Interposta.Info

Eksperdən Saleh Məmmədova: "Sifarişləri icra edən şirkətlərin siyahısını açıqlayın"

İqtisadiyyat / Paradoks
 25-06-2020, 11:41     870

"Bu dəfə 190 manat təxminən 300 min şəxsə ödəniləcək".

Bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Ekspert bildirib ki, ödəmələr üçün bu dəfə büdcədən 50-60 milyon manat arasında vəsait xərclənəcək:

"Əvvəlki ödəmənin coğrafiyasına görə, onu alanların 25 faizi Bakıda, 4 faizi Sumqayıtda, 3 faizi Gəncədə yaşayır. Lənkəran və digər 4 rayonla bağlı məlumat olmasa da, onları da əlavə etsək, ehtimal ki, bu dəfə 190 manat təxminən 300 minə qədər şəxsə ödəniləcək. Bunun üçün büdcədən 50-60 milyon manat arasında vəsait xərclənəcək və başqa şəhərlər və rayonlarda 190 manat ödənilmədiyindən bir o qədər də xərc ixtisar olunacaq. Böhran dövründə büdcə qənaət rejiminə keçəndə ilk dəfə deyil ki, əhaliyə ödənişlərdən kəsirlər. Bundan əvvəl icbari tibbi sığortada da eyni yanaşma müşahidə olundu. Bütün ölkə üçün nəzərdə tutulan tibbi sığortaya 903 milyon manat vəsait ayrılmasına baxmayaraq, Bakı şəhəri və rayonlarda keçid gələn ilə təxirə salınması ilə əlaqədar onun ən azı yarısına qənaət edilir. Amma məlum səbəblərdən layihə dəyəri şişirdilən yaraşıqlı və bahalı yol infrastrukturuna ayrılan vəsaitlərə qənaət edilmir. Piyada ötürücüləri funksional olmalıdır, əhalinin təhlükəsiz formada yolu keçməsinə xidmət etməlidir. Həqiqətənmi, hazırkı böhran şəraitində belə qeyri-kommersiya məqsədli layihələrə böyük pullar xərcləyib, əhaliyə çatacaq 190 manatı kəsib, sahibkara nəzərdə tutulan yardımı verməyən hökümət düz siyasət yeridir? Mən bu sualı qaldırmaqla piyada keçidlərinin tikilməsinin əleyhinə çıxış etmirəm. İnsanların təhlükəsizliyi üçün belə infrastrukturun rolunu dəyərləndirirəm. Amma, 190 manatı işsizlərdən kəsən hökümət məncə belə parıltılı layihələrlə kasıbların "gözünü" qamaşdırmalı deyil, ehtiyacı olanlara yardım etməlidir".

Qubad İbadoğlunun fikrincə, hökümət seçim qarşısında qalanda harda korrupsiya imkanları yüksəkdir, orda işlər davam etdirir, harda azdır, həmin yerlərdə işlərə ya qənaət edir, ya da tamam dayandırır:

"Bunun başqa cür izahı yoxdur. Əhmədlidə yenicə istifadəyə verilmiş innovativ piyada keçidinə nə qədər pul xərcləndiyini bilən varsa, buyursun açıqlasın. Təəssüf ki, vergi ödəyicilərinin ödəmələri hesabına tikilən bu obyekt barədə məlumatar açıq deyil, ictimaiyyətin belə informasiyalara çıxışı təmin edilmir. Təkcə 2018-2019-cu illərdə paytaxtda və şəhərarası yollarda, magistrallarda 7 yerüstü və yeraltı keçid istifadəyə verillib. Cari ilin əvvəlindən isə Bakıda 3 piyada keçidi tikilıb. Yaxın vaxtlarda Azadlıq prospekti, Qala-Pirallahı, Mərdəkan-Buzovna, Bakı-Sumqayıt yollarında və başqa ərazilərdə daha bir neçə belə obyektin istifadəyə verilməsi gözlənilir".

Qubad İbadoğlu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova müraciət edib:

"Buyurun, piyada keçidlərinin tikintisi və quraşdırılması xərclərinə dair rəqəmləri və sifarişləri icra edən şirkətlərin siyahısını açıqlayın"./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26