Interposta.Info

Azərbaycan Milli Hərəkatının ideoloji əsasları

Ölkə
 13-10-2017, 20:55     9 588

interposta.info Azərbaycan Milli Hərəkatının ideoloji əsasların olduğu kimi təqdim edir:

1. Yazı

Dos., Dr. Faiq ƏLƏKBƏRLİ

1917-ci ildə çar Rusiyasında baş verən fevral burjua inqilabı və çarizmin süqutundan sonra Şimali Azərbaycanda baş qaldıran Milli Hərəkat yeni bir mərhələyə qədəm qoymuş oldu. Milli Hərəkatın əsasında: 1) Dinlə milliyyətin fərqləndirilməsi, 2) Türk dilinin, o cümlədən Azərbaycan türkcəsinin inkişafı, 3) Rusiyanın federallaşması, 4) Milli bolşeviklərlə milli istiqlalçılar arasındakı fərqlərin aşkarlanması, 5) “Azərbaycan” anlayışının siyasi-ideoliji anlama çevrilməsi və 6) müstəqil Azərbaycan türkçülüyünün formuləsi kimi məsələlər dayanırdı.
1917-ci ilin martın 17-də Azərbaycanın bir qrup ziyalıları yığışaraq Bakı müsəlman ictimai təşkilatları və kooperativlərinin nümayəndələrindən ibarət büro yaratdılar. Bakı Şəhər Dumasının həyətində keçirilən qurultayında Rusiyadakı Müvəqqəti Hökumətə etimad göstərilməsi barədə qərar qəbul edildi. 1917-ci il martın 27-də bu büro Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi ilə əvəz olundu. Müvəqqəti Komitənin sədri Məmmədhəsən Hacınski, müavini isə Məhəmməd Əmin Rəsulzadə seçildi. Onlar müsəlmanlara müraciətində birləşməyi təklif edirdi. Martın axırlarında yaradlımış Bakı fəhlə və hərbçi deputatları Soveti isə solçu inqilabi qüvvələrin orqanına çevrildi. Bununla da Rusiyada olduğu kimi, Azərbaycanda - Bakıda da ikihakimiyyətlilik yarandı.
Azərbaycanlı marksist-leninçilər də burjua inqilabından istifadə edərək, yenidən öz siyasi təşkilatlarını on illik fasilədən sonra, 1917-ci ilin martın 3-də "Hümmət" Partiyasının fəaliyyətini bərpa etməklə yaratdılar. Partiyanın Müvəqqəti Komitəsinin sədri Nəriman Nərimanov, üzvləri isə M.Əzizbəyov, M.N.İsrafilbəyov, H.Sultanov və başqaları seçildi. "Onlar bolşevik mövqeyində dayandığını elan etsələr də, "Hümmət"in əyalətlərdəki komitələri menşeviklərə meyl göstərirdilər". N.Nərimanovun redaktorluğu ilə bolşevik "Hümmət"in eyni adlı qəzeti də nəşr olunmağa başladı. RSDFP BK-nın qərarına əsasən 1917-ci il aprelin 15-20-si arasında Bakıda keçirilən Qafqaz müsəlmanlarının I qurultayında da iştirak edən bolşevik-hümmətçilər N.Nərimanov, M.Əzizbəyov və R.Nağıyevin nümayəndələr qarşısında qaldırdığı tələblərə görə, sosialist inqilabının ümumdünya miqyasında qələbəsi uğrunda hamı proletar Rusiyası şüarı altında birləşməlidir. "O, kiçik xalqların taleyini yalnız fəhlə-kəndli Rusiyasının taleyi ilə bağlayırdı".
