Interposta.Info

Ölkə üzrə savadlılıq səviyyəsi:

Ölkə
 7-06-2017, 19:40     670

Təhsil üzrə ekspert: “Beynəlxalq qiymətləndirmə təsdiq etdi ki, Azərbaycan təhsili beynəlxalq standartlara uyğun şəkildə təşkil edilməyib, dərs proqramları tələblərə uyğun deyil”

“İqtisadiyyatın hansı sahələrinin prioritet olacağından asılı olmayaraq, Azərbaycanda orta təhsildəki geriliyi aradan qaldırmaq üçün düşünülmüş, sistemli və davamlı iş aparılmalıdır”.

interposta.info xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov Təhsil Nazirliyinin ölkə üzrə savadlılıq səviyyəsi ilə bağlı açıqlamasını şərh edərkən Pia.az-a açıqlamasında qeyd edib.

Təhsil Nazirliyi ölkə üzrə savadlılıq səviyyəsini açıqlayıb. Məlumata görə, Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhalinin savadlılıq, ibtidai təhsilə nail olma, ibtidai təhsili başa vurma səviyyəsi, eyni zamanda I sinifdən başlayaraq V sinfə qədər təhsilini davam etdirən şagirdlərin xüsusi çəkisi demək olar yüz faizə çatıb. Bu baxımdan son iki ildə təhsil sistemində aparılan islahatları qənaətbəxş hesab etmək olarmı? Ümumiyyətlə, ibtidai təhsil alan şagirdlərin dərs yükünü ağır hesab etmək olarmı?
Ölkə üzrə savadlılıq səviyyəsi:


Kamran Əsədov: “Azərbaycanda orta təhsildə anormal vəziyyətdədir”.

Azərbaycan təhsil sistemində dərs proqramlarının beynəlxalq tələblərə uyğun olmadığını vurğulayan təhsil üzrə ekspert Kamran Əsədova görə, bu sahənin yüksək səviyyədə inkişafı üçün sistemli və davamlı iş görmək vacibdir:

“Əvvəla, dünyada təhsil və məşğulluq məsələri barədə müəyyən faktları sadalamaq istərdim. Dünyada ümumi savadlılıq nəzərəçarpacaq qədər artır. Dünyada cavanlar arasında savadlılıq 89% təşkil edir, halbuki bu göstərici 1990-cı ildə 83% Qadınlar və kişilər arasında savadlığın artım sürəti arasındakı uçurum azalır. Dünyada savadsız əhalinin 60%-i qadınların payına düşür. Burada ən geridə qalmış yer Əfqanıstandır ki, burada da qadınların savadsızlığı 87% təşkil edir. Təhsilin UDM-də payı Lesoto və Kubada 13% təşkil edir ki, bu da dünya üzrə ən yüksək göstəricidir. Nümunə üçün ABŞ-da rəqəm 5,4% təşkil edir. 1990 və 2012-ci illər arasında Afrika Saxarasından ibtidai təhsilə cəlb olunanların sayı 52%-dən 78%-ə çatıb. Qeyd edim ki, 2012-ci ildə dünya üzrə orta qiymət 91% idi. Aşağı insan inkişafı indeksinə malik olan ölkələrdə məktəbdə orta oxuma müddəti 4,2 ildir. Yüksək insan inkişafı indeksinə malik ölkələrdə isə bu göstəricinin qiyməti 11,7 il təşkil edir.

