Interposta.Info

Naftalanda inkişafın çarxına "çomaq soxanlar" kimlərdir?

Manşet / Paradoks
 26-01-2025, 12:36     27 286

Naftalan şəhərinin sakinlərinin demək olar ki, yeganə dolanışıq yerləri şəhərdə fəaliyyət göstərən sanator-kurort müəssisələri, hotel və iaşə obyektləridir.

Şəhərdə demək olar ki, heç bir sənaye, istehsal müəssisəsi yoxdur.

Sanator-kurort müəssisələrdə isə maaşlar o qədər də qənaətbəxş olmasa da, şəhər əhalisi dolanışıqlarını qismən təmin edə bilirlər.

Məlumata görə, Vüqar Novruzov Naftalan şəhərinə başçı təyin edildiyi gündən rayon ərazisində bütün tikintilərə qeyri-rəsmi qadağa qoyub.

Təəssüflə demək olar ki, icra başçısının bu qadağası nəticəsində son illər, demək olar ki, Naftalan şəhərində heç bir tikinti işləri aparılmayıb.

Bu isə dövlət büdcəsində hər il yüz milyonlarla gəlir gətirməli olan kurort şəhərin vizual görüntüsünə ciddi mənfi təsir etməkdədir.

Yenə də statistikaya müraciət edən Naftalanda həqiqətən də yeni quruculuq işlərinin, tikintilər aparılamamasının şahidi oluruq.

Məsələn, Naftalan şəhərində yerli sahibkarlara olan ayrı-seçkiliyin, tikintilərə qoyulan qadağalara Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında da rast gəlmək olur.

Qeyd etdiyimiz kimi regionun ən perspektivli kurort şəhəri olan Naftalanda 2024-ci ildə cəmi üç obyekt inşa edilib

Komitənin saytındakı hesabata görə Elnur Muradov adlı vətəndaş Heydər Əliyev prospektində 105 kvadratmetrlik birmərtəbəli kafe inşa etdirib.

Naftalanda 2024-cü ildə ikinci obyekti isə Xaliq Vəliyev adlı vətəndaş inşa etdirib. Ş.Qurbanov küçəsində olan bu obyekt 32 kvadratmetrlik mağazadır.

Bir il ərzində cəmi üç obyekt inşa edilən Naftalan şəhərində 3-cü obyekti isə Goranboy sakini tikdirib.

Naftalanda 2024-cü ildə inşa edilən obyektlərdə ümumilikdə 10-15 adamın çalışacağı təxmin edilir.

İcra başçısından yerli sahibkara ögey münasibət...

Naftalanda 2024-cü ildə inşa edilən obyekt əvvəl qeyd etdiyimiz Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında göstərilən 3 kiçik obyekt inşa edilib.

Lakin 2024-cü ildə Naftalanda daha bir sanatoriyanın açılışı olub.

İcra Hakimiyyətinin saytında dərc edilən xəbərə görə 2024-cü ilin iyun ayının 21-də Vüqar Novruzov şəhər ərazisində tikintisi yekunlaşan "Naftalan Hotel"də son tamamlama işləri ilə tanış olub.

Sentyabr ayının 5-də İcra Hakimiyyətinin saytında dərc edilən məlumatda isə Naftalanda yeni müalicə mərkəzinin istifadəyə verildiyi, icra başçısı Vüqar Novruzovun bu tədbirdə iştirak etdiyi bildirilir.

Bəs Vüqar Novruzovun son tamamlama işlərinə şəxsən gedib baxdığı, açılışında iştirak etdiyi müalicə mərkəzi kimindir?

Bir icra başçısının rəhbərlik etdiyi rayonda hansısa xidmət müəssisəsinin tikintisi ilə maraqlanması, açılışında iştirak etməsi əlbəttə təqdirəlayiq haldır. Amma o halda ki, bu münasibət hər sahibkara göstərilsin, hər bir sahibkarın problemi dinlənilsin, onun problem və qayğılarına, planlarına dəstək nümayiş etdirilsin. Lakin Naftalan şəhərində bu hiss olunmur.


