Interposta.Info

Əfqanıstan xarabalıqları altında Trampın tapdığı xoşbəxtlik –

Dünya
 25-08-2017, 16:02     10 409

ABŞ-ın bu ölkəni tərk etməməsinin daha bir səbəbi

Seçkiqabağı təbliğat dövründə ABŞ qoşunlarını Əfqanıstandan çıxaracağını vəd edən və Obamanın bu siyasətini tənqid edən prezident Donald Tramp indi fikrini dəyişib. Əfqanıstandakı hərbi qüvvələrin sayını və səlahiyyətini artırmağa qərar verib. Bəzi analitiklər hesab edir ki, Trampın bau qərarı verməsinin səbəbi Əfqanıstanda milyardlarla dollar gəlir gətirə biləcək faydalı qazıntıların olmasıdır. Məhz bu səbəb ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarmamasının əsasını təşkil edir.
ABŞ mətbuatı Tramp administrasiyasının Əfqanıstana marağının yüksəlməsində terrorçuluğa qarşı mücadilədən başqa niyyətlərinin olduğunu yazıb.

“Bu ilin iyul ayında prezident Donald Tramp ABŞ-ın iri kimyəvi şirkətlərinin birinin rəhbəri ilə görüşüb. Bu görüş onun Əfqanıstanla bağlı mövqeyini kökündən dəyişib”. (Tramp əvvəllər ABŞ-ın Əfqanıstanda hərbi kontingent saxlamasına qarşı çıxış edirdi-red.). Trampa həmin görüşdə Əfqanıstanın təbii sərvətlərinin olduqca fayda və gəlirli olacağı söylənilib”, - ABŞ-ın “Foreign Policy” jurnalı yazır. Jurnalın yazdığına görə, həmin şəxs “American Element” şirkətinin rəhbəri Maykl Silver olub. Bu firma metal və kimyəvi maddələrin yüksək texnologiyalarla istehsalı üzrə ixtisaslaşıb. Trampa Əfqanıstan torpaqlarının altında dəyəri 1 trilyon dollara qədər ölçülən faydalı qazıntıların olduğu xəbər verilib. Bunlar mis, dəmir, nadir əlvan metallardan ibarətdir.

Amerikanın bu ölkədə gerçəkdən nə axtardığı haqda suallar artıq neçə on illərdir ki, dünya mediasında səslənir. ABŞ-ın Yaxın Şərqin kasıb ölkələrinə hərbi çevrilişlər edib, sonra həmin ölkələrin təbii və təbii sərvətlərinə əl qoyması faktı yetərincədir. Əfqanıstan, İraq və digər ölkələr yeraltı və yerüstü sərvətlərlə olduqca zəngin ölkələrdi. Bu cür ölkələrdə daim xaosun, qarşıdurmanın olması qüdrətli dövlətlərin işinə yarayır. Stabil, demokratik, sivil ölkənin sərvətlərini yağmalamaq şübhəsiz asan deyil. O baxımdan ABŞ mediasının yazdıqlarına haqq verməmək mümkün deyil.

Azərbaycan da təbii sərvətlərlə zəngin ölkədi. Bakının neft, qaz və digər təbii sərvətləri 100 ildən artıqdır ki, xarici hegemon dövlətlərin diqqətindədir. Azərbaycanın başına gətirilən müsibətlərin əsas səbəblərindən biri də ölkəmizin zəngin təbii sərvətlərinin olmasıdır. Sadəcə olaraq həm Azərbaycan xalqı, həm də onun iqtidarı zamanında ölkəmizin Əfqanıstana, İraqa çevrilməməsi üçün ciddi addımlar atdı.

Ölkəmiz uzun illərdir ki, Rusiya ilə Qərbin, daha dəqiq desək, ABŞ-ın maraq dairəsindədir. Bu iki nəhəng dövlətin Azərbaycan uğurundakı mövqe savaşı zaman-zaman bizə mənfi təsirlərini göstərib. Təkcə bir faktı xatırlatmaq yetər: 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi” imzalandıqdan az sonra Azərbaycanda bir neçə yüksək dövlət vəzifəsi tutan şəxs terrora məruz qaldı. Həmçinin MTN təcridxanasında bir neçə məşhur siyasi dustaq qaçırıldı. Yaxşı ki, bu proses idarəolunmaz vəziyyətə qədər çatdırılmadı. Azərbaycan tərəfi ağıllı tərpəndi və narazı qalan qonşu dövlətlərə də Bakı neftindən pay ayırdı...