Uzun müddət müxtəlif ideyalar arasında tərəddüd edən Nəriman¬ov¬un sonda bolşevizm xəttini seçməsində 1917-ci il Rusiya fevral burjua inqilabı və sosial-demokratizmə bəslədiyi ümidlər mühüm rol oynamışdır. Bu mənada, o, həmin inqilabın təsiri altında yalnız sosializm quruluşunda milliyyətindən və dinindən asılı olma¬yaraq insanların bir-birilə yoldaş olacaqlarını inanmışdır: «Bol¬şe¬vkilər mənim arzuladığım dünyanın qapısını aça biləcək yeganə hakimiyyəti – xalq hakimiyyətini yenidən yaratmaq ümidi ilə sinfi mübarizədə qan tökürlər». Məhz o, sosial-demokratizmi seçdiyi üçün, sovet dövr¬ün¬də vaxtilə daha çox meyil etdiyi islamlıq və türklüyü deyil, beynəmiləlçiliyi müdafiə etmək zorunda qalıb. Eyni zamanda, Nəriman¬ov yalnız rus bolşeviklərinə qoşulduqdan, hətta onlarla birləş¬mək fikrinə düşdükdən sonra birmənalı şəkildə türkçülük və islam¬çı¬lığın əleyhdarına çevrilmişdir. Bu baxımdan Nərimanov Azərbaycan türklərinin Osmanlı türk¬lərinə güvənərək türkçülüyü yaymasını doğru hesab etmirdi. Xüsusilə, Nərimanov¬un M.Əzizbəyov, S.M.Əfəndiyev kimi Azərbaycanın gələcəyi¬ni Rusiyada görməsi və müstəqil Azərbaycana qarşı olması sirr deyildi. Rəsulzadənin təbrincə desək, Nərimanov üçün artıq ümid yeri, çıxış yolu yalnız bolşevik Rusiyası və onun lideri Lenin idi: “O zaman müsəl¬man sosialistlərin ələmdarı bulunan “Hümmət” firqəsi başda doktor Nəriman olmaq üzrə Azərbaycan muxtariyyətinin ədəvv-canı idi. “Hümmət”ə görə biz milləti fəlakətə çəkir və mən qeyri həqq millət naminə söz söyləyirmişik. Azərbaycan fikri, türklük iddiaları xalqın deyil, bir sıra burjuapərəst “boşboğazlar”ın imiş. Müsəlmanların mənfəəti “qırmızı əmələ bayrağı”nın altına toplanmaq və “Rusiya demokratiyası”ndan ayrılmamaqda imiş”.
1917-ci il oktyabr rus inqilabından sonra bolşevi¬zmə bəs¬lədiyi ümidin artmasının nəticəsi idi ki, Nəri¬manov 1918-ci ilin əvvəl¬lərində «Hümmət» qəzetində dərc olunan bir məqalə¬sində üzünü müsəlmanlara tutaraq yazırdı: «Bir ümid yeriniz varsa, o da tazə hökumətdir (Şura hökumətidir – F.Ə.) və var qüvvənizlə ona kömək etməlisiniz. Sizin hər cəhətdən nicat yolunuz Leninin məramnaməsindədir». Fikrimizcə, marksizm-leninizmin Azərbaycanda 1900-1910-cu illərlə müqayisədə iflasa uğradığı bir zamanda N.Nərimanovun Rusiya bolşeviklərinin, xüsusilə onların rəhbərləri Leninin və Stalinin taktikasına uyğun olaraq «Azərbaycan bolşevikləri»nin lideri kimi önə çəkilməsi təsadüfi olmamışdır. Bu, Azərbaycanı yenidən müs¬təm¬ləkəsi halına gətirmək istəyən rus imperiya¬sının yeni bir taktikası idi. Lenin başda olmaqla bolşeviklərin fikir dəyiş¬dirməsinə əsas səbəb daşnak Şaumyanın əli ilə nəzərdə tutduq¬ları Azərbaycan türklərinin soyqırımını tamamilə real¬laşdıra bilməmələri olmuşdu. Bu baxımdan bolşeviklər taktika dəyiş¬dir¬ərək bu dəfə türk-müsəlman bolşevik liderinin əli ilə Azər¬baycana sahib çıxmağa qərar vermişdilər. Bu tak¬tika¬ya görə, xalq arasında müəyyən qədər tanınan, eyni zaman¬da sos¬ial-demokrat əqidəsinə səmimi şəkildə tapınan Nəri¬man¬ov milli-demokratik qüvvələrə və onun bariz təzahürü olan milli höku¬mətə qarşı bir «proletar» sima kimi önə çıxarıl¬malı, həmin «müsəlman-türk sosialist» simasının da razılığı ilə Milli hökumət devrilməli və son olaraq Nərimanovun «müs¬tə¬qil Sovet Azərbaycanı»nın başçısı olduğunu bəyan etməklə Az¬ər¬¬baycanın işğalına hərtərəfli haqq qazandırılmalı idi. Maraq¬lıdır ki, Stalin Rəsulzadə ilə söhbətində Nəri¬manovla onların ara¬sında belə bir anlaşmanın olduğunu gizlətməmişdir.
