesabına gəlirlərinin təkrar dövriyyə və büdcə vəsaiti hesabına artmasına səbəb olub və sair.

Rubrika.az saytı məlumat verir ki, “Aqrolizinq” ASC təkcə cins mal-qara yox, həm də kənd təsərrüfatı texnikasının idxalı ilə məşğuldur. Lakin araşdırma zamanı onu öyrənmək mümkün olub ki, fermerlər “Aqrolizinq” ASC-nin satdığı bu texnikanı almaq imkanına malik deyillər, onları nədənsə həmişə oliqarxlara məxsus fermer təsərrüfatlarında çalışan şəxslər alırlar. Çünki, bu texnika fermerlərə elə qiymətə təklif edilir ki, onu almaq sadə insanlar üçün sadəcə xəyal ola bilər.

Azər Süleymanovun “dərmansız dərdə” saldığı Baytarlıq Xidməti

Heydər Əsədovun komandasında təmsil olunan və “aqrar faciələrin” müəlliflərindən biri olan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanovun fəaliyyəti də xüsusilə təftiş olunmalıdır.

Ölkənin KİV-də, o cümlədən sosial mediyada, telexəbərlərdə mal-qaranın xəstəliklərdən kütləvi qırılması, habelə sosial şəbəkələrdə ölkəyə yararsız vaksininin gətirilməsi nəticəsində mal-qaranın dabaq xəstəliyinə tutulması, baytar həkimlərini respublikada nə qədər ət dükanı varsa hamısından hər ay qanunsuz pul yığdırmağa məcbur edilməsi barədə demək olar ki, hər gün xəbərlər yayımlanmaqdadır.

Eyni zamanda, ölkəmizə yararlıq vaxtı keçməsinə az qalan dərman preparatları alınıb gətirililməsi faktları da mövcuddur.

Baytarlıq idarələrinin rəisləri öz rəhbərlərinin qeyri-rəsmi göstərişi ilə büdcə vəsaiti hesabına alınmış keyfiyyətsiz vaksinləri silmək üçün baytarlıq tədbirlərinin aparılmasına dair formal aktlar tərtib etmək zorunda qalırlar. Məsələn, malqaranın vərəmə, brusellyoza, xlamidioza, helmintozlara, cütləşmə və s. xəstəliklərə qarşı diaqnostika məqsədlə müayinələr aparılmadan sənədlər yazılır. Tədbir aparılması barədə tərtib edilmiş siyahıda heyvan sahiblərinin adları qarşısında onlara aid olmayan imzalar atılır. Əhalinin şəxsi təsərrüfatlarında olan malqaranın baş sayı şişirdilir. Əgər həmin siyahılar araşdırılsa, siyahıda qeyd edilən malqaranın baş sayı mövcud heyvanların baş sayı ilə uyğun gəlməyəcək. (Siyahıda vaksinin silinməsi üçün kəndlinin heyvanın baş sayı artıq göstərilir) .

Azər Süleymanovun tender “oyunları” nəticəsində ölkəyə gətirilən peyvənd vasitələri malqaranı yoluxucu xəstəliklərdən qorumur. Keyfiyyətsiz peyvənd vastələrinin tətbiqi nəticəsində törənən fəsadlar da gözqabağındadır.

Fitosanitar Nəzarəti Xidməti hara nəzarət edir?


Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında quru adı olub hansı işlər görməsi, nəyə yaraması heç kimə bəlli olmayan Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) fəaliyyəti də bütünlüklə korrupsiyalaşmışdır. Dövlət Fitosanitar Nəzarəti Xidmətinə Camal Quliyev rəhbərlik edir. Daxil olan məlumatlara görə, bu şəxsin həyata keçirdiyi qeyri-qanuni işlər nəticəsində sözügedən qurumun fəaliyyəti tamamilə iflic olub.

Rubrika.az saytına verilən məlumata görə Azərbaycanda satışa çıxarılan kənd təsərrüfatı məhsullarının tərkibindəki pestisid, nitrat və sair kimi insan orqanizminə zərərli maddələrin xüsusi çəkisinin artıq olmasına dair narahatlıq hər zaman olub, bu gün daha çoxdur. Bu xidmətin fəaliyyəti yarıtmaz olduğu üçün insanların yetərli hissəsinin sağlamlığı ciddi təhlükə qarşısındadır. Xidmətin rəhbərliyi ancaq qazanc haqda fikirləşdiyinə görə ərzaq təhlükəzliyi arxa plana keçib.

Bildirilir ki, qurumun əməkdaşları rəhbərliyin bilavasitə tapşırığı ilə rayonlarda «reydlər» keçirir, fermerləri cərimə ilə qorxudaraq əslində onlara növbəti qanunsuzluq üçün imkan yaratmış olurlar. Fermerlər istehsal etdikləri məhsulun keyfiyyətinə yox, daha çox kəmiyyətinə üstünlük verdiklərindən meyvə-tərəvəzin tərkibindəki nitritlərin yol verilən həddən daha artıq olması demək olar ki, artıq qaydaya çevrilib və bunun qarşısını almalı olan qurumun rəhbərliyi ancaq öz mənafeyini düşündüyündən vəziyyətin düzəldilməsi istiqamətində heç bir fəaliyyət göstərmir. Əvəzində fermerlər akt və cərimə ilə qorxudularaq külli miqdarda nəysə verməyə vadar edilir.