Mənim qənaətimə görə, təhsilin kəmiyyət göstəricilərini təmin edən məqamlarla yanaşı, təhsilin keyfiyyəti məsələlərinə də xüsusi diqqət ayrılmalıdır. Bu mənada təhsilə çəkilən xərclərin hiss olunacaq qədər böyük qismi təhsilin bütün səviyyələrində əsas aparıcı qüvvə olan müəllimlərin inkişafına yönəldilməlidir. Keyfiyyətli müəllim kadrlarının hazırlığına xüsusi diqqət verilməlidir. Müəllimlərin peşə hazırlığının artırılması üçün geniş və səmərəli tədbirlər planı hazırlanmalıdır. Belə ki, istənilən fənnin tədrisində birinci dərəcəli məqam güclü məntiqin olmasıdır. Buna görə də düşünürük ki, müəllimlərə məntiqi məsələlərin həlli istiqamətində treninqlər təşkil edilməlidir. Bundan əlavə xarici dil (xüsusilə də ingilis və rus dilləri) üzrə treninqlər təşkil edilməli, tədris və təlimdə müasir üsullar öyrədilməli, kompyuter və multimedia vasitələrindən istifadə üçün imkanlar təşkil edilməlidir. Müxtəlif fənnlər üzrə fərqli mövzularda nümunəvi video dərslər AR Təhsil nazirliyinin və AR Prezidenti yanında TQDK-nın saytlarında yerləşdirilməlidir ki, müəllimlər onlardan rahat şəkildə istifadə edə bilsinlər. Dünya təcrübəsində qabaqcıl ölkələrin təhsil xərcləri ÜDM-in 7-8 faizini təşkil edir. Belə ki, ABŞ-da bu göstərici 5,4%, Norveçdə təxminən 9%, Finlandiyada 8% təşkil edir. Azərbaycanda bu göstəricin qiyməti 2,5%-dir. Dünya ölkələri ilə müqayisə göstərir ki, Azərbaycan bu göstəricini tədricən artırmalıdır.

Kamran Əsədov: “Azərbaycanda savadlıq səviyyəsi kifayət qədər yüksəkdir”.


Azərbaycanda savadlıq səviyyəsi kifayət qədər yüksəkdir. Qeyd edim ki, savadlılıq dedikdə oxuyub-yazmaq bacarıqları başa düşülür. Belə ki, statistik məlumatlara əsasən Azərbaycanda savadlılıq səviyyəsi 99.8%-dir. Azərbaycanda savadlıq səviyyəsinin quruluşunda 2014-cü il üçün hər 1000 nəfərə düşən ali savadlıların sayı 126 nəfər, orta ixtisas təhsilli mütəxəssislərin sayı isə 85 nəfər təşkil edir. Bu göstəricilər qabaqcıl dünya ölkələrinin göstəricilərindən təqribən 2 dəfə aşağıdır. Skandinaviya ölkələrində isə ali təhsillilərin sayı çox yüksəkdir. Məsələn, Norveçdə 25 yaşdan yuxarı əhalinin demək olar ki, hamısı ali təhsillidir. Müqayisəli təhlil göstərir ki, Azərbaycanda təhsilin bütün pilləri üzrə kəmiyyət göstəricilərinin artırılması üçün geniş meydan var, lakin bunun həyata keçirilməsi üçün xüsusi proqram işlənib hazırlanmalıdır. Belə ki, dünyada belə bir təcrübə mövcuddur ki, universitetlərdə 2 illik institutlar təşkil olunmaqla tələbə qəbulunu genişləndirmək hesabına potensialları nisbətən aşağı olan abituriyentləri buraya yönəltməklə onlara konkret ixtisaslar öyrədilir. Nəticədə konkret ixtisasa yiyələnmiş, universitetlərdə 2 illik təhsil almış, iqtisadiyyatın müxtəlif sahələrində işləyə bilən və müəyyən mənada ali təhsili olan vətəndaşlarımızın sayını artıra bilərik.

Azərbaycanda orta təhsilin keyfiyyəti məsələlərinə gəlincə, bu məsələyə iki baxış bucağından baxılıb.

