Interposta.Info

"Çoxdan xalq artisti olmalıydım" —

Maqazin
 14-02-2017, 12:15     693

"Çoxdan xalq artisti olmalıydım" —

interposta.info xəbər verir ki, tanınmış müğənni Nadir Qafarzadə "Ölkə.Az"-ın suallarını cavablandırıb
- Nadir bəy, yaradıcılığınızda nə kimi yeniliklər var?

- Mənə yaradıcılıq, sənət, iş haqqında sual veriləndə sevinirəm. İnsan həyata gəlirsə, işləmək üçün gəlir. Bu, peşədən asılı olmayaraq belədir. Mən də 1983-cü ildən sənətdəyəm. Ancaq özümü təsdiqləmişəmmi, təsdiqləməmişəmmi, sevilmişəm, yaxud əksinə, onu mən yox, dinləyici və tamaşaçı bilər. Son bir ay ərzində Faiq Sücəddinovdan dörd mahnı oxumuşam. İlhamə Quliyevanın mahnılarına yeni nəfəs vermişəm. İqtisadi böhrandır, pul qazanmıram, amma ailəmə ayırdığım büdcədən kəsib sənətimə ayırmışam. Əgər bu yükün altına girmişəmsə, sənətimi də qorumalıyam, o da mənim həyatımın bir parçasıdır. Sənətimlə ailə saxlayıram, qohumumda ehtiyacı olanlara kömək edirəm.

- Mahnılardan danışırdıq...

- Bir ay ərzində dörd mahnını aranjimanla bir yerdə oxumuşam. Xalq artisti Faiq Sücəddinov bu mahnıları mənə hədiyyə edib. İlhamə Quliyevanın 25 il əvvəl oxuduğu üç mahnını oxumuşam.

- Hansı mahnılardır?

- Faiq Sücəddinov İlhamə xanımın repertuarından olan "Yalan", "Bilsən necə darıxmışam", "Səninəm"i mənə hədiyyə edib. "Sən yoxsan yanımda" adlı mahnı isə mənə yazılıb. Həmçinin Cahangir Cahangirovun Süleyman Rüstəmin sözlərinə yazdığı "Sevgilim, söyləmə vəfasız mənə" əsərini oxumuşam. Bu mahnını İslam Rzayev, Xeyransa Məmmədova kimi sənətkarlar oxuyub, amma son zamanlar heç kim ifa etməmişdi. Çox çətin əsərdir, akustik versiyada təqdim etmişəm. Rus estradasından Yıldız Usmanovanın repertuarından "Ana" mahnısını milliləşdirib oxudum. Bu mahnını oxumaq içimdən gəldi. Anasızlıq, ana sevgisi məni buna vadar etdi. Dinləyənlər deyirlər ki, pis deyil.

- Bu yaxınlarda efirdə oriental oynamışdınız...

- "Lider" televiziyasının "Həyat tərzi" verilişində mənim doğum günümü keçirirdilər. Rəqqasə Rəna sürpriz olaraq, gəlib qarşımda oriental oynadı. Mən də jest və onu səhnədə tək qoymamaq mənasında bir-iki hərəkətlər etdim. Orada mən nə burcutmuşam, nə göbək atmışam. Belə baxanda bu, şərq ritmidir, mən onu "Tərəkəmə", "Süleymani" kimi oynamayacaqdım ki. Şərqdə kişilər oriental da olmasa, bu tip rəqslər edirlər.

- Klassik mahnıları yeni aranjimanda təqdim etmişdiniz. Yanılmıramsa, Elmira Rəhimovayla virtual duetiniz də olmuşdu...

- Elmira Rəhimovayla, İlhamə Quliyevayla virtual duetlərim olub. Bu yaxınlarda AZTV-nin sədri Arif Alışanovun dəvəti ilə ana televiziyaya dəvət olunmuşam.

- Solistsiniz?

- Solist deyiləm, amma elə bir fikir var. Məni məhz oxuduqlarıma görə dəvət ediblər. Bilirsiniz ki, ora hər müğənnini buraxmırlar.

