Interposta.Info

Cəbhədə yeni gərginlik - Sərkisyan danışıqlar təşəbbüsünə atəşlə cavab verdi

Müxtəlif
 24-10-2017, 11:20     9 416

İşğalçı ölkə növbəti təxribatı ilə danışıqların davam etdirilməsinə yer qoymadı; ekspertlərə görə, Cenevrə görüşünün nəticəsiz qalmasına görə həmsədrlər məsuliyyət daşıyırlar; politoloq: “Ermənistanın təxribatlarına ən sərt formada cavab verilməlidir”

Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində həyata keçirdiyi növbəti təxribat nəticəsində ordumuzun əsgəri, 1999-cu il təvəllüdlü, 2017-ci ilin aprelində hərbi xidmətə çağırılmış Zeynalov Cabbar Firuddin oğlu şəhid olub. Xain düşmənin hədəfinə tuş gələn qəhrəman əsgərimiz oktyabrın 23-də Saatlı rayonunda dəfn edilib.

Düşmənin növbəti alçaq hərəkəti bir daha əminlik yaradır ki, Ermənistanla dinc danışıqların heç bir mənası yoxdur. Hansı ki, bu hadisə uzun fasilədən sonra İsveçrənin Cenevrə şəhərində prezidentlər səviyyəsində reallaşan görüşdən heç bir həftə keçməmiş baş verdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təşkil edilmiş həmin görüşdən sonra həmsədrlər, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi və hər iki ölkənin xarici işlər nazirlərinin yaydığı birgə bəyanatda görüşün “konstruktiv mühitdə keçdiyi” iddia olunurdu.

Ancaq görüş başa çatandan bir neçə dəqiqə sonra Ermənistanın cinayətkar prezidenti nə qədər “konstruktiv olduğunu” nümayiş etdirdi. Belə ki, İsveçrə ermənilərinin qarşısında çıxış edərkən o, gərginliyin azaldılması, ön cəbhədə qurbanların olmaması üçün tədbirlər görməyə razılaşdıqlarını desə də, ardınca bunun əksinə mövqe ortaya qoydu.

Erməni prezidentin Cenevrə razılaşmasını pozduğu Azərbaycan XİN başçısı və prezident köməkçisi tərəfindən bəyan olundu. O da məlum idi ki, S.Sərkisyanın bu çıxışı danışıqların davamına yox, təmas xəttində gərginliyin körüklənməsinə hesablanıb. “Yeni Müsavat” bu təhlükə barədə qabaqcadan xəbərdarlıq etmişdi və təəssüf ki, gözləntilər özünü doğrultdu.

Belə görünür ki, S.Sərkisyan üçün 2018-ci ilin aprelində hakimiyyətdə yerdəyişmələr etmək daha vacibdir, nəinki Qarabağ probleminin dinc yolla həlli istiqamətində addım atmaq. Bir sıra erməni ekspertlər də əmindir ki, Sərkisyanı hazırda hakimiyyət maraqları daha çox maraqlandırır. Çünki S.Sərkisyan hakimiyyəti təhvil verəcəyi təqdirdə Qarabağdakı cinayətlərinə görə olmasa da, 2008-ci ilin martında prezident kürsüsünü zəbt edən zaman İrəvanda erməniləri qətlə yetirdiyinə görə cəzalandırılacaq. Odur ki, onunçün prezident kürsüsünü baş nazir kürsüsünə dəyişmək həyati əhəmiyyətli məsələdir. O vaxta qədər isə Sərkisyanı ancaq radikal çıxışları, cəbhəboyu və təmas xətti boyunca gərginliyin saxlanılması xilas edə bilər.

****

Diqqətçəkən bir məqam var, düşmən tərəf ənənəvi qaydada təxribatlar öncəsi saxta informasiyaları dövriyyəyə buraxır, Azərbaycan tərəfin atəşkəsi pozması, erməni əsgərlərini öldürməsi ilə əlaqədar iddiaları tirajlayır. Doğrudur, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq torpaqlarını işğal etmiş orduya qarşı hər an istənilən sərt tədbiri həyata keçirə bilər. Bu mənada ona hər hansı iradın tutulması da yersizdir. Ancaq düşmən Cenevrə razılaşmasının məhz “Azərbaycan tərəfdən pozulduğu” görüntüsünü yaratmaq üçün dəridən-qabıqdan çıxırdı.