Mövzunu “Yeni Müsavat”a şərh edən politoloqlar da ABŞ-ın Əfqanıstan siyasəti haqda maraqlı detallar açıqlayıblar. Qabil Hüseynli əməkdaşımıza bildirib ki, Amerikanın Əfqanıstandan çıxmamasının bir səbəbi də bölgəni terrorçuların əlinə buraxmamaq istəyidir: “Mən bunu düzgün yanaşma hesab etmirəm. Donald Tramp hakimiyyətə gələrkən Əfqanıstanın ümumiyyətlə müasirləşə biləcəyini və sivilizasiyanın tələblərinə uyğun bir dövlət ola biləcəyini tamamilə istisna edirdi. Bu Əfqanıstanın geridə qalmış, cəhalət içərisində yuvarlanan bir ölkə olmasından daha çox, Trampın bu məsələ ilə bağlı bilgisizliyindən irəli gəlirdi. Tramp Barak Obamanı 2009-cu ildə oraya hərbi kontingent göndərməsinə görə qəti surətdə ittiham edirdi. Ümumiyyətlə, seçkiqabağı platformasında Əfqanıstandan qoşunları çıxaracağını vəd verirdi. Barak Obama da seçkiqabağı platformasında İraqdan qoşunları çıxaracağını dedi və qoşunları çıxartdı. Bundan sonra nələr baş verdiyi və Yaxın Şərqdə proseslərin hansı istiqamətdə getdiyi Suriyada İŞİD-in törətdiyi əməllərin timsalında aydın görünür. Barak Obama doğrudan da qoşunları çıxarmaq istəyirdi. Ancaq mən güman edirəm ki, Trampın qərarı Əfqanıstanın daxili çəkişmələrdən, İslam fundamentalizmindən, sivilizasiyadan kənar hallardan qurtula biləcəyini tamamilə istisna etməsi ilə bağlı idi”.

Q.Hüseynlinin sözlərinə görə, ehtimal edilir ki, Əfqanıstanda təbii sərvətlərlə zəngin yataqlar var: “Əfqanıstandan dağlıq ərazidir və belə ərazidə polimetalların çox olması güman edilir. Amerika üçün əsas məsələ odur ki, bu ölkədə normal bir dövlət quruluşu və cəmiyyət yoxdur, cəhalət hökm sürür. Taliban dövründə də, indi də mərkəzləşmiş hakimiyyət zəif olduğundan dünyaya ən çox ziyan verən terrorçuların çoxu Əfqanıstana pənah aparıb, orada gizlənib, terror hərəkətlərini həyata keçiriblər. Fikrimcə, bu gün ABŞ-ın qayğısı təbii sərvətlər arxasınca getməkdən daha çox, Əfqanıstanın terror yuvası olmaqdan xilas etməkdir. ABŞ Əfqanıstandan qoşunlarını çıxaran kimi, Taliban hakimiyyəti ələ keçirəcək. Belə bir qüvvə hakimiyyətə gələrsə, müxtəlif bölgələr arasında regionçuluq zəminində vətəndaş müharibəsi başlayacaq. Bu vətəndaş müharibəsi öz sərhədlərini aşaraq qonşu ölkələrə də keçəcək. İndinin özündə də dünyada istehsal olunan narkotik maddələrin ən azı 40 faizi Əfqanıstanda istehsal olunur. Bu isə dünya üçün çox böyük təhdid və təhlükədir”.

Yaxın Şərq ölkələri üzrə siyasi analitik Vüqar Zifəroğlu isə “Yeni Müsavat”a danışarkən vurğuladı ki, Mərkəzi Asiyada möhkəmlənmək baxımından Əfqanıstan son dərəcə önəmli ölkədir: “Əfqanıstan ciddi strateji əhəmiyyətə malik ölkədir və onun bu əhəmiyyətini yalnız zəngin təbii sərvətləri deyil, həmçinin əlverişli coğrafi mövqeyi də şərtləndirir. Əfqanıstanın təbii sərvətləri də çox zəngindir və təqribi hesablamalara görə, 800 milyard dollar civarındadır. Ölkənin Bamiyan bölgəsində daş kömür qaynaqları, Çibirqanda təbii qaz ehtiyatları, Məzari Şərifdə neft, Badakistan və Sari-Pulda dəmir mədənləri var. Eyni zamanda unutmaq olmaz ki, Mərkəzi Asiyada möhkəmlənmək baxımından Əfqanıstan son dərəcə önəmli ölkədir. Bu ölkə Qərb üçün Orta Asiyaya giriş qapısıdır. Lakin ABŞ həm də Əfqanıstana Sovet İmperiyası üzərində hərbi qələbəsinin simvolu olaraq da baxmaqdadır. Yəni burada siyasi-ideoloji məqamlar da var. Əslində keçən əsrin 80-ci illərinin sonlarında Sovet qoşunlarının Əfqanıstanı tərk etməsi ilə amerikalıların sözügedən ölkədəki hərbi mövcudluğu kəsintisiz olaraq davam etdi. Və bu səbəbdən ABŞ-ın Əfqanıstanı tərk etməməsi əslində təəccüblü deyil. Unutmaq olmaz ki, nə zamansa Əfqanıstanda təşəkkül tapan və sonra “islami hərəkatlar” adı ilə bütün Yaxın Şərqə yayılan sözdə cihadçı təşkilatların əksəriyyətinin kökündə məhz Sovet qoşunlarına qarşı mücadilədə fəal iştirak edən və amerikalılardan tam dəstək almış qruplaşmalar durur. 80-ci illərin sonlarında Qərb mətbuatında “qəhrəman mücahidlər” kimi təqdim edilən bu təşkilatlar, bu gün terror təşkilatları olaraq hamı tərəfindən tanıdılmaqdadır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26