- Bütün bunlar çox gözəldir. Maraqlı olan isə başqa məqamdır. Niyə Nadir Qafarzadə bu qədər retro mahnılar oxuyur, sənətinə pul xərcləyir, amma "Maral, maral" çərçivəsindən çıxa bilmir.

- O artıq mənim günahım, təqsirim deyil. Bu gün də "Maral, maral"ın baxış sayı acı bağırsaq kimi arta-arta gedir. Mən heç kimi məcbur etmirəm ki, filan mahnını dinləyin, sevin. Bu xalqın, insanların öz seçimidir. O mahnının ümumi baxış sayı on milyonu keçib. Təbii ki, on milyona özüm baxmamışam.

- Bildiyimə görə, baxış sayını başqa vasitələrlə də artırmaq olur.

- 2013-cü ildə qoyulan videodan danışıram. Məncə, o vaxt belə bir şey yox idi. İndi belə şeylər dəb düşüb. Ancaq inanın ki, elə şeyləri sevmirəm. Azdırsa, az olsun. Guya baxış sayını artıranda, mənə nə xeyri var? Özümü aldatmaram. Bu gün (söhbət dünən olub-İ.V.) doğum günümdür. Birigün qocalar evinə gedib "Ana" mahnısına klip çəkdirəcəyəm. Bəlkə bu mahnıdan, klipdən sonra anasını ora atmış nankor övladlar qeyrətə gələlər. Amma çətin. Bu mahnı sosial təbliğatdır. Hər zaman konsertlərin tərəfdarı olmuşam. Heydər Əliyev adına Sarayın rəhbərliyi, baş rejissoru Gülya Şəfiyeva tərəfindən təklif edilib. Sadəcə, konsertin xərci çox böyükdür.

- Konsert neçəyə başa gəlir?


- Dəqiq bilmirəm, amma deyəsən sarayın icarə haqqı 15 min manatdır. Dekorasiyalar, kostyumlar, ansamblın məşqləri, qonorarları... Hesablayanda görürsən ki, yaxşı konsert gəlib 50-60 minə çıxır.

- Əcnəbi sənətçilər isə bir neçə günlük anonsla gəlib çıxış edirlər, zal da dolur, yaxşı da qonorar alırlar. Deməli, yerli sənətçilər özlərini tamaşaçı qarşısında doğrulda bilməyiblər. Yaxud da toyda o qədər görürlər ki, konsertinə getmək maraqsız olur.

- Toya getməyim, bəs kim məni dolandırsın?

- Konsertlə dolanmaq mümkün deyil?


- Mümkün deyil. Tutaq ki, ildə bir-iki gün konsert verdim. Bəs mənim aranjimanlarım, kliplərim? Bilirsiniz hər mövsümdə nə qədər geyimlər, kostyumlar alıram? Övladlarım xaricdə təhsil alırlar, onların təhsil haqqı var.

- Məsələn, Rafet El Roman ildə dörd dəfə Bakıda konsert verir. Onun Nadir Qafarzadədən üstün tərəfi nədir?


- Onlar gəlib adi səhnədə çıxış edirlər, dekorasiya qurulmur. Biz məsuliyyətliyik, fikir veririk ki, dekorasiya, aranjiman, səslənmə gözəl olsun. Fikir vermişəm, onlar isə gəlib saat yarım konsertin bir saatını tamaşaçıyla məzələnirlər, zarafatlaşırlar, mikrofonu ona-buna uzadırlar, şou yaradırlar.

- Siz şou yaratmağı bacarmırsınız?

- Hamı fikirləşir ki, oxuyum da. Vicdan da yaxşı şeydir. İnsanlar pul verib gəlirlərsə, mənim türklər demiş, şakama yox, sənətimə baxmalı, dinləməlidirlər.

- Əgər tamaşaçı onu qəbul edirsə...

- Biz edəndə qəbul eləmirlər. Deyirlər ki, bu, bambılılıq edir. Bizdə hər şey tərsinədir. Özümüzü sevmirik, qiymətləndirmirik, qıraqdan gələnləri başımızın üstünə çıxarırıq, tac edirik. Belə şeylər bizim içimizdə, qanımızdadır. Həmişə xaricə gedəndə ölkəm haqqında pis söz deyiləndə, etiraz edirəm. Deyirlər, nədir e, Azərbaycan? Deyirəm ki, elə deyil, sənin ağzını cıraram, mənimkidir. Vallah, əslində, gözəl millətik, gözəl xalqıq. Ancaq həmişə bir-birimizə paxıllıq etmişik.

