Interposta.Info

Azərbaycan-Çin münasibətləri: Strateji tərəfdaşlıqdan qlobal əməkdaşlığa doğru

Siyasət / Manşet
 18-05-2025, 00:28     31 058

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 21 aprel tarixində Çinin nüfuzlu Sinxua informasiya agentliyinə verdiyi geniş müsahibə ölkəmizin beynəlxalq siyasətdəki yeri və Çinlə ikitərəfli münasibətlərinin strateji xarakteri baxımından xüsusi əhəmiyyət daşıyır. Müsahibə Azərbaycanın Çinlə əlaqələrinin tarixi inkişafını, hazırkı vəziyyətini və gələcək perspektivlərini əhatə etməklə yanaşı, həm də beynəlxalq münasibətlərdə respublikamızın prinsipial mövqeyini və geosiyasi baxışlarını ortaya qoyur. Bu çıxış ölkəmizin yeni dünya düzəni çərçivəsində yerini necə müəyyənləşdirdiyini, regional və qlobal təşəbbüslərdə necə fəal iştirak etdiyini aydın şəkildə nümayiş etdirir.
Azərbaycanla Çin Xalq Respublikası arasında olan münasibətlər 1992-ci ildən bu günə yüksələn xətt üzrə inkişaf edir. Belə ki, 2023-cü ilin iyul ayında imzalanan “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bu əlaqələri daha da inkişaf etdirərək, iki ölkəni rəsmi strateji tərəfdaş statusuna yüksəltdi. Bu sənəddə münasibətlər-qarşılıqlı hörmət, bərabərlik, suverenliyə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsipləri kimi müəyyən olunmuşdur. Prezident İlham Əliyevin vurğuladığı kimi bu, təkcə, siyasi deyil, həm də etik və hüquqi baxımdan dərin məzmun daşıyan əməkdaşlıq formatıdır.
Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Astanada keçirilən görüşdə qarşılıqlı səfər dəvətləri, həmçinin yüksək səviyyəli dialoqlar strateji münasibətlərin praktiki dərinliyini və qarşılıqlı etimadın güclü olduğunu nümayiş etdirmişdir. Bu münasibətlər yalnız hökumətlərarası deyil, həm də dövlət rəhbərləri arasında yaranmış şəxsi münasibətlər və etimad əsasında formalaşır.
Azərbaycan-Çin münasibətlərinin ən dinamik istiqamətlərindən biri iqtisadi sahədir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 20,7% artaraq 3,744 milyard dollara çatmışdır. Bu nəticə ilə Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşına çevrilib. Eyni zamanda, Çin Azərbaycanın xarici idxalında lider mövqeyə çıxaraq 17,69%-lik pay əldə edibdir.
Çin kapitalı ilə Azərbaycanda 375 şirkət qeydiyyatdan keçib, onlardan 298-i aktiv fəaliyyət göstərir. Bu fakt həm iqtisadi liberallaşmanın, həm də qarşılıqlı investisiya mühitinin etibarlılığının sübutudur. Azərbaycanda fəaliyyət göstərən Çin şirkətləri əsasən, qeyri-neft sektoru, yüksək texnologiyalar və alternativ enerji sahələrində ixtisaslaşmışdır ki, bu da iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verir.
Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən ticarət və şərab evləri, həmçinin “JD” kimi məşhur onlayn platformada Azərbaycan Ticarət Evinin yaradılması, ölkəmizin məhsullarının Çin bazarlarına çıxışını asanlaşdırır və brend dəyərinin artmasına imkan verir.
Azərbaycan “Kəmər və Yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri kimi bu təşəbbüs çərçivəsində mühüm layihələrə imza atmışdır. Ölkəmiz coğrafi mövqeyindən maksimum istifadə edərək, Çinlə Avropa arasında mühüm tranzit ölkəyə çevrilibdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi iri nəqliyyat layihələri Azərbaycanın nəqliyyat-logistika mərkəzinə çevrilməsini təmin edir.
