Interposta.Info

Bakı-Tiflis-Qarsdan ermənilərin istifadəsi mümkündürmü...

Müxtəlif
 2-11-2017, 08:44     10 048

Deputat: “Artıq elə bir dövr yetişib ki, müharibələr yalnız döyüş meydanlarında və yalnız döyüş silahları ilə aparılmır”

Bakı-Tiflis-Qars dəmiryol xəttinin açılması ilə ermənilərin bu layihədən bəhrələnməsi məsələsi də gündəmə gəlmiş oldu. Ermənistanın bir dövlət olaraq Azərbaycanın təşəbbüskarı olduğu layihəyə qoşulmasının tək şərti məlumdur: işğal edilmiş torpaqlarımızın azad olunması.

Bəs sıravi ermənilər, xüsusilə də BTQ-nin keçdiyi Gürcüstanın, Türkiyənin erməni əsilli vətəndaşları bu xətdən istifadə edə bilərmi? Azərbaycan buna hər hansı formada qadağa qoymalıdırmı?

Milli Məclisin üzvü Zahid Orucun dediyinə görə, Ermənistan BTQ layihəsi gündəmə gəldiyi ilk vaxtlardan onun reallaşmaması üçün əlindən gələni edib: “Əvvəla, qeyd edim ki, iki gün əvvələdək Ermənistanın daxilində vətəndaşların və siyasi hakimiyyətin bu layihəyə baxışı bir-birindən kəskin şəkildə fərqlənməkdəydi. Uzun illərdir Dağlıq Qarabağ münaqişəsi üzündən əziyyət çəkən, sosial durumu aşağı olan sıravi ermənilərdən fərqli olaraq, maddi təminatını həll etmiş hakimiyyət elitası layihəyə qarşı çıxır, onun icrasına mane olmağa çalışırdı. Gürcüstanda olan erməni əsilli adamlar bu prosesdə xüsusi rol oynayırdılar. Layihənin yekunlaşması elə bu səbəbdən də bir qədər yubandı. İddialar da məlumdur: layihə qeyri-rentabellidir, gəlir gətirməyəcək və sair. Azərbaycan təkcə 2007-ci ildə layihəni iqtisadi baxımdan rentabelsiz elan edən ABŞ-ın deyil, çevrəsindəki bu cür qüvvələrin də müqavimətini qıraraq layihəni reallaşdıra bildi”.

Deputat deyir ki, sıravi ermənilərin BTQ-dən istifadəsi ilə bağlı bir neçə hüquqi məqama diqqət etmək lazımdır: “Dəmiryol xəttinin tikintisi üçün Azərbaycan Gürcüstana böyük həcmdə kreditlər verib. Bu kreditlər qaytarılanadək xəttin Gürcüstan hissəsinin idarəetməsi Azərbaycanın nəzarətində olacaq. Yəni bu kreditlər qaytarılandan sonra hər ölkə öz daxilindəki hissə ilə bağlı qərar vermək hüququ əldə edəcək. Lakin buna baxmayaraq, dəmir yolundan istifadə etmək istəyən Gürcüstan vətəndaşlarına hansısa milli fərq qoyulması düzgün olmazdı və mümkün də deyil”.

Bakı-Tiflis-Qarsdan ermənilərin istifadəsi mümkündürmü...

Z.Orucun fikrincə, Ermənistanın sadə vətəndaşları BTQ-dən istifadə edərsə, bu, Azərbaycanın maraqlarına uyğundur: “Bu, Ermənistanın maraqlarına zərbədir. Əgər sıravi ermənilər hakimiyyətin formalaşdırdığı ideoloji kursdan kənara çıxıb bu xətdən istifadə edəcəksə, bu, çox yaxşı haldır. Nəzərə almaq lazımdır ki, erməni hakimiyyəti bu layihəni Dağlıq Qarabağ müharibəsinin tərkib hissəsi, özləri üçün təhlükə adlandırırlar. Artıq elə bir dövr yetişib ki, müharibələr yalnız döyüş meydanlarında və yalnız döyüş silahları ilə aparılmır. Müharibə həm də iqtisadi meydanda, regional layihələr və sair yollarla aparılır. Bu baxımdan, ermənilərin bir hissəsini ram edib öz layihəmizə cəlb edəcəyiksə, bundan qətiyyən narahat olmamalıyıq. Xatırlayaq ki, Ermənistan bizim regional layihələrə qoşulmaq üçün dəfələrlə cəhdlər göstərib, bizə müxtəlif yollarla təzyiqlər etdirib. Heç nə alınmadıqda isə onlara mane olmağa çalışıb. Məsələn, BTQ-nin özünə qarşı alternativ yaratmaq üçün Abxaziyaya gedən dəmiryol xəttini təmir etdilər, daha sonra İranla müqavilə bağladılar, kreditləşmə üçün addımlar atdılar. Lakin hələ də Ermənistanı İranla birləşdirəcək deyilən dəmiryol xətti hazır olmayıb. Düşünürəm ki, olmayacaq da. Çünki İrandan gedən qatarın daşıdığı yüklər harasa çıxmalıdır axı. Ermənsitanın indiki əlaqələri ilə o qatar heç yerə çıxa bilməyəcək - Türkiyəyə, Azərbaycana mümkün deyil, Gürcüstana BTQ vasitəsilə xətt artıq işə düşdü. Yəni ermənilərin öz siyasətləri özlərinin izolyasiyasına səbəb olub. Ermənistanın dövlət olaraq bu xəttlə yük daşıması qeyri-mümkündür. Amma sıravi ermənilərə hər hansı qadağanın qoyulması bizə lazım da deyil”.

Onu da qeyd edək ki, BTQ ilə sərnişin daşınmasına 2018-ci ildə başlanması nəzərdə tutulur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26