Azərbaycan–Vyetnam Strateji Tərəfdaşlığı: Yeni mərhələyə keçidin siyasi və iqtisadi əsasları

Müasir dövrün qlobal çağırışları fonunda dövlətlərarası münasibətlərin dərinləşdirilməsi və dayanıqlı tərəfdaşlıqların qurulması beynəlxalq siyasətin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu baxımdan, 7 may 2025-ci il tarixində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana etdiyi rəsmi səfər və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat ikitərəfli münasibətlərdə yeni bir səhifənin açıldığını nümayiş etdirdi.
Bu səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat Azərbaycan-Vyetnam əlaqələrinin təkcə dostluq münasibətləri üzərində deyil, həm də qarşılıqlı maraqlar və dərin əməkdaşlıq prinsipləri əsasında formalaşdığını təsdiqlədi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu sənəd iki ölkə arasındakı əlaqələri yüksək siyasi səviyyəyə qaldırmaqla yanaşı, gələcək əməkdaşlıq üçün güclü hüquqi və siyasi baza yaradır.
Strateji tərəfdaşlığın əsas istiqamətləri
Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlar, tərəfdaşlığın bir neçə mühüm istiqamət üzrə inkişaf etdirilməsinə yönəlmişdir. Bunlara siyasi əlaqələr, iqtisadi əməkdaşlıq, energetika, nəqliyyat və logistika, müdafiə sənayesi, mədəni-humanitar münasibətlər və beynəlxalq platformalarda birgə fəaliyyət daxildir.
İlk növbədə, beynəlxalq təşkilatlar çərçivəsində – xüsusilə BMT və Qoşulmama Hərəkatı daxilində – Azərbaycan və Vyetnamın bir-birini davamlı dəstəkləməsi, bu əlaqələrin strateji xarakter daşıdığını sübut edir.Cənab Prezident İlham Əliyev Vyetnamın Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində göstərdiyi dəstəyi xüsusi qeyd etmişdir. Həmçinin, beynəlxalq hüququn prinsipləri – ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı – iki ölkənin ortaq diplomatik yanaşmalarının əsasını təşkil edir.
Azərbaycan ilə Vyetnam arasında iqtisadi münasibətlərin hazırkı vəziyyəti əsasən neft ticarəti üzərində qurulmuşdur. Prezident İlham Əliyev bu asılılığın azaldılmasının vacibliyini qeyd edərək, qarşılıqlı sərmayə qoyuluşu və iqtisadi diversifikasiya imkanlarının araşdırıldığını bildirmişdir. Hökumətlərarası Komissiyanın yaxın gələcəkdə yenidən fəaliyyətə başlaması bu sahədə konkret nəticələrə gətirib çıxara bilər.
Tərəflər, həmçinin biznes dairələri arasında informasiya axınının artırılması, qanunvericilik və vergi mühitinin qarşılıqlı tanınması və təşviqi, layihələr üzrə məlumat mübadiləsinin aparılması istiqamətində addımların atılmasını razılaşdırıblar. Məqsəd ticarət dövriyyəsinin daha sabit və balanslı formada inkişaf etdirilməsidir.
Energetika sahəsində əməkdaşlıq ikitərəfli əlaqələrin prioritet sahələrindən biri kimi dəyərləndirilir. Prezident İlham Əliyev Azərbaycanın 5 il ərzində 6500 meqavat gücündə bərpaolunan enerji istehsalı potensialı əldə edəcəyini bildirərək, Vyetnam şirkətlərini bu sahəyə sərmayə qoymağa dəvət etmişdir. Eyni zamanda, SOCAR-ın Vyetnam enerji bazarına daxil olmaq istiqamətində atacağı addımlar da müzakirə olunmuşdur.
Bu əməkdaşlıq modeli hər iki ölkənin enerji təhlükəsizliyi və yaşıl keçid siyasətinə uyğundur və iqlim dəyişikliklərinə qarşı mübarizə strategiyalarında qarşılıqlı maraqları əks etdirir.
Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, müdafiə sənayesi sahəsində böyük perspektivlər mövcuddur. Hər iki ölkənin bu sahədə müəyyən təcrübəsi və texnoloji bazası mövcuddur ki, bu da birgə müəssisələrin yaradılması və texnologiya mübadiləsi üçün əlverişli zəmin yaradır. Bu əməkdaşlıq həm təhlükəsizlik, həm də sənaye istehsalı sahəsində yeni imkanlar açır.
Azərbaycan və Vyetnam arasında coğrafi məsafə uzaq olsa da, nəqliyyat dəhlizləri vasitəsilə ölkələrarası əlaqələrin genişləndirilməsi mümkündür. Şimal–Cənub və Şərq–Qərb dəhlizləri çərçivəsində birgə layihələrin həyata keçirilməsi təkcə ikitərəfli deyil, eyni zamanda regional və qlobal miqyasda iqtisadi inteqrasiyanı sürətləndirə bilər.
Mədəni-humanitar əməkdaşlıq və sosial əlaqələrin genişlənməsi,səfər çərçivəsində imzalanan sənədlər arasında mədəniyyət, təhsil, arxiv işi, informasiya, innovasiya və media sahələrində əməkdaşlıq haqqında anlaşmalar da yer alır. Bu sənədlər xalqlar arasında qarşılıqlı anlaşmanın və humanitar əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Mədəni diplomatiyanın inkişafı, ortaq layihələrin reallaşdırılması və akademik mübadilə proqramları gələcək nəsillər arasında əlaqələrin qurulmasına xidmət edəcəkdir.
Prezident İlham Əliyevin bəyanatında ifadə olunan fikirlər və səfər zamanı imzalanmış 11 sənəd Azərbaycan-Vyetnam münasibətlərinin təkamülündə dönüş nöqtəsi hesab edilə bilər. Bu münasibətlər artıq dostluq və diplomatik səviyyəni aşaraq, dərin strateji tərəfdaşlığa çevrilmişdir. Aradakı coğrafi məsafəyə baxmayaraq, siyasi iradə, ortaq maraqlar və vahid mövqe əsasında qurulan bu əməkdaşlıq, gələcək onilliklər üçün etibarlı və çoxşaxəli bir tərəfdaşlıq modelinə çevrilməkdədir.
Milli Məclisin deputatı Rövşən Muradov
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26