Interposta.Info

Putinin qorxulu “ikinci SSRİ” ideyası: Azərbaycan hansı addımları atmalıdır? (ŞƏRH)

Siyasət / Paradoks
 20-04-2020, 15:41     867

"İkinci SSRİ-yə” qarşı Türkiyə-Azərbaycan ittifaqını gücləndirmək lazımdır".

"İnterPosta"nun məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, Rusiya prezidenti Vladimir Putinin SSRİ-nin bərpasının vacibliyi haqqında dediyi fikirlər ciddi qəbul olunmalıdır:

"Bu açıqlamanın ciddiliyini artıran həm də o məqamdır ki, Kreml sahibi "SSRİ-nin bərpası kimi fikirlərdən qorxmaq lazım deyil, birlik hamının xeyrinədir və bu qaçılmazdır” və buna bənzər fikirləri ötən ilin oktyabrında "Rossiya” kanalına müsahibəsində demişdi. Həmin kanal 6 ay öncə verilən açıqlamanı indi yayıb. Demək, Putin belə istəyib. Görünür, Rusiya prezidenti postkoronavirus dövrünə bu şəkildə hazırlaşır.

"Putin belə istəyir” deyə, hansısa "ikinci SSRİ-nin” bərpa olunması real deyil. Ancaq ideya ortaya atılıb və Putin bu ideyanın reallaşması üçün əlindən gələni edəcək. Ona görə də biz öz hazırlıqlarımızı görməliyik. Azərbaycan bir daha Rusiya və ya SSRİ adlı imperiyanın tərkib hissəsi olmamalıdır. 200 il zorən imperiyanın tərkibində olduq, həm torpaqlarımızı, həm də aparıcı simalarımızın bir hissəsini itirdik. Bu bizə bəs edib".

Elxan Şahinoğlu qeyd edib ki, iki il əvvəl "Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır” deyənlər bu dəfə də Kremlin yeni ideyasına dəstək verə bilərlər:

"Ancaq bu ideyanın Azərbaycan üçün zərərli olduğu hər yerdə və hər zaman vurğulanmalıdır. Beynəlxalq tədbirlərin birində rusiyalı jurnalistlərdən biri "Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olmaq istəyirmi” sualını dövlət başçısı İlham Əliyevə ünvanlandıqda Azərbaycan prezidentinin cavabı qısa oldu: "Azərbaycanın belə bir planı yoxdur”. Bundan sonra hakimiyyət içərisində Rusiya ilə daha sıx inteqrasiya təşəbbüslərini irəli sürənlər ehtiyatlı mövqeyə keçdilər. Ancaq həmin qüvvələrin postkoronavirus dövründə yenidən fəallaşacağı istisna deyil".

Politoloqun fikrincə, Putinin yeni imperiya təşəbbüsləri qarşılığında rəsmi Bakı Türkiyə ilə ittifaqı gücləndirmək barədə düşünməlidir:

"Bu ilin fevralın 25-də Bakıda Türkiyə-AzərbaycanYüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclası keçirildi. İclasın yekununda Bakıda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin iştirakıyla 14 əməkdaşlıq sənədi imzalandı. Bundan sonra prezidentlər mətbuat qarşısında bəyanatla çıxış etdilər. Mətbuat konfransında iki dövlət arasında bir çox istiqamətdə atılacaq addımlardan danışıldı. Məsələn, deyildi ki, iki ölkə arasındakı ticarət mübadiləsinin həcmini indiki 4 milyard 500 milyon səviyyəsindən 2023-cü ilə qədər 15 milyard dollara çatdırmaq lazımdır. Və ya Türkiyədən Naxçıvana həm dəmiryol, həm də 160 kilometrlik qaz xətti çəkiləcəyi bildirildi. Ancaq son toplantının ən vacib qərarı iki ölkənin hərbi sənaye kompleksləri ilə bağlı əməkdaşlığın genişlənidirlməsinə dair idi. İlham Əliyev Türkiyədən yeni hərbi texnika alacağını bildirdi. İlham Əliyevin bu açıqlamasına Rəcəb Təyyub Ərdoğan bu sözlərlə dəstək verdi: "Ordularımızın güclü olması önəmlidir. Bu baxımdan müdafiə sənayelərimizin gücləndirilməsi önəmlidir”.

Beləliklə, hərbi əməkdaşlığın yeni mərhələsinə keçiləcəyinə - iki ölkənin yaxın gələcəkdə birgə hərbi texnika istehsal edəcəyinə işarə edildi. Türkiyədən gələn xəbərlərə görə artıq bu istiqamətdə real addımlar atılır. Əgər Vladimir Putin "SSRİ-nin bənzərini yaratmalıyıq” deyirsə və bu ideya kökündən Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddirsə, bizim üçün alternativ yol Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməkdir. Əslində Putinin mənfi qarşılanan təşəbbüsü Azərbaycan-Türkiyə ittifaqını gücləndirmək üçün bizə yeni imkanlar açır. Önəmli olan bu imkanlardan istifadə etməkdir. İki ölkənin birgə hərbi istehsala başlaması müttəfiqliyin yeni mərhələsinə keçid sayıla bilər".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26