Interposta.Info

Qatardan qaçan məhbuslardan biri tutuldu

Müxtəlif
 27-10-2017, 10:00     9 911

Azərbaycanda ağır cinayət törədib qaçanlar üçün niyə pul mükafatı qoyulmur?

Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədovun qaçması ölkə gündəmində ən çox müzakirə edilən məsələlərdən biridir. Qeyd edək ki, hər iki məhbus ağır cinayət törətmiş şəxslər Lənkərandan Bakı İstintaq Təcridxanasına aparılarkən qatardan qaçıblar. Oktyabrın 26-da Əli Ağami saxlanılıb.


Penitensiar Xidmətin mətbuat xidmətindən verilən məlumata görə, 1989-cu il təvəllüdlü Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, qaçan məhbuslar, cinayətkarların ələ keçirilməsi üçün dünyanın ən inkişaf etmiş ölkələrində, o cümlədən ABŞ, Avropa, həmçinin qardaş Türkiyədə dövlət tərəfindən pul mükafatı qoyulur. Adətən dünyada həbsxanadan qaçanları və ya axtarışda olanları tapıb, yenidən həbsə göndərməkdə köməklik edən şəxslərə “kəllə ovçuları” deyilir. Polis bu cür şəxslərin təhlükəsizliyini qoruyacağına söz verir. Mütəmadi olaraq bu işlə məşğul olan “kəllə ovçuları” ildə orta hesabla 45-100 min dollar qazana bilirlər. Əgər həbsxanadan qaçan daha ağır cinayətkardırsa, o zaman bu məbləğ bir neçə dəfə qədər artır. Məsələn, Amerikada qatili tapmaq üçün adətən 10 min dollar təklif olunur. Cinayətkar daha təhlükəli olarsa, məbləğ 50 min dollara qədər qalxır.

Rusiyada da belə bir praktika var. Buna əyani sübut kimi ötən aylarda baş verən olayı xatırlatmaq olar. Belə ki, Rusiyanın Daxili İşlər Nazirliyi pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirləndirilən azərbaycanlı Anar Allahverənovun yerini deyən şəxs üçün 500 min rubl (təxminən 15 min manat) mükafat vəd vermişdi.

Qeyd etdiyimiz kimi, Türkiyə dövləti də vaxtaşırı cinayətkarlar üçün, xüsusən də qatillərə görə pul mükafatları vəd verir. Hətta terrorçuluq barədə məlumat verilməsi ilə əlaqədar 2006-cı ildə Türkiyə parlamentinin qərarı ilə mükafatlandırma qəbul edilib. Adi terrorçunun yerini deyənə 200 min TL (təxminən 72 min manat), daha ağır terrorçular üçün isə 4 milyon TL (təxminən 1 milyon 440 min 800 manat) təklif olunur. ABŞ bu baxımdan 30 il ərzində 80-dən artıq şəxsə 125 milyon dollar, İngiltərə isə 100 milyon dollar xərcləyib.

Bəs Azərbaycanda da belə bir praktika varmı?

Ekspertlər qeyd edir ki, çox nadir hallarda olsa da ölkəmizdə də bu cür praktika həyata keçirilir Məsələn, 2010-cu ilin martında Sumqayıt şəhərində naməlum şəxs “Makarov” tipli tapançadan atəş açaraq valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi qətlə yetirmiş, onun atası İsmayıl Balayeyə isə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçmışdı. Hüquq-mühafizə orqanları həmin şəxsin fotorobotunu hazırlayaraq mətbuat vasitəsilə yayımlamışdı. Həmçinin məlumatda bildirilirdi ki, cinayətkarı görüb, yerini deyənlərə, anonimlik tam təmin edilməklə təsdiqlənəcəyi halda 10.000 manat pul mükafatı veriləcək.

Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Ölkəmizdə də bu cür praktika var, lakin qanunla təsbit olunmayıb. Lakin dünya praktikasında bu var. Hətta sovet dönəmində də bu cür praktikalar olub, lakin qanunla tənzimlənməyib. Hüquq-mühafizə orqanlarını ekstrasens və ya falçı kimi qəbul etmək olmaz. Məsələn, kim hara qaçdı, harada gizləndi və ya hansısa cinayəti gizli şəraitdə törədəndə bəzən polislər xəbər tutmaya da bilər. Elə məqamlar var ki, polislər də aciz olur. O zaman cinayətin açılmasında və ya qaçan məhbusun yenidən həbs olunmasında bu cür metoddan istifadə edilir. Bu, qanunla təsbit olunmasa da yazılmamış qanun kimi qəbul etmək olar”.
Qatardan qaçan məhbuslardan biri tutuldu


Mahmud Hacıyev qeyd etdi ki, bu cür praktikadan geniş istifadə etmək də doğru deyil: “Bu elə bir praktikadır ki, onu hər məqamda tətbiq etmək doğru deyil. Əvvəla, Azərbaycan Rusiya, ABŞ və digər dövlətlər kimi böyük əraziyə malik deyil ki, tez-tez istifadə edilsin. Coğrafi şərait hansısa cinayətkarın həbs olunmasına, cinayət işlərinin açılmasına çətinlik törətmir. Bu praktikanın tez-tez tətbiq edilməsinin özü absurddur, doğru deyil. Həm hüquqi baxımdan da düzgün deyil. Onda belə bir sual ortaya çıxa bilər ki, bu metod tez-tez tətbiq olunursa və vətəndaşlar cinayətlərin açılmasına çalışırsa, onda hüquq-mühafizə orqanları nə üçündür? Axı onlar əmək haqqı, mükafatlar alırlar, bu, həm də onların vəzifə borclarıdır. Bu konteksti də unutmaq olmaz”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26