Sahibkarın bildirdiyinə görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və qurumun digər məsul şəxsləri sahibkarlardan idxal icazəsi üçün idxal karantin sertifikatının verilməsinə görə qanunsuz pul tələb edirlər. İstədikləri məbləğdə pulu vermədikdə isə müxtəlif bəhanələrlə sertifikatın verilməsinin mümkün olmayacağını və növbəti gün müraciət etməyi bildirirlər. Növbəti gün də rüsumun ödənilməsi haqda qəbzi təqdim etməsinə baxmayaraq yenə də əsassız bəhanələr gətirərək sertifikatı verə bilməyəcəklərini deyirlər. Beləliklə sahibkarlar məcburən onların diqtə etduikləri məbləği ödəməyə məcbur olurlar.

İbrahim Cəfərovun fəaliyyəti nəticəsində aqrar sektorda kadr qıtlığı hökm sürür, amma bazarlarda “limandra” tapmaq mümkündür

Yuxarıda qeyd etdiyimiz kimi kənd təsərrüfatı sahəsində ən problemli sahələrdən biri də kadr qıtlığının yaşanmasıdır. H. Əsədovun nazirliyə gətirdiyi qeyri-peşəkarların aqrar sektoru hansı vəziyyətə gətirdikləri məlumdur. Əslində isə kənd təsərrüfatı mütəxəssisləri hazırlamaq üçün nazirliyin tabeliyində “dağ boyda” Dövlət Aqrar Unversteti fəaliyyət göstərir. Lakin, İbrahim Cəfərovun “Təcrübə laborotoriyasına” çevirdiyi universitetdə kadr hazırlığından çox başqa “rüzgarlar əsməkdədir”.

Artıq bir neçə ildir ki, kənd təsərrüfatı və iqtisadi sahələr, bir sözlə, qeyri-neft sektoru, əsasən də aqrar sahə üçün ixtisaslı kadrlar yetirmək üzrə ixtisaslaşmış universitetdə bu gün kadr yetişdirmək əvəzinə başqa oyunlar baş verir. Bu təhsil ocağının ziyalı kadrlarına qarşı ardı-arası kəsilməyən hücumlar olduğu bildirilir. Belə ki, Zaqafqaziyanın kənd təsərrüfatı sahəsində ən böyük elm-təhsil ocağı olan ADAU-da rəhbərlik bu gün heç də aqrar sahədə bacarıqlı kadrlar yetişdirmək məsələsinin qayğısına qalmır. Rektoru kadrların elmi-praktik nailiyyətləri, qeyri-neft sektoru sayılan kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı maraqlandırmır. Onun kadr siyasəti yalnız bir “prinsip”ə əsaslanır: ADAU rektoru qohumbazlıq, dostbazlıq əsasında kadr siyasəti aparır.

Həmçinin məlumatlarda bildiriir ki, universitet rəhbərliyi testdənkənar qəbul aparmanın yolunu tapıb. Belə ki, TQDK-nın test imtahanlarından keçə bilməyən bir çox tələbələr unversitetin vakant yerlərinə daxili imtahan adı altında qəbul olunurlar. Mənbə iddia edir ki, universitetin daxili imtahanı formal xarakter daşıyır və sadəcə, tələbə qəbulunu qanuniləşdirmək məqsədi ilə yaradılıb. Bu təhsil müəssisəsinə qəbul olmaq üçün isə böyük xərcin tələb olunduğu qeyd edilir.

Həmçinin dövlət tərəfindən universitetə ayrılan milyonların rektorun şəxsi müəssisələrində “təcrübələrə sərf” olunduğu, necə deyərlər “limandra” yetişdirməyə xərcləndiyi də bildirilir. Elə bu səbəbdəndir ki, aqrar sektorda kadr qıtlığı hökm sürür, amma bazarlarda “limandra” tapmaq mümkündür.

Göründüyü kimi prezident tərəfindən Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunan İnam Kərimova sələfindən sadalamaqla qurtarmayan problemlər qalıb. Ölkənin əsas strateji sahəsini korrupsiya bataqlığına çevirən, kəndlini problemlərlə üz-üzə qoyan, “aqrar faciələrimizin” memarlarından olan məmurların əksəriyyəti hələ də iş başındadır. “Asan” xidmət sistemində şəffaflığın, təmiz fəaliyyətin ideal modelini yaradan İ. Kərimovun aqrar sahədəki bu acınacaqlı duruma da son qoyacağına inanırıq. Həm də inanırıq ki, İnam müəllim kəndlinin itmiş inamını da özünə qaytaracaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26