Interposta.Info

Bakıda sürüşmə sahələri aktivləşib: təhlükənin miqyası böyüyür

Ölkə
 22-10-2018, 09:00     8 748

Ekspertdən xəbərdarlıq: “Badamdardan sonra Xocasəndə də böyük sürüşmə baş verəcək, Bakının kanalizasiya problemi təcili həll edilməlidir...”

Bakıda son günlər, demək olar ki, bütün sürüşmə zonalarında aktivlik müşahidə olunur. Ən gərgin vəziyyət isə Badamdar ərazisindədir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahdan “Yeni Müsavat”a bildirilib ki, ərazidə gərginlik qalmaqdadır.

“Sürüşmənin üz hissəsində kəsilmiş yamacda asılı vəziyyətdə qalan süxur kütləsinin yamac boyu hərəkəti müşahidə edilir. Sürüşmənin üz hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri də qeydə alınıb. Bu da prosesin aktivliyinin göstəricisidir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda qismən genişlənmə müşahidə edilib. Sürüşmənin təsir dairəsində divarlarda quraşdırılmış mayaklarda dinamik dəyişiklik qeydə alınmayıb” - məlumatda bildirilir.
Ümumilikdə isə Bayıl yamacı, Buxta, Badamdar, Bibiheybət, Masazır, Yeni Günəşli, Əhmədli, Bayıl, Zığ yolunda sürüşmə aktivdir və fəallaşma davam edir.

Bakıda sürüşmə sahələri aktivləşib: təhlükənin miqyası böyüyür

Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hazırda ümumən ölkə ərazisindəki sürüşmə zonalarında aktivlik müşahidə olunur: “Zığ qəsəbəsində, Masazır qəsəbəsindəki ”Zəli gölü" adlanan ərazidə, Abşeron rayonunun “At yalı” adlanan yaşayış massivindəki sürüşmə sahəsində aktivlik müşahidə olunur. Şamaxı, İsmayıllı rayonlarındakı sürüşmə sahələrində də aktivlik var. Şamaxının Muğanlı kəndində, İsmayıllı yolunda və Bakı-Şamaxı-Yevlax yolunun 132-ci kilometrliyində, gərginlik var, müəyyən yerlərdə uçqun tipli sürüşmələr qeydə alınıb. Bundan əlavə, İsmayıllı rayonunun Lahıc inzibati ərazi vahidliyinə daxil olan Qoydan kəndində iki ay öncə sürüşmə olub, hazırda aktiv fazadadır, sürüşmə kütləsi yaşayış evlərinin divarlarına çatıb. Lerikdə, Yardımlıda, Lerik yolunun bir neçə kilometrliyində uçqun tipli çökmə-sürüşmə hadisəsi baş verib".

Öyrəndik ki, Zığda baş verən sürüşmədən sonra istinad divarları sökülür. Sürüşmənin qarşısını almaq üçün bərkitmə işləri aparılır, şosenin kənarındakı ot örtüyü təmizlənir.

Məlumat üçün qeyd edək ki, Zığ yolunda yerləşən 100-dən çox bina aktiv zonada yerləşir. Ümumilikdə isə Bakıda sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb.