Burada fəaliyyət göstərən sahibkarların heç də hamısı İcra başçısı Vüqar Novruzovun sevimlisi deyil. Yerli sahibkarla göstərilən bu ögey münasibət Vüqar Novruzovun da iştirak etdiyi "Nafta" Müalicə Mərkəzinin açılışından 25 gün sonra - sentyabr ayının 30-da Naftalan Şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə bir daha özünü göstərir. Belə ki, icra hakimiyyətinin birbaşa təşkilatçılığı ilə keçirilən bu görüşdə İcra Hakimiyyətini Vüqar Novruzov yox, müavini Kəmalə Hüseynova təmsil edir. Əcaba, bunun adını necə qoyaq, yerli sahibkarlara qoyulan saymamazlıq, yoxsa?..

Hamını düşündürən bu suala cavabı kənarda yox, icra hakimiyyətinin öz saytında cavab tapdıq.

Dekabr ayının 24-də Naftalan İcra Hakimiyyəti “Beynəlxalq Turizm Mərkəzi Naftalanın inkişafında sahibkarlığın rolu” mövzusunda şəhərdə fəaliyyət göstərən sahibkarlarla görüş keçirib. Bu görüşdə olan bir məqam isə əvvəl səsləndirdiyimiz suala az da olsa aydınlıq gətirir.

Görüşdə icra başçısı Vüqar Novruzovun yanında sadə sahibkar yox, icra başçısının iki ay əvvəl açılışında iştirak etdiyi "Nafta" Müalicə Mərkəzinin rəhbəri Surxay Ələkbərov əyləşib...

Bir icra başçısının bir sahibkara bu cür münasibətinin adını siz necə istəyirsiniz qoya bilərsiniz: dostluq, şəxsi maraqlar, xüsusi tapşırıq...

Burada bir haşiyə çıxaq:
İddialara görə Naftalan şəhərinin sabiq İcra başçısı Natiq Aslanov vaxtilə "papağını günə verməyib".

Belə ki, Naftalanda "köhnə hamam" deyilən yeri Natiq Aslanov icra başçısı işlədiyi dövrdə özəlləşdirə bilib. Həmin torpaq sahələrini isə bu yaxınlarda 200 min manata "Nafta" İstirahət Mərkəzinin sahibinə satdığı barədə məlumatlar dolaşmaqdadır. Bu barədə daha ətraflı yazımız olacaq.
İndi isə bizi düşündürən məsələ budur: doğrudan da regionun ən perspektivli tibbi sanatoriya mərkəzlərindən olan Naftalanda niyə acınacaqlı durum hökm sürür?

Normal idarəçilik, reklam, təqdimat olarsa bu şəhərə xaricdən hər il milyonlarla vəsait daxil olar. Bu isə həm ölkəmizin büdcəsinə, həm də naftalanlılara xeyir verər...

Yəqin ki, bütün bunlar ölkənin yeganə tibbi kurort şəhəri olan, perspektivdə dövlət büdcəsinə hər il yüz milyonlar manat vergi ödəməli olan, sakinləri ən yüksək rifah içərisində yaşamalı, sahibkarları dünya səviyyəsində tanınmalı olan bir şəhərin rəhbərliyinin fəaliyyətinə tutulan güzgüdür.

Ümid edirik ki, bu xəbərdə qeyd edilən faktlar, məqamlar hər bir Azərbaycan vətəndaşının rifahını üz üzərinə götürmüş müdrik Prezidentimiz İlham Əliyevin, hökumətin nəzərindən yayınmayacaq, tənəzzülə uğrayan tibbi-kurortumuzun inkişafına əngəl yaradanların səlahiyyətləri vaxtında əllərindən alınacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26