Ancaq S.Sərkisyanın İsveçrədəki avantürist bəyanatına reaksiya verməyən həmsədrlər heç Ermənistan ordusunun işğal altındakı Azərbaycan ərazilərində hərbi təlim keçirməsinə, atəşkəsin hər gün azı 100 dəfə pozulmasına da məhəl qoymadılar. Nəticədə ordumuz itki verdi. Bundan əvvəlsə erməni tərəf çavuş tərəfindən güllələnən əsgərlərin ölümünə görə Azərbaycan tərəfini günahlandıran məlumat yaydı, sonradan məlumata düzəliş etsələr də, artıq ox yaydan çıxmışdı. Görünür, Ermənistana Azərbaycan əsgərini qətlə yetirməsini əsaslandırmaq üçün belə dezoları yaymaq lazım imiş.

Düşmən bununla da kifayətlənmir. İndi də qabaqdangəlmişlik edib Azərbaycan ordusunu “Spayk” raketlərindən istifadə etməklə atəşkəsi pozmaqda ittiham edirlər. Erməni mediası bu saxta məlumatı manşetlərdən yayıb. Bununla növbəti cinayətlərinə haqq qazandırmağa, yaxud da daha ağır silahlardan istifadəyə görə məsuliyyəti öz üstlərindən atmağa çalışırlar.

Artıq Azərbaycanın Müdafiə Nazirliyi işğalçı ölkəyə cavab verib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən tank əleyhinə idarəolunan “Spayk” raket kompleksləri görünür.

Fakt budur ki, S.Sərkisyan Cenevrə danışıqlarına atəşlə cavab verdi, yeni cinayətə imza atdı. Məhz onun dolayı mesajından sonra gərginlik artdı. Belə vəziyyətdə danışıqların aparılmasının da mənası qalmır. Elə ekspertlərimiz də bu fikirdədir.

“Ermənistan prezidentinin Cenevrədə keçirilən görüşdən sonra verdiyi açıqlamalar və işğalçı ölkənin qoşunların təmas xəttində təxribatları davam etdirməsi sübuta yetirir ki, rəsmi İrəvanın və himayəçilərinin mövqeyində hər hansı dəyişiklik baş verməyib”. Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlaması zamanı belə dedi. Ekspertin sözlərinə görə, yaranmış vəziyyət işğalçıya qarşı bir sıra tədbirlərin həyata keçirilməsini zəruri edir: “Düşünürəm ki, Azərbaycan Ermənistana qarşı sanksiyaların həyata keçirilməsini tələb kimi irəli sürməlidir. İndiki şəraitdə işğalçı ölkə ilə danışıqların davam etdirilməsinin heç bir anlamı yoxdur. Çünki Ermənistan hər dəfə danışıqlar prosesindən sonra qoşunların təmas xəttində təxribatlarını gücləndirəcək və növbəti danışıqların da münaqişənin həllinə xidmət edən prinsiplər üzrə deyil, atəşkəsə qorunub-saxlanılması müstəvisində davam etdirilməsinə çalışacaq. Biz nəyin bahasına olursa-olsun, bu lənətlənmiş dairədən çıxmalıyıq. Ermənistan hər dəfə, təbii ki, beynəlxalq və regional vəziyyətdən asılı olaraq fərqli fasilələrlə eyni taktikanı davam etdirir. Hər danışıqlar öncəsi və sonrası qoşunların təmas xəttində və sərhəddə vəziyyəti gərginləşdirir və prosesin yenidən ”0" nöqtəsindən başlanımasına zəmin yaradır. Biz dəfələrlə təkrarlanan bu taktikanı pozmalıyıq. Düşünürəm ki, Ermənistanın təxribatlarına ən sərt formada cavab vermək lazımdır. Çalışmaq lazımdır ki, işğalçı daha çox itkilərə məruz qalsın və bu, hər gün baş versin".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu diqqəti həmsədrlərin mənasız təşəbbüslərinə yönəltdi:
“Həmsədrlər prezidentləri görüşdürmək üçün son bir ildə tərəflərlə danışıqlar apardılar. Onların bölgəyə səfərlərinin əsas məqsədi iki ölkənin prezidentlərini görüşdürmək və onlar arasında fikir mübadiləsini təşkil etmək idi. Azərbaycan və Ermənistan prezidentləri Cenevrədə əvvəlcə həmsədrlərin iştirakı ilə görüşdülər, daha sonra təkbətək bir araya gəldilər. Prezidentlərin görüşünün yekunu olaraq bəyanat yaydılar. Bu bəyanatın mətni bəyanatdakı Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə razılaşdırıldı. Həmin bəyanatda xeyli ümumi ifadələr var. Həmin bəyanatda əsas cümlə budur: ”Görüş konstruktiv mühitdə keçdi". Böyük ehtimalla həmsədrlər bəyanatın mətnini və bu cümləni görüşdən xeyli əvvəl tərəflərlə razılaşdırmağa çalışıblar. Əks halda, heç bir belə görüş keçirməyə cəhd etməzdilər. Həmsədrlərin məqsədi prezidentlərin görüşü vasitəsilə prosesin uğurla davam etdiyini göstərmək idi. “Görüş konstruktiv keçdi” ifadəsi nə deməkdir? Yəni prezidentlər görüşlərini davam etdirməyə razılaşdılar. Ancaq prezidentlər əvvəl də görüşürdülər. Prezidentlər ildə ən azı bir dəfə görüşürlər. İki ölkənin prezidenti 2016-cı il aprel döyüşlərindən sonra iki dəfə görüşdülər. Bəs bu görüşün nəticəsi nə oldu? Heç nə! Torpaqlar işğal altında qalmaqda davam edir, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etmək istəmir. Cenevrə görüşündən sonra da heç nə dəyişmədi".