2024-cü ildə Çinlə Azərbaycan arasında tranzit daşımaların həcmi 378 min ton təşkil etmişdir ki, bu da 2023-cü illə müqayisədə 86 faiz artım deməkdir. Bu rəqəmlər ölkəmizin regiondakı strateji nəqliyyat mövqeyini möhkəmləndirməklə yanaşı, həm də onun qlobal nəqliyyat və ticarət sisteminə inteqrasiyasını da sürətləndirir.
Azərbaycan 2024-cü ildə keçirilən COP29 konfransına sədrliyi çərçivəsində 14 qlobal təşəbbüs irəli sürmüşdür və bu təşəbbüslər geniş beynəlxalq dəstək qazanmışdır. Bu tədbirdə 196 dövlət, 150 beynəlxalq təşkilat və minlərlə QHT nümayəndələri iştirak etmişdilər. Çin nümayəndə heyətinin fəallığı və COP29-da iştirakı ikitərəfli münasibətlərin əhatə dairəsini genişləndirir və iqlim dəyişikliyi ilə mübarizədə ortaq mövqenin formalaşmasına şərait yaradır.
Qərbdəki bəzi dairələrin əsassız təzyiqlərinə və boykot cəhdlərinə baxmayaraq, Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edərək, beynəlxalq siyasətdə qətiyyətli və peşəkar tərəfdaş imicini möhkəmləndirmişdir.
Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlıq da artan xətt üzrə inkişaf edir. Hazırda Çin universitetlərində Azərbaycan dili və mədəniyyəti kafedraları açılıb fəaliyyət göstərir, eyni zamanda Azərbaycanda Konfutsi İnstitutunun tərəfdaşları Çin dilinin tədrisi ilə də məşğul olmağa başlayıblar. Bu qarşılıqlı maarifləndirmə modeli, iki xalq arasında mədəni yaxınlığı və qarşılıqlı anlaşmanı gücləndirir.
Azərbaycan və Çin vətəndaşları üçün qarşılıqlı viza rejimi ləvğ olunub, bu da öz növbəsində turizmin inkişafına və işgüzar əlaqələrin intensivləşməsinə ciddi təkan verəcəkdir.
Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq üzrə tərəfdaş statusuna malikdir və təşkilat çərçivəsində təhlükəsizlik, terrorizmlə mübarizə, sivilizasiyalararası dialoq və multikulturalizmin təşviqi kimi sahələrdə fəal əməkdaşlıq edir. Ölkəmizin bu platformaya verdiyi önəm, regional sabitlik və çoxtərəfli əməkdaşlığın vacibliyi ilə bağlı prinsipial mövqeyini əks etdirir.
Bundan əlavə, 2019–2023-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi isə ölkəmizin beynəlxalq nüfuzunun artmasını bir daha sübut edir. Prezident İlham Əliyev müsahibədə bu kontekstdə Qlobal Cənubun maraqlarını müdafiə etməyə davam etdiklərini vurğulamışdır.
Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi müsahibə təkcə, Azərbaycan-Çin münasibətlərinə dair deyil, ümumilikdə Azərbaycanın yeni dünya düzənində necə rol oynadığını və hansı prinsiplərə əsaslandığını aydın şəkildə ortaya qoyur. Ədalət, bərabərlik, suverenlik və çoxtərəflilik kimi dəyərlər Azərbaycanın xarici siyasətində əsas yeri tutur. Çinlə münasibətlər isə bu siyasətin konkret təzahürlərindən biridir-həm regional, həm də qlobal miqyasda.
Azərbaycan Çinlə strateji tərəfdaşlığını yalnız iqtisadi və siyasi baxımdan deyil, həm də bəşəriyyətin ortaq gələcəyinə yönəlmiş təşəbbüslərlə zənginləşdirir. Bu münasibətlər qarşılıqlı maraqlara, tarixi etimada və real nəticələrə söykənir. Belə bir əməkdaşlıq modeli isə Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət strategiyasının uğurlu nümunəsidir.


Milli Məclisin deputatı Rövşən Muradov

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26