Interposta.Info

“İnsan nə qədər aşağı olmalıdır ki, əhalinin maaşlarından tutulan işsizlikdən sığortaya göz diksin” - Müqəddəs Mehdiyev

Paradoks / Müxtəlif
 6-11-2019, 18:23     10 747


“Şimal xəbərləri”nin baş redaktorundan Şəmsəddin Xanbabayevə sərt ittihamlar

Jurnalist Cavanşir Həsənlinin “Xaçmazdan yazırlar...” sərlövhəli feysbuk paylaşımı ictimaiyyət arasında ciddi əks-səda verməkdədir. Yazıda Xaçmazın keçmiş icra başçısı və indiki YAP sədri Şəmsəddin Xanbabayevin korrupsiya əməllərindən bəhs edilir. Əməkdaşımız sabiq icra başçısı Müqəddəs Mehdiyevin məsələyə münasibətini öyrənib.

Müqəddəs Mehdiyev deyir ki, hələ oktyabrın 3-də feysbuk səhifəsində sözügedən məsələ ilə bağlı açıqlama yayıb. “Mən iyul ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə qəbul üçün müraciət ünvanlayırdım. Təsəvvür edin ki, üç ay müddətində heç bir cavab ala bilmədim. Sentyabrda nazir vətəndaşların qəbulu ilə əlaqədar Qubaya səfər etdi. Gözləyirdim ki, mənimlə də görüşəcək. Nazirliyin aparatından da bildirmişdilər ki, Sahil Babayev qəbul edəcək. Lakin sonda hər şey dəyişdi. Telefon açıb dedilər ki, nazir müavini Anar Kərimov Xaçmazdadır və onunla görüşməliyəm. Qəti şəkildə imtina etdim. Bundan sonra feysbuk səhifəmdə bir sıra ciddi problemləri açıqladım. Həmin yazılarda Cavanşir Həsənlinin qeyd etdiyi məsələlər də əksini tapıb. Açıqlamalarımı elektron formada nazirə, onun müavinlərinə və şöbə müdirlərinə də göndərmişəm. Çox təəssüf ki, qarşı tərəfdən heç bir cavab ala bilmədim. Nəticə də göz qabağındadır”.

Sabiq icra başçısının açıqlamasına görə, Azərbaycan Prezidenti İlham Əliyev Xaçmazın və Yevlaxın yeni icra başçılarını qəbul edərkən aztəminatlı təbəqənin ödənişli ictimai işlərə cəlb edilməsi sahəsində çox ciddi mənimsəmələrin və talançılığın olduğunu dedi. “Dövlət başçısı bu məsələyə ciddi reaksiya verdi. O dedi ki, bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdıraraq onlara düşən vəsaiti mənimsəyiblər. Burada bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Prezident açıqladı ki, belə icra başçılarının artıq cəzası verilib. Nəzərə almaq lazımdır ki, onlardan biri də Şəmsəddin Xanbabayevdir. Xaçmazda bir korrupsiya sxemi yaradılıb. Belə ki, rayonda məşğulluq mərkəzi, “DOST İş Mərkəzi” MMC, Mənzil Kommunal Təsərrüfat Birliyi korrupsiya şəbəkəsi qurublar. Başında isə şəxsən Şəmsəddin Xanbabayevin durduğu bildirilir. Bu adamların Prezident İlham Əliyevin yoxsullar üçün ayırdığı vəsaiti mənimsədiyi deyilir. Kasıb təbəqəyə çatası əmək haqqı kartlarının bölüşdürülməsi barədə ciddi ittihamlar səslənir. Söhbət yüzlərlə kartdan gedir. Yaxşı, kimdir bu kartların sahibləri? Deyilənə görə, bəzi insanların MKTB-də işləməsindən və əmək haqqı almasından heç xəbəri yoxdur. Siyahıda xəstələrin, ahılların və hətta Azərbaycanda yaşamayan adamların belə adlarının keçdiyi söylənilir. Bəziləri isə ünvanlı dövlət sosial yardımı almaq üçün maxinasiyalara razılıq veriblər. Həmin şəxslərin hər birindən də 100-250 manat civarında rüşvət alındığı barədə iddialar var. Mənə də ciddi informasiyalar verilib. Hazırda bunları araşdırırıq”.

M. Mehdiyev daha bir maraqlı fakt açıqladı. “Dünən aldığım məlumata görə, yeni icra başçısı Elnur Rzayev yaranmış vəziyyətə kəskin münasibət bildirib. İndi qapı-qapı gəzərək kartları sahiblərinə qaytarırlar. Lakin bu kifayət deyil. Aylardır yoxsulların pullarını mənimsəyənlər niyə rahatlıqla yerlərində oturmalıdırlar? Əhali bilməlidir ki, bu pullar işləyən insanların əmək haqqından tutulan işsizlikdən sığorta haqqı hesabına ödənilir. Yəni xalqdan yığılan vəsaitdir. Mütləq geri qaytarılmalıdır. İnsan nə qədər aşağı olmalıdır ki, əhalinin maaşlarından tutulan işsizlikdən sığartaya göz diksin! Elə bilməyin ki, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin bundan xəbəri olmayıb. Yaxşı, polis rəisi yeni təyin edilib. Bəs prokurorluq və DTX Xaçmaz rayon şöbəsi? Onlar niyə səslərini çıxarmayıblar? Səbəbini bilirəm. Çünki Şəmsəddin Xanbabayev az qala bir büt idi...”