Doğrudur, hazırda bəzi tədqiqatçılar (Ş.Qurbanov, H.Həsənov və b.) hesab edirlər ki, Nərimanov Sovet Rusiyasının başçıları ilə deyil, onlar onunla anlaşıblar. Hətta, bunu müsbət faktor kimi dəyərləndirən H.Həsənov yazır ki, Leninlə danışıqlarda Nərimanov Azərbay¬canın müstəqilliyi, Bakının paytaxt olması və milli adət-ənənələrin nəzərə alınması kimi şərtlər irəli sürmüşdür. Bu prizmadan çıxış edən Şamil Qurbanov da yazırdı ki, ona qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur: «İndi bəzi alimlər və təsadüfi jurnalistlər nahaqq yerə onu tənqid atəşinə tuturlar, yeri gəldi-gəlmədi tənqid etmədən keçinmirlər». Bizcə, N.Nərimanovla bağlı irəli sürülən bəzi tənqidi fikirlər heç də əsassız deyildir. Belə ki, Azərbaycan Cümhuriy¬yətinin timsalında Azərbaycan xalqı bir millətin taleyində önəmli rol oynayan ideyaları (istiqlal, müstəqil parlament, müstəqil ordu, bayraq və s.) əldə etdikdən sonra, onu Sovet Rusiyasının əli ilə yıxıb yerində «müstəqil Sovet Azərbaycanı» qurmağın da, bu mənada Nərimanovun Sovet Rusiyasının başçıları ilə əslində tabeçilik anlaşması əsasında, onların qarşısında hansısa şərtlərlə çıxış etməsinin də heç bir anlamı yox idi. Burada qazanan yalnız bir tərəf var idi: Sovet Rusiyası və onun əlaltıları. Fikrimizcə, bu baxımdan Nərimanov Sovet Rusiyasından deyil, Sovet Rusiyası Azərbaycan Cümhuriy¬yətini işğalı planı çərçivəsində «Nərimanov faktoru»ndan maksimum faydalanmışdır. Bunu, həmin dövrdə Moskvada yaşayan Nərimanovun Azərbaycanda baş verənlərlə bağlı Lenini daima məlumatlandırması, «Qafqazın işğalına baxış» məruzəsi və xüsusilə, Azərbaycanın baş naziri N.Yusif¬bəyliyə yazdığı məktubundan açıq şəkildə görmək mümkündür.
Nərimanov sonralar özü də etiraf edirdi ki, Moskvada olduğu dövrdə «Azərbaycanda hakimiyyətin bolşeviklərin əlinə keçməsi üçün (əslində müstəqil bir dövləti - Azərbaycan Cümhuriyyətini işğal etmək üçün) hazırlıq işi görülmüş», o, isə bu planın həyata keçirilməsi üçün Leninə xidmət etmişdir. Nərimanov Yusifbəyliyə yazdığı məktubunda bolşev¬ik¬lərlə bir yerdə olmasını siyasi-ideoloji baxışlarındakı fərqlərlə izah etməyə çalışmışdır: «Siz pantürkizm və panislamizm ideyalarını yayarkən, mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım, lakin sizin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kimi, lütfkaranə baxırdım. Türkiyə «zəfərlə» gəlib rüsvayçılıqla getdi». Çox keçmədi ki, Nərimanovu qanadının altına alan Sovet Rusiyası da Azərbaycana «zəfərlə» gəldi, ancaq şimal ölkəsi Türkiyədən fərqli olaraq ləyaqətlə getmədi, sözün həqiqi mənasında bü ölkəni 70 il müstəmləkəsi kimi idarə etdi. Bunu, yalnız 27 aprel işğalınının üstündən bir qədər keçdikdən sonra dərk edəcək Nərimanov hələ, buna qədər müstəqil Azərbaycanın baş nazirinə yazırdı ki, «qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin (yəni Rusiyanın – F.Ə.) həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynadınız…». Halbuki çox keçmədi ki, Sovet Rusiyası «Nərimanov faktoru»ndan da istifadə edərək, 1920-ci ilin aprelində Azərbaycanı müstəmləkə halına gətirdi və Azərbaycan türklərinin başına bir çox faciələr gətirdi.