Bakıda sürüşmə sahələri aktivləşib: təhlükənin miqyası böyüyür

“Yeni Müsavat”a danışan Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov söyləyib ki, paytaxt ərazisində kanalizasiya sistemi qurulmayana qədər bu cür hadisələr davamlı olacaq. Ekspert bundan sonra Bakının hansı ərazilərində sürüşmə hadisəsinin baş verəcəyini də söyləyib: “Hazırda bəzi şəxslər söyləyirlər ki, Badamdarda yerin altı ilə çay axır. Ona görə də bu kimi proseslər baş verir. Əslində isə məsələ başqadır. Belə ki, Xocasəndə olan kanalizasiya gölü hazırda bütün ərazini basıb. Sızma nəticəsində həmin ərazinin suyu çox yerə yayılıb. İndi bəzi mütəxəssislərin də çay adlandırdıqları məhz həmin gölün suyudur. Əvvəllər bu gölün suyunu dənizə buraxırdılar. Göldən dənizə çəkilən borular indiki Binə-Sədərək ticarət mərkəzlərinin ərazindən keçirdi. Hazırda həmin ərazilər qurudulub, ancaq suyun hara axdığı bilinmir. Dövlət proqramı hazırlanmalı, Bakının kanalizasiya problemi təcili şəkildə həll edilməlidir. Bunu gecikdirmək faciəvi sonluqla bitə bilər. Hazırda bütün sürüşmə zonalarında aktivliyin əsas səbəbi kanalizasiya sularıdır. Abşeronda yeraltı su yoxdur. Kimsə deyirsə ki, qrunt suyu var bu, yanlışdır. Yalnız Buzovna ərazisində vaxtilə su çıxırdı. Oradakı problemi də mən vəzifədə olduğum zaman həll etdik. Digər yerlərdəki suların hamısı kanalizasiya xətlərinin olmaması ilə bağlıdır. Bundan sonra Xocasən ərazisində də sürüşmə baş verəcək. Orada da hündür ərazidə xeyli sayda tikili var və ərazinin də kanalizasiya xətti yoxdur. Növbəti Badamdardakı kimi sürüşmə orada baş verəcək. Eləcə də Biləcəri ərazisində də sürüşmə olacaq. Çünki bu ərazinin də kanalizasiyası yoxdur. Artıq biz görürük ki, su o qədər artıb ki, magistral yollar da çökür”.

Bakıda sürüşmə sahələri aktivləşib: təhlükənin miqyası böyüyür

Ekspert bildirib ki, Zığ ərazisindəki sürüşməni də böyük təhlükə saymaq olar: “Ora çox böyük ərazidir. Keçmişdə həmin ərazidə kərpic zavodu fəaliyyət göstərirdi. Kərpic zavodunu biz bağlatdırdıq və Qala tərəfdə yeni zavod tikməyə başladıq. Lakin oradakı boş ərazini doldurmaq əvəzinə, dedilər ki, burada göl yaradacağıq. Ancaq göl də yaratmayıb, bütün yamacı satdılar. İndi də sürüşmə başlayıb. Bütün bu ərazilərdən dövlətimiz üçün milyardlarla zərər gözlənilir. Kanalizasiya xətti çəkilməsə, zərərin miqdarı getdikcə artacaq. Əlbəttə ki, kanalizasiya xətti çəkilərsə, su təmizlənərək dənizə axıdılacaq. Abşeron qruntunun xüsusiyyəti var. Belə ki, altı qayadır, ancaq bu, monolit deyil, parçalanmış şəkildədir. Nəticədə kanalizasiya suyu bu qayaların arasına dolur, yavaş-yavaş haradasa toplanır. Əlverişli şərait yaranan zaman da böyük axıntı baş verir. Metronun ”Nizami" stansiyası tikilən zaman qeyd etdiyimiz hadisə baş vermişdi. Qəfildən “Qanlı göl”dən yığılan suyun qarşısı açılmışdı və tunel su ilə dolmuşdu. Ona görə də stansiyanın açılışı gecikdi. İndi də xaricdən mütəxəssis çağırırlar, ancaq yerli mütəxəssisləri bir dəyirmi masa ətrafında toplamırlar ki, çıxış yolu tapılsın. Quyular qazırlar ki, suyun səviyyəsi aşağı düşəcək. Axı bu qrunt suyu deyil ki, bir təbəqədə dayansın. Bu, hər tərəfdən yığılan kanalizasiya suyudur. Hansı məntiqlə quyu qazırlar? Hər quyuya da ən azı 50 min pul xərcləyəcəklər".

Onu da qeyd edək ki, Bayıl yamacında, teleqüllə ətrafında 11 aylıq müddətə kirayə mənzillərə köçürülən əhalinin də vəziyyəti ağırdır. Sakinlər “Yeni Müsavat”a bildiriblər ki, talelərinin necə olacağını bilmirlər. Sakin Zahid Aslanov söyləyib ki, köçürülən əhalinin bir qismi artıq öz mənzillərinə geri dönüblər. Lakin ərazinin bir qisminin kommunal xətləri bərpa edilmədiyi üçün vəziyyətləri acınacaqlıdır. Sakinlərin sözlərinə görə, 11 ay bitdikdən sonra onların problemləri həll edilməsə, aksiya keçirəcəklər".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26