Interposta.Info

Dərbənd-Ermənistan qardaşlığı?-FOTOLAR

Müxtəlif / Paradoks
 13-11-2019, 17:06     10 685

Belə getsə tarixi şəhərimiz daşnakların fitnə-fəsad ocağına çevriləcək

Moskvada səfərdə olan Dağıstan respublikası Dərbənd şəhərinin meri Xizri Abakarov Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan və “Strategiya” fondunun prezidenti, Rusiya XİN-in Moskva Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi, iş adamı Metso İgityanla görüşüb. Dərbənd rəhbəri danışıqlar zamanı “Strategiya” fondu ilə birlikdə şəhərdə həyata keçiriləcək layihələr haqqında məlumat verib. Dağıstanın Kaspiysk şəhərində elektrik avtomobillərinin istehsalının planlaşdırılması, “Ağıllı şəhər” sistemi platformasında Dərbənddə yeni işıqlandırmanın yaradılması məsələləri də müzakirə edilib. Ermənistanın şəhərləri ilə Dərbənd arasında iqtisadi və mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi və fəallaşdırılması barədə razılıq əldə olunub. X. Abakarov şəhərin yeni hissəsində “Üç din” məbədinin inşasının planlaşdırılması ilə əlaqədar fikirlərini çatdırıb. Mer səfirə bildirib ki, Dərbəndin tarixi mərkəzində yerləşən erməni məbədinin bərpasına hazırdır.

Dərbənd meri Xizri Abakarovla Ermənistan səfiri və “Strategiya” fondunun prezidenti Metso İgityan arasındakı görüş bir sıra mətləblərdən xəbər verir. Əvvəla onu qeyd edək ki, Dağıstan Rusiyanın əyalətidir. Onun hər hansı şəhər rəhbərinin Moskvada görüş keçirməsi əslində təəccüb doğurmamalıdır. Lakin aldığımız məlumatlara görə, bu səfərin və görüşlərin gerçəkləşdirilməsini rusiyalı milyarder, milliyətcə ləzgi olan Süleyman Kərimov reallaşdırıb. Xizri Abakarovu da mer vəzifəsinə o təyin etdirib. Qədim Azərbaycan şəhəri faktiki olaraq Süleyman Kərimov tərəfindən idarə edilir. Nəhayət, bu həmin Xizri Abakarovdur ki, Nizami Gəncəvi adına parkda Azərbaycan Dövlət Dram Teatrının inşasına qətiyyətlə maneçilik törətdi. Aylar öncə məsələ ilə bağlı Rusiya prezidenti Vladimr Putinə müraciət edən bir qrup azərbaycanlı fəalı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə qəbul edərək hədələdi. Soydaşlarımızı millətçilikdə suçlayaraq həbslə təhdid etdi. Xizrinin erməni sevgisi çoxdan məlumdur. Onun əsl niyyətlərinin nədən ibarət olduğunu hamı yaxşı anlayır...

Onu da qeyd edək ki, Dərbənd şəhərində general Hüseyn Rəsulbəyovun büstü açılmalıdır. YAP Xaçmaz rayon şöbəsinin sədri, Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev bu günlərdə Dərbənddə olub və şəhər meri Xizri Abakarovla görüşüb. Xaçmaz və Dərbənd uzun illərdir ki, qardaş şəhərlər sayılırlar. Bəs indi necə olacaq? İqtisadi, mədəni və yaxın gələcəkdə siyasi baxımdan da Dərbəndə sahiblənməyə hazırlaşan daşnakların fitnə-fəsad törədəcəyi istisna deyil. Bəs biz nə edirik? “Şimal xəbərləri” xeyli müddətdir ki, Dərbənd azərbaycanlılarının problemlərini işıqlandırır. Fərli-başlı teatr binamız yoxdur, “Dərbənd” qəzeti hələ də kiril əlifbası ilə çıxır, Azərbaycan dilində dərslik çatışmır, şəhərdə azərbaycanlıların sayı süni şəkildə azaldılır və s. Hansını çözmüşük? On beş ildir ki, Xaçmaza rəhbərlik edən Şəmsəddin Xanbabayevdən bir dəfə də olsun soydaşlarımızın problemlərinə diqqət yetirdiyinin şahidi olmamışıq. İşləri-peşələri Dərbənddən gələnlərlə sağlıq deyib araq içmək olub. Bundan o tərəfə nəsə etməyə nə qabiliyyətləri, nə də səriştələri var. Biz Dərbənd şəhərində general Rəsulbəyovun büstünün qoyulmasına müsbət yanaşırıq. Lakin indi respublikada haqqında korrupsiya ittihamları yayılan Ş. Xanbabayevin o büstün arxasında gizlənməsinin əleyhinəyik... Sabiq başçıya qarşı irəli sürülən ittihamlara rəğmən onun Dərbənddən “...Mən Ulu Öndərlə bir