1917-ci il fevral burjua-demokratik inqilabından sonra Şimali Azərbaycanda ən güclü milli partiyaya çevrilən və Milli Hərəkata rəhbərlik edərək, bütün ictimai təbəqələri təmsil edən isə Müsavat Partiyası olmuşdu. Doğrudur, 1917-ci ildə Gəncədə siyasi-ideya baxışına görə, Müsavatdan çox da fərqlənməyən Nəsib bəy Yusifbəyli, Şəfi bəy Rüsitəmov, Həsən bəy Ağayevin rəhbərliyi ilə "Türk-Ədəm-Mərkəziyyət" da Partiyası yarandı. Partiyanın lideri Nəsib bəy Yusifbəyli Rusiyanı federativ şəkildə görür, bu federasiya çərçivəsində isə Azərbaycanın muxtariyyətini tələb edirdi. Bu faktordan çıxış edərək M.Ə.Rəsulzadə sonralar yazırdı ki, N.Yusifbəylinin Azərbaycan istiqlalı hərəkatındakı rolu yalnız maarif naziri və baş nazir olmaqla kifayətlənməmişdir: «Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərdən çox əvvəl başlamışdır. Bu rol onun Gəncədə 1917-də «Türk ədəmi mərkəziyyət xalq firqəsi» namıyla təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsiylə başlayır. Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir». M.Ə.Rəsulzadə daha sonra qeyd edir ki, əslində Azərbaycan milli ideyası onların tanışlığının ilk illərindən (1914-1915-ci illər) hər ikisində yaranmışdı: «Bu dostluğu bu qədər mətin bağlarla bir görüşmədə bağlayan şey, şübhəsiz, müştərək bir qayə, müştərək bir ruh daşıdığımızı mütəqabilən kəşf edişimiz idi. Bu ruhi-müştərək Gəncədə Nəsib bəyə siyasi bir firqə maddəsinin yazılmasını təlqin etdiyi bir zamanlarda, mənə də Bakıda «Açıq söz» qəzetəsinə eyni tezisi müdafiə edən bir baş məqalə yazdırmışdı».

2. Yazı

Dos., Dr. Faiq ƏLƏKBƏRLİ

1917-ci il aprelin 15-20-si arasında Bakıda keçirilən Qafqaz müsəlmanlarının I qurultayı Azərbaycanın ictimai-siyasi hərəkatında mühüm rol oynadı. Qurultayda «Türk Ədəmi-Mərkəziyyət» Partiyası adından çıxış edən Nəsib bəy Yusifbəyli türklərin tapdalanmış hüquqlarından danışaraq onların birləşməsini vacib saydı. Yusifbəyli qurultaynda deyirdi ki, «kim dava edə bilər ki, biz kəndini (özünü – F.Ə.) idarəyə səlahiyyətdar bir millət deyilik!». Beləliklə, Rəsulzadənin də yazdığı kimi, o bu qurultayda milliyyətçilik (Azərbaycan türkçülüyü), türkçülük, xalqçılıq və modernləşmə (yeniləşmə) prinsiplərini müdafiə etmişdi. Hətta, bununla kifayətlən¬məyərək, eyni prinsiplərlə çıxış edən iki partiyanın birləş¬məsinə təşəbbüs göstərmiş və həmən bunun tətbiqini istəmişdi. Rəsulzadə yazır: «Bir tərəfdən Nəsib bəy, digər tərəfdən də M.Ə.Rəsulzadə ilə A.Kazımzadə tərəfindən təmsil olunan Gəncə və Bakı milliyyətçi Azərbaycan istiqlalçılıq hərəkatında çox mühüm əsərləri sonradan meydana çıxan bu ittihadın hüsulunda Nəsib bəyin zəka və səmimiyyətinin qəti rol oynadığını burada təsdiq etməliyəm».