Beynəlxalq müqayisə: PİSA2006 və 2009 materialları üzrə Azərbaycanın 15 yaşlı yeniyetmələri dünya üzrə 65 ölkənin qatıldığı yarışmada beynəlxalq qiymətləndirmə üzrə məktəblilərin beynəlxalq qiymətləndirmə proqramında Azərbaycan 2 dəfə iştirak edib. Qiymətləndirmə 3 istiqamət üzrə aparılıb: oxuduğunu anlamaq, riyaziyyat və digər elmlər üzrə. Əldə edilən nəticələrə görə bizim məktəblilər oxuduğunu anlamaq üzrə 600 mümkün baldan 353 bal toplayaraq bu istiqamət üzrə dünyada 54-cü yerə çıxıblar. Riyaziyyat üzrə 476 bal ilə 32-ci yerə, digər elmlər istiqaməti üzrə isə 382 bal ilə 55-ci yerə çıxıblar. Toplam ortalama olaraq isə dünya üzrə 64 ölkə arasında 54-cü yeri tutublar. Təəssüf hissi ilə qeyd etməliyik ki, bu beynəlxalq qiymətləndirmə təsdiq etdi ki, Azərbaycan təhsili beynəlxalq standartlara uyğun şəkildə təşkil edilməyib. Dərs proqramları tələblərə uyğun deyil.

Keçən il orta məktəbdə buraxılış imtahanlarının və qəbul imtahanlarının araşdırılması nəticəsində müəyyən olunub ki, abituriyentlərin 64,7% qəbul imtahanlarında 200-dən az bal toplamışdılar ki, bu da əslində qeyri-məqbul (“2”) deməkdir. Hesablamalarıma görə, normal paylanma qanununa əsasən bu göstəricinin nəzəri qiyməti 6,68% olmalı idi.Real qiymətin 64.7%-in nəzəri qiymətdən 6.68%-dən təxminən 10 dəfə böyük olması Azərbaycanda orta təhsildə anormal vəziyyətin mövcud olduğunu göstərir.

Ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 43,89%-i 0-100 bal, 20,76%-i 100-200 bal toplayıblar. 200-300 bal arasında abituriyentlərin 13,61%-i, 300-500 arasında 15,73%, 500-700 bal arasında isə abituriyentlərin 6,01%-i nəticə göstəriblər. Azərbaycan bölməsindəki abituriyentlərin sayı 84739 nəfər, rus bölməsində isə 7904 nəfər olub. Azərbaycan bölməsi üzrə median 116,92 bal, rus bölməsi üzrə isə 186,43 bal olub.

Ali təhsilə gələnlərin, demək olar ki, hamısı orta məktəb məzunlarıdır. Ali təhsildə Bolonya prosesinə uyğun qiymətləndirməni nəzərə alsaq, yəni 0-50 bal “F” (qeyri-məqbul) olduğu üçün əslində ideal vəziyyətdə ali məktəbə qəbul balı ümumiyyətlə, 351 baldan aşağı olmamalıdır (700/2+1). Xüsusi istedad tələb edən ixtisasları (ifaçılıq, rəssamlıq, idman növləri və s.) nəzərə almasaq 351 bal qəbulun aşağı həddi kimi təsbit edilməlidir. Xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 39 universitetdən yalnız 15-nin orta balı 351-dən aşağıdır.

Azərbaycan gəncləri yaxşı şəraitə malik olan məktəblərdə oxuyurlar, yəni təhsilin maddi-texniki bazası sahəsində xeyli işlər görülüb. Mən bu qənaətdəyəm ki, məktəblərdə müəllimlərin real əmək haqqı (150-300 Azn) xeyli artırılmalıdır və bu zaman nəzərə almaq lazımdır ki, Azərbaycan üzrə orta əmək haqqı 455 AzN təşkil edir. Ali məktəbə qəbul olan tələbə orta məktəbin yetirməsi olduğu üçün onların nisbətən zəif hazırlıqlı qismi burada olan çatışmazlıqları ətalət üzrə müəyyən mənada ali məktəbə daşıyır. Lakin ali məktəb məzunlarının keyfiyyəti ilk növbədə əmək bazarında onlara olan tələblə ölçülür ki, bu sahədə müəyyən fikir yürütmək üçün düşünürük ki, ciddi tədqiqata ehtiyac var.

Mənim fikrimcə, iqtisadiyyatın hansı sahələrinin prioritet olacağından asılı olmayaraq, Azərbaycanda orta təhsildəki geriliyi aradan qaldırmaq üçün düşünülmüş, sistemli və davamlı iş aparılmalıdır. Peşə, texniki-peşə və orta ixtisas təhsili isə bazarın bugünkü və perspektiv tələbləri baxımından tənzimlənməlidir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26