Müqəddəs Mehdiyev açıqlamasında Şəmsəddin Xanbabayevi sərt ittihamlara məruz qoydu. “Necə olur ki, belə əməllərlə məşğul olan sabiq icra başçısı indi də YAP-a sədr “təyin” edilib? ” Söhbət təkcə bu korrupsiya sxemindən getmir. Ş. Xanbabayevin Xaçmaz şəhərindəki Çənlibel parkında yerləşən bütün ticarət və iaşə obyektlərinin, “Grand oil” yanacaqdoldurma məntəqəsinin, yüzlərlə hektar torpaq sahələrininin, çoxsaylı mənzillərin və digər bahalı əmlakların sahibi olduğu deyilir. Siyahı çox uzundur. Vəzifəli şəxslərdən biri mənə dedi ki, icra strukturlarına verilən 10-a yaxın avtomobil özəlləşdirilib. Xaçmazdakı dövlət aqrar inkişaf mərkəzində, RİH-in tikinti-memarlıq şöbəsində və mühasibatlıq sektorunda sözügedən korrupsiya məsələlərindən yaxşı xəbərdardırlar. Yerli bələdiyyə orqanları hansı torpaqların kimlərin adında olmasını yetərincə bilirlər. Hesab edirəm ki, bütün bunlar dövlət başçısının şəxsi nəzarəti altında ciddi yoxlanılmalıdır. Biz də bu istiqamətdə hərəkətə keçmişik. Prezident İlham Əliyev də deyib ki, ictimai nəzarət rayonlarda daha güclü olmalıdır. Hamı bu işlərə cəlb edilməli, səylərini göstərməli, dövlət orqanlarının işinə nəzarət edilməlidir. Prezident bildirib ki, hər hansı bir xoşagəlməz hadisələr baş versə dərhal lazımı tədbirlər görüləcək. Kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Bunları mən demirəm, dövlət başçısı söyləyir. Özü də Xaçmazın yeni icra başçısını qəbul edərkən...”

“Şimal xəbərləri”nin əməkdaşının “Şəmsəddin Xanbabayevin indiki mövqeyi korrupsiya şəbəkəsinin çökdürülməsinə imkan verəcəkmi” sualına M. Mehdiyev belə cavablandırdı: “Şəmsəddin Xanbabayevin YAP sədri seçilməsi hakim partiya üçün çox xoşagəlməz hadisədir. Mən həmin təyinatın necə baş verdiyindən yaxşı xəbərdaram. Bu sovet təfəkkürlü “köhnə komandos”un son həmlələridir. Amma alınmayacaq. Rayon ictimaiyyəti haqlı olaraq narahatdır ki, islahatçı başçı işləyə biləcəkmi? YAP sədrinin qvardiyası ona imkan verəcəkmi? İndiki şəraitdə Elnur Rzayevin kadr islahatları aparmağa, korrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə, bələdiyyələri Ş. Xanbabayevin nəzarətindən çıxarmağa və digər vacib problemləri həll etməyə siyasi iradəsi çatacaqmı? İndi bunlar sual altındadır. YAP-ın bir neçə gün əvvəl Xaçmazda keçirilən qeyri-legitim konfransının nəticəsi haqlı olaraq belə sualların ortaya çıxmasına şərait yaradır”.

M. Mehdiyevin qənaətincə, rayon ictimaiyyəti sayıqlıq göstərməlidir. “Hazırki dönəmdə Elnur Rzayevin fəaliyyətinə dəstək verməlidir. İslahatların önündə sipərə çevrilən Ş. Xanbabayevə və onun müti komandasına imkan yaradılmamalıdır ki, yenilənmə proseslərinə maneçilik törətsinlər. Bir vacib məqama da aydınlıq gətirmək istəyirəm. Ölkədə gedən islahatlara hərə bir cür yanaşır. Görünür, bəziləri məsələnin mahiyyəti dərk etmirlər. Əsas məsələ budur ki, ortalıqda həm də bir beyin savaşı gedir. Müasir düşüncəli və milli ideologiyaya sahib olanlarla bolşevik və sovet təfəkkürlü kadrlar arasında gərgin mübarizə gedir. Yeni dönəmdə Ş. Xanbabayev kimilərə yer olmamalıdır! Fürsətdən istifadə edib YAP-ın icra katibi, millət vəkili Əli Əhmədova, Mübariz Qurbanlıya, Səyavuş Novruzova müraciət edirəm: “Şəmsəddin Xanbabayevin partiya sədri “təyin” edilməsini hakim partiyanın siyasi xəttinə uyğun sayırsınızmı? Keçmiş icra başçısının yeni vəzifəyə “təyin” edilməsini islahat hesab edirsinizmi? Niyə hakim partiyadakı bəzi qüvvələrin Xaçmazı siyasi ekspriment mərkəzinə çevirməsinə imkan yaradırsınız? Mən bu sualların cavabını bilsəm də, YAP funksionerlərinin açıqlama verməsini zəruri sayıram. Hər şey ictimaiyyət üçün şəffaf olmalıdır. Ş. Xanbabayevi Xaçmaza YAP sədri “təyin” etdirənlərin niyyətləri məlumdur. Amma keçməyəcək.”
M. Mehdiyev dediklərinə onu da əlavə etdi ki, baş verən hadisələrlə bağlı yaxın günlərdə rayon əhalisinə müraciət edəcək.

Açıqlama ilə əlaqədar YAP Xaçmaz rayon şöbəsinin sabiq sədri Nazim Ağayevin mövqeyini də öyrənmək istədik. Zənglərimizə cavab vermədi. Nəhayət başqa nömrə ilə əlaqə saxladıq. Sabiq sədrin cavabı qısa oldu: “Mən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əsgəriyəm. Necə məsləhət görürlərsə, elə də edirəm.” Vəssalam.

Qarşı tərəflərin mövqeyini də dərc etməyə hazırıq.
Rasim

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26