E.Şahinoğlu son gərginliyi təəccüblü saymır:
“Həmsədrlərin hazırladıqları ortaq bəyanatda belə bir cümlə də var: ”Prezidentlər təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar". Bunun baş verməsi üçün yuxarıdakı şərt yerinə yetirilməlidir, yəni Ermənistan şifahi də olsa Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına hazırlıq ifadə etməlidir. Bu olmadıqca, tərəflərin atəşkəsə riayət edəcəyi problematikdir. “Təmas xətti boyunca gərginliyi azaltmaq” yolunda ən böyük addım o olardı ki, snayperlər və geniş məsafəli raket qurğuları təmas xəttindən geri çəkilərdi. Azərbaycan snayperləri və raket qurğularını geri çəkməyəcək. Çünki danışıqlarda irəriləyiş yoxdur. Belə olan halda Azərbaycan ordusu işğalçıya qarşı təzyiqi davam etdirəcək. Və nəhayət, bəyanatın özü haqqında. Vaxtilə Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan və Ermənistan prezidentlərinə hazırkı bəyanatdan dəfələrlə güclü sənədə imza atdırmışdı. Həmin sənəddə xeyli maddə var idi. Həmin sənəddəki müddəalar yerinə yetirildimi? Və ya həmin sənədi bu gün xatırlayan varmı? Eləcə də bu sənəd atəşkəsin növbəti pozuntusundan sonra yaddan çıxacaq. Həqiqi sülh sazişinin imzalanması üçün böyük dövlətlər Ermənistan hakimiyyətinə təzyiq etməlidir. Bu təzyiq yoxdursa, istənilən Ermənistan prezidenti sülh sazişinə, mərhələli həll planına imza atmayacaq. Sülh yoxdur. Ancaq tərəflər arasında inamın bərpası üçün Ermənistan hakimiyyəti iki addım ata bilər. Birinci addım: Ermənistan Dağlıq Qarabağdakı iki azərbaycanlı girovu azad edə bilər; İkinci addım: Ermənistan üzərinə öhdəlik götürür ki, işğal altındakı torpaqlarda bundan sonra tikinti aparmayacaq, fabrik inşa etməyəcək, köçürmə həyata keçirməyəcək. Ermənistan prezidenti bu iki addımı da atmır. Serj Sərkisyan İlham Əliyevlə Cenevrə görüşündən dərhal sonra İsveçrədə yaşayan erməni diasporunun nümayəndələri ilə görüşdü və onlara dedi ki, Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq. Sərkisyanın bu sözlərinə cavab olaraq Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov dedi ki, Serj Sərkisyan danışıqlar zamanı əldə olunan razılaşmanı yenə də pozdu. Sərkisyanın görüşdən sonrakı açıqlaması, Dağlıq Qarabağda başlanan hərbi təlimlər və Azərbaycan prezidentinin köməkçisinin erməni prezidentə verdiyi cavab prezidentlərin Cenevrədəki görüşün də nəticəsiz qaldığına və Ermənistanın mövqeyinin dəyişmədiyinə işarə idi. Cenevrə görüşünün nəticəsiz qalmasına görə isə həmsədrlər birbaşa məsuliyyət daşıyırlar".

“Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş vermiş düşmən təxribatına görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Bu isə Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatındandır. Deməli, erməni tərəfinin günahı ucbatından danışıqların yerini yenə də silahlar alacaq. Azərbaycan prezidentinin BMT tribunasından aprel xəbərdarlığını etməsi, görünür, işğalçıya dərs olmayıb...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26