- Xanım sənətçilərin əksəriyyətinin gəlir mənbəyi bəllidir-sponsor...

- (sözümü kəsir) Çoxunun.

- Hətta deyərdim ki, 99 faizinin...

- Bir faiz də aşağı salaq-98 faizinin.

- Bəs kişi sənətçilər necə qazanırlar və nə ilə gündəmdə qalırlar?


- Nə yaxşı ki mən səhnəyə vaxtında gəldim. İndi sənətə axın çoxdur. Amma onların yüzünün içindən on nəfər normal oxuyan tapa bilərsən ki, hansısa məclisə çağırasan, üzünü ağ eləsin. İndi sənətə gəlmək çətin deyil. Evdə oturursan, kimsə çağırır ki, gəl filan yerə, məclisimiz var. Bu, Allahın verdiyi ruzidir. Allah ruzi verirsə, heç kim onu mənim əlimdən ala bilməz. Mən də onu paylaşıram.

- On il əvvəl Rusiyada yaşayan bir azərbaycanlı sizə sponsorluq edirdi. İşbirliyiniz niyə axıra qədər alınmadı?


- Azərbaycandakı müğənnilərin əliylə o iş pozuldu. Bilmirsiniz ki, Azərbaycanda ala qarğa bala çıxartmır? O 2006-cı ildə olmuşdu. Əgər davam etsəydi, bəlkə indi Rusiyanın xalq artistiydim. Əlimizdə yaxşı imkanlar vardı, arxamızda Filipp Kirkorovun prodakşnı dururdu, İosif Kobzon "daydaylıq" edirdi. Orada arena böyükdür, böyük pullar lazımdır, arxanda əjdahalar durmalıdır. Amma görün biz nə elədik? Belə baxanda mənə heç nə olmadı, pisliyi özümüzə elədik. Bu gün Rusiya səhnəsini erməni, gürcü bürüyüb. Hara baxırsan, rejissor "yan", operator "yan", prodüser "yan". Bizdən də bircə Emin Ağalarovdur ki, o da Rusiya vətəndaşıdır. Mən gedərdim, ardımca başqası gələrdi, çoxalardıq.

- Deyəsən fəxri adların cazibəsi sizi çəkir.


- Bundan sonra fəxri ad mənimçün gecdir. Qırx altı yaşım var, uşaq deyiləm. Təcrübəm qədər yaşı olmayanlar əməkdar artistdirlər. Otuz üç il sənətdə olan, qırx altı yaşlı Nadir Qafarzadənin hələ də fəxri adı yoxdur. Deməli, mən buna layiq deyiləm.

- Bu kinayədir?


- (gülür) Mənə çox gülməlidir. Çox tamaşaçılar deyir ki, siz artıq xalq artisti fəxri adını almalısınız. Məni xalq sevirsə, bu mənə yetər. Verməyəndən sonra durub dava edəsi deyiləm ki. Şükür, yaşayıram, canım sağdır, balalarım yanımdadır, xalq sevir, dolandırır. Buna da şükür. Bu gün elə əməkdar artistlər, xalq artistləri var ki, mənim yerimdə olmaq istəyər.

- Söhbət populyarlıqdan gedir?

- Bəli. Olub ki, məclisə mən də girmişəm, fəxri adı olanlar da. Elə qarşılanmışam, alqışlanmışam, qonorarımı da onlardan artıq veriblər. Deməli, mən xalqın artistiyəm. Ürəklərdə xalq artisti olmaq lazımdır.

- Ola bilərmi ki, bəzi xalq artistlərindən çox tanınmağınızın səbəblərindən biri də emosional olmağınız, qalmaqallar etməyinizdir?


- Mən emosional yox, düzgün, real insanam. Haqsızlıq olan yerdə mən yoxam. Mənimlə oturub bir gün söhbətləşsəniz, deyərsiniz ki, sizi indiyə qədər tanımamışam. Məni hələ çoxu tanımır ki, necə oğlanam.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26