Rəsulzadə daha sonra yazırdı ki, ümumilikdə, Nəsib bəy xalqçı, idealist, millətpərvər, demokrat və liberal bir şəxsiyyət olmuşdur: «O, milli Azərbaycan demokratiyasının yetişdirdiyi ən tipik müməssil¬lərindən biridir. Elə bir müməssil ki, milli Azərbaycan hərəkatının istiqlala müncər olan qayəsini formulə etmək onun ismilə mərbutdur». M.Ə.Rəsulzadənin silahdaşı, məsləkdaşı Nəsib bəy haqqında dedikləri o qədər doğru, dürüst və səmimidir ki, bu deyilənlərə əlavə bir söz demək çox çətindir. Rəsulzadənin Yusifbəyli ilə bağlı dediklərində diqqəti çəkən məqamlardan biri də, Nəsib bəyi milli Azərbaycan ideyasının müəllifi kimi göstərməsidir. Bu onun göstəricisidir ki, Rəsulzadə memarı olduğu Azərbaycan Cümhuriyyəti ideyasında Nəsib bəyin rolunu daha üstün verməklə öz ləyaqətinin ucalığını ifadə etmişdir.
Qurultaydan sonra siyasi, dini, təşkilati, məktəb və milli məsələlər üzrə komissiyalar yaradıldı. «Qurultayda Gəncədə Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi «Türk Ədəmi-Mərkəziyyət»lə «Müsəlman Demokratik Partiya-Müsavat»ın qiyabi olaraq birləşdirilməsi razılığına gəlindi. Çünki qurultayda «Müsavat»la «Türk Ədəmi-Mərkəziyyət» eyni mövqedən çıxış edirdi. Hər iki təşkilat millətlərə ərazi muxtariyyəti tələbi ilə çıxış edir və Rusiyanın federal əsaslar üzərində qurulmasını tələb edirdi». M.Ə.Rəsulzadə hesab edirdi ki, bu inqilab məhkum millətlərə muxtariyyət, məhkum siniflərə isə hürriyyət verəcəkdi.
Beləliklə, Türkləşmək, islamlaşmaq və müasirləşmək kimi «üçlü» düstura əsaslanaraq Azərbaycan türk muxtar¬iy¬yətini, eləcə də Rusiya daxilindəki digər türk ellərinin avto¬no¬miyası uğrunda mübarizəni Nəsib bəy Yusifbəyli və Məhəmməd Əmin Rəsulzadə 1917-ci il fevral burj¬ua inqilabından sonra rəsmən irəli sürmüş və müdafiə etmişdi. Bununla da onlar, türkçülükdən Azərbaycan Milli ideya¬sına doğru önəmli bir addım atmış və azərbaycançılığın əsasını qoymuş¬lardır. Azərbaycan türkçülüyü ideyası¬nın yaxın hədəfi Azərbay-can türk muxtariyyəti, uzaq hədəfi Azərbaycan türk istiqlalı idi.
Bunun ardınca 1917-ci il mayın 1-dən 11-dək Moskvada Ümumrusiya Müsəlmanlarının I qurultayının keçirilməsi proseslərin qarşısıalınmaz olduğunu ortaya qoyurdu. Qurultayın gündəliyinə bir sıra önəmli məsələlər salındı. Bunlardan dövlət forması, mədəni-milli təyini-müqəddərat, Müəssislər Məclisi və onun seçki kampaniyasının taktikası, Ümumrusiya Müsəlmanlar Şurasına seçkiləri göstərmək olar. Bu qurultayda iki əsas təklif səsləndi. Birinci təklifi irəli sürən Rəsulzadə deyirdi ki, Rusiya Xalq Cümhuriyyəti kimi federativ şəkildə idarə olunmalı, qeyri-rus millətlərə - Azərbaycan, Türküstan, Tatarıstan, Başqırdıstan, Qırğızıstan və b. milli-məhəlli muxtariyyət verilməlidir. Bu fikrin əleyhinə çıxış edən tatar Əhməd Salihov isə Rusiyanın unitarlığının saxlanması şəklində milli-mədəni muxtariyyət ideyasını təklif edirdi. Rəsulzadənin irəli sürdüyü təklifə qurultay iştirakçılarından lehinə 446, əleyhinə 271 səs, Salikovun təklifinə isə lehinə 271, əleyhinə 442 səs verdi.
Qurultaydakı çıxışında unitarist¬lərin (Ə.Salihov və b.) xristianlardan fərqli olaraq müsəlman¬ların vahid bir millət olması ideyasını ciddi şəkildə tənqid edən Rəsulzadə bildirirdi ki, millətin əsas əlaməti dindən daha çox dil, tarix və adət-ənənələr birliyidir: «İslam da digər dinlər kimi, heç şübhəsiz ki, öz inananları arasında bir bağlantı yaratmış¬dır. Amma bu bağlantı milliyyət bağlantısı deyil, beynəlmiləliy¬yətdir. Bu beynəlmiləliyyət xristian qövmləri arasında xristian mədəniyyəti deyilən şeyi vucuda gətirdiyi kimi, müsəlman millətlər də bir ortaq İslam mədəniyyəti yaratmışlar. Amma, bu bütün İslam qövmlərini bir millət halına gətirmək demək deyildir. Xristian milləti olmadığı kimi müsəlman milləti də yoxdur».
«Müsavat»ın 1-ci qurultayındakı çıxışında da (1917-ci il, oktyabr) Rəsulzadə dünyəvi dövlətin tərəfdarı kimi dini mənəvi məsələ hesab edərək onun siyasətə qarışmasının əleyhinə çıxış etmişdir. Onun fikrincə, məscidə daxil olan şəxs siyasəti, partiyanı, ideyanı unutmalı və ancaq Allaha dua etməlidir. Ümumiyyətlə, ruhanilər siyasətlə məşğul olmamalı və siyasi mübarizədə məscid bitərəf qalmalıdır. Dinin dövlətdən ayrı olması öz əksini, Rəsulzadənin təkidi ilə partiyanın yeni proqram¬ında da tapdı: «Hökumət din və məzhbələrdən heç birini digərilərindən üstün tutub, onu himayə və mühafizə edə bilməz».
Cümhuriyyət dövründə də din məsələsində dünyəvilik modelindən çıxış edən Rəsulzadə üzünü islamçılara, xüsusilə onların siyasi təşkilatı olan «ittihadçılar»a tutaraq deyirdi: «Din və məscid öz müqəddəsliyini qoruyub saxlamaq istəyirsə, siyasətdən kənarda qalmalıdır. ruhanilər siyasi ehtiraslar burulğanında sülh və anlaşmanın daşıyıcıları olaraq qalmalıdırlar. Bizə deyirlər ki, qaradovoy, polis ağac ilə, qamçı ilə, ruhanilər isə vəz ilə gələcəklər. Fəqət, siz məni təmin edərmisiniz ki, qaradovoylar qamçı ilə gəldikdə bəzi ruhanilər lənətlər və küfrlərlə gəlməyəcəklər? Qaradovoyun əlində ağac varsa, ruhanilərin də küfrü, lənəti vardır. Əgər istəyirsiniz ki, məscid möhtərəm bir vasitə, sülh və səlah olsun, qoyunuz o bitərəf və müqəddəs qalsın».
Bununla da, vahid «İslam milləti» anlayışını rədd edən Rəsul¬zadə hətta, vahid «Türk milləti» konsepsiyasını da tənqid etmişdir. Çünki onun fikrincə, Rusiyadakı türk-tatar millətləri türk oğlu türk olmaqla, vahid türk dilindən bəhrələnməklə yanaşı, müstəqil şəkildə müxtəlif şivələrə, ədəbiyyata, mədəniyyətə və mətbuata malikdirlər. Rəsulzadə hesab edirdi ki, heç bir türk-tatar milləti, o cümlədən Azərbaycan türkü digər türk millətinə görə dilinə, ədəbiyyatına və adət-ənənələrinə əlivda deməz (8, s.166). Bu anlamda Rəsulzadə Azərbaycan türkcəsinin inkişafına xüsusi önəm verir, ancaq ortaq türkcənin də vacibliyini vurğulayırdı. O qeyd edirdi ki, əski Səlcuqlu-Türkiyə və Azərbaycan türkcəsi bir olmuş, «ortadakı ayrılığı yaradan şey isə Azərbaycan danışığının daha çox Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi türk dövlətlərinin yönətimi altında, Osmanlılardan ayrı, məzhəb baxımından onlara kəskin qarşı olan başqa bir siyasi yönətimin özəyini oluşdurmuşdur».
Bu baxımdan dil məsələsində «osmançılar» (Ə.Hüseynzadə və b.) və «azərbay¬can¬çılar» (C.Məmmədquluzadə, F.B.Köçərli və b.) arasında orta mövqedən çıxış edən Rəsulzadə bir tərəfdən türk ədəbi dilinin xalqın dili ilə bağlı olmasının vacibliyini qeyd etmiş, digər tərəfdən isə onun həddən artıq «aşağıya» enməsinin əleyhinə çıxaraq ortaq türkcənin yaranması təklifi ilə çıxış etmişdi: «Ədəbi dil, xalqın anlayacağı dildir. Yazı dili xalqın danışdığı dildən çox uzaq olmamalıdır. Yazı dilinin anlaşılmaz bir halda olduğunu ədəbi hesab eyləyən dövr çoxdan keçmişdir. İndi bir əsrdəyik ki, hər bir şey ümumiləşdiyi kimi, ədəbiyyat da ümumiləşir. Böylə bir əsrdə məhdud şəxslərə məxsus bir dil ilə yazı yazmaq, əlbəttə, ədəbi hesab olunmaz».
Beləliklə, Rəsulzadə Rusiyada yaşayan hər bir Türk xalqının ayrı-ayrılqda avtonamiyasını irəlki sürür və çıxış yolunu Rusiyanın federativ dövlətə çevrilməsində görürdü: «Rusiyanın idarə forması demokratik respublika olmalıdır». Onun irəli sürdüyü milli-məhəlli (milli-ərazi) muxtariyyət ideyası unitaristlərin (Əhməd Salikov və b.) milli-mədəni muxtariyyət ideyasına qarşı üstünlük saxlamaqla, qurultay nümayəndələrinin əksəriyyəti tərəfindən qəbul edilmişdi.
Milli ideologiyanın ana xəttini təşkil edən milli dövlət ideyasını «Müsavat»ın 1-ci qurultayında (1917, 25-31 oktyabr) da müdafiə edən Rəsulzadə haqlı olaraq qeyd edirdi ki, milli amal (milli ideya) və milli məfkurə (milli ideologiya) olmadan milli istiqlal mümkün deyildir. Beləliklə, istiqlaldan öncə «insanlara hürriyyət, millətlərə istiqlal!» şüarı ilə çıxış edən Rəsulzadənin bu ideyaları «Müsavat»ın yeni proqramında da öz əksini tapmışdı: «… ən müvafiq və ən təbii dövlət milli dövlətdir, çünki milli istiqlal və ya muxtariyyətə malik olmayan bir millət hürriyyət və mədəniyyətini hifz edə bilməz». Bu baxımdan çağdaş tədqiqatçılardan Nazim Cəfərov doğru qeyd edir ki, həmin dövrdə «milli azadlığın alovlu carçısı M.Ə.Rəsulzadə milli azadlığı, milli istiqlalı yalnız yorulmadan təbliğ etmirdi, həm də bəşər mədəniyyəti, ictimai inkişaf baxımından fikrini əsaslandırır, istiqlalın labüdlüyünü sübuta yetirməyə çalışırdı».
Türklük və Turanla bağlı Azərbaycan türkçülüyü ideyası 1-ci Dünya müharibəsi dövründə (1914-1918) meydana çıxmışdır. Belə ki, 1-ci Dünya müharibəsi nəticəsində yeni milliyyətlərin ortaya çıxacağına inanan Rəsulzadə təmsil olunduğu cəmiyyəti əvvəlcə Türk milliyyətçiliyi ya da Qafqaz Türk milliyyətçiliyi, Qafqaz türkləri kimi qələmə versə də, daha sonra Azərbaycan Türk milliyətçiliyi, Azərbaycan türkləri anlayışları üzərində dayanmışdır. Rəsulzadənin dünyagörüşündə “Azərbaycan” milli ideyasının formalaşmasında isə Türkçülük və Turançılıq ideyaları mühüm rol oynamışdır ki, onların hər birinin, yənu Azərbaycanla Türkçülüyün, Azərbaycanla Turançılığın ayrı ayrılıqda ələ alınmasını məqsədə uyğun görürük.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26