28 May Laçın zirvə görüşü

2025-ci ilin 28 may tarixində Azərbaycanın dilbər guşəsi olan Laçın şəhərində mühüm siyasi hadisə baş Verdi-“Laçın Zirvəsi” adı ilə tarixə düşən bu yüksək səviyyəli beynəlxalq görüş bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yeni mərhələsinə yol açdı. Azərbaycanın “Müstəqillik Gününə” təsadüf edən və Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşü təkcə, üç ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirmək deyil, həm də regional sabitlik və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyırdı.
Bu tarixi görüşün əsas mövzusu təhlükəsizlik, enerji əməkdaşlığı, regional nəqliyyat layihələri və humanitar sahədə birgə təşəbbüslər oldu. Laçında belə bir yüksək səviyyəli tədbirin keçirilməsi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatın bərpası və beynəlxalq əməkdaşlığın inkişafı baxımından da rəmzi əhəmiyyət daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, bu üçtərəfli görüşün məhz Laçın şəhərində keçirilməsi bölgənin yeni statusunu və Azərbaycanın tam bərpa olunmuş suverenliyini dünyaya nümayiş etdirmək məqsədi də daşıyır. Belə ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə də, Laçın dəhlizi ətrafında çağırışlar hələ də davam edirdi və 2023-cü ilin aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində dövlət bayrağımız qaldırıldı. O zaman Laçın sərhəd-buraxılış məntəqəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu. akin, 2023-cü il sentyabr ayının 19–20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticə¬sində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğu¬na son qoymaqla, özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.
Laçın zirvə görüşü həm də üç qardaş ölkənin-Azərbaycan, Türkiyə və Pakistanın ortaq maraqlar və təhlükəsizlik gündəliyi əsasında strateji əməkdaşlığını bir daha təsdiqlədi. Şuşa Bəyannaməsində təsbit olunmuş Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi, Pakistanın regional təhlükələrə qarşı çevik və qətiyyətli reaksiyası bu formatı real hərbi-siyasi güc mərkəzinə çevirir. Bu üç qardaş ölkənin yenilməz birliyi bir daha göstərir ki, Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş hər hansı təhdid artıq təkcə, bir ölkəyə qarşı deyil-bütöv bir ittifaqa qarşı yönəlmiş hesab olunacaqdır. Bu xüsusda Azərbaycan, Türkiyə və Pakistan arasında qurulan strateji tərəfdaşlıq artıq diplomatik səviyyədən daha geniş olan praktiki əməkdaşlıq modelinə çevrilir. Bu üç dövlətin ortaq dəyərlər, maraqlar və təhlükəsizlik konsepsiyaları üzərində qurduğu münasibətlərin inkişafı regional sabitlik və güc balansına mühüm təsir göstərir.
Laçında keçirilən bu Zirvə görüşü beynəlxalq ictimaiyyətə Azərbaycanın güclü, müstəqil və müttəfiqləri ilə sıx əməkdaşlıq edən dövlət kimi özünü təqdim etməsi baxımından da vacib idi. Bu, Azərbaycanın regional liderliyə doğru atdığı strateji addımlardan biri kimi qiymətləndirilə bilər. Zirvə görüşü həmçinin Cənubi Qafqazda yeni reallıqların-xüsusilə postmünaqişə dövründə Azərbaycanın statusunun dəyişməsinin-beynəlxalq aləmdə tanındığını bir daha dünya ictimaiyyətinə bəyan etdi.
Azərbaycan, Türkiyə və Pakistan arasında qurulan üçtərəfli əməkdaşlıq həm də strateji ittifaq kimi gələcəkdə regionun təhlükəsizliyinin formalaşmasında və enerji, nəqliyyat, hərbi-sənaye kompleksləri kimi sahələrdə yeni imkanların yaranmasında da mühüm rol oynayacaqdır. Bu ittifaq yalnız regional deyil, eyni zamanda islam ölkələri arasında əməkdaşlıq modelinin müasir nümunəsi kimi də dəyərləndirilə bilər. Beləliklə, 28 May Laçın Zirvəsi Azərbaycanın regional liderliyini, milli iradəsini, strateji baxışını və diplomatik uğurunu nümayiş etdirən çoxşaxəli bir hadisə kimi tarixə düşdü.
Milli Məclisin deputatı Rövşən Muradov
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26