Laçın rayon Xaçınyalı kəndində işğala məruz qalmış Türbə, qazalmız məzarlar - Nə axtarırlarmış? (VİDEO)

Məmmədov Seyid Məmməd Seyid Kərim oğlunun ziyarətinə Laçınlılar getməkdə davam edir
Biz İnterPosta.info olaraq Azərbaycan Respublikasının Laçın rayonu Piçənis kənd inzibati ərazi dairəsinə daxil olan Xaçınyalı kəndində erməni vandalizminə məruz qalmış məzarları və Seyid Məmməd ağanın zədələnmiş “Türbə"ni sizlərə təqdim edəcəyik.
İlk öncə Məmmədov Seyid Məmməd Seyid Kərim oğlunun doğulduğu, böyüyüb boya-başa çatdığı kəndin tarixi ilə sizləri tanış edirik.
Laçın rayon Xaçınyalı kəndi XIX əsrdə bir qrup ailənin Xaçınyalı adlı yüksəklikdə məskunlaşması nəticəsində yaranmışdır.
Oykonim "Xaçının üstü" mənasındadır.
Xaçın, Xaçin, Xaçen adları Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda, xüsusən Qarabağda, Zəngəzurda, ümumilikdə Qərbi Azərbaycanda daha çox təsadüf olunandır. Xaçınçay, Xaçın meşəsi, Xaçın dərəsi, Xaçın qalası, Xaçın yalı, Xaçen vilayəti, Xaçınbulaq, Xaçınabad, xaçındərbəndli kimi yer-yurd adları çoxdur. Xaçen qədim Qarabağın orta əsr qalalarından biri və eyniadlı vilayətin mərkəzi şəhəri olmuşdur. Beş yüz ildən artıq bir dövrdə mövcud olmuş bu şəhər Həsən Cəlalinin monqollar tərəfindən öldürülməsindən sonra, yəni 1227-ci ildə Şərəf əl-mülk tərəfindən dağıdılmışdır. Əbu Duləfin (X əsr tarixçisi) yazdığına görə, xaçen şəhəri Qapan dağlarının yaxınlığındadır. X əsrdə Qapan vilayəti təqribən indiki laçın və Qafan bölgələri ilə birlikdə onlar arasındakı sahələri əhatə edirdi. Onun yaxınlığındakı Xaçen indiki Xaçın çayının (Ağdam) axdığı yerlərə uyğun gəlir. Araşdırmalardan məlum olur ki, Xaçen qalası, Xaçen vilayəti və s. yer-yurd adları xaçen türk tayfasının adını özündə əks etdirir. Xaçen tayfalarında digər türk tayfaları kimi qoçaq və döyüşkən olmuşlar, onlar vətənimizin hərbi və siyasi həyatında fəal iştirak etmiş, xüsusən monqollarla mübarizədə fərqlənmişlər. Ona görə də Azərbaycanın bu bölgəsində rast gəlinən xaçenlə bağlı yer-yurd adlarına, xaçın sözünə qarşı diqqətli yanaşmalı və ermənilərə imkan vermək lazım deyildir ki, onlar bizi, yer-yurdumuzu xristianlığın xaçı ilə eyniləşdirib mənimsəsinlər. Deməli, Laçın bölgəsinin Xaçınyalı yaşayış yerinin mənası da adı Xaçen türk tayfasının ilə birbaşa bağlı olub "Xaçen tayfasına yalı", yaxud "xaçınların yalı" mənasını özündə əks etdirir.
Rayon mərkəzindən şimal-qərb istiqamətində 47 km məsafədə yerləşir. Xaçınyalı kəndi ağ qaya adlanan dağın ətrafında salınmışdır.
Kənd dəniz səviyyəsindən 1555 m yüksəklikdə yerləşir.
Kəndin cənubunda Şəlvə çayı, yaxın ətrafında Piçənis, kürdhacı, hacısamlı, kəndləri yerləşir.
Kəndin yaxın ətrafında Sarıdərə, taronun yeri, Alçalı dərə adlanan ərazilər yerləşir.
Ətrafında bir çox bulaqlar var. Bunlardan Ulaslı bulaq, Qamışlığın bulağı, Seyidlər bulağı və s.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalından öncə Kənddə ibtidai məktəb, uşaq bağçası, kənd klubu, mağaza və tibb məntəqəsi fəaliyyət göstərmişdir.
1 dekabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətindədir.
Daha ətraflı Media Tv-nin təqdim etdiyi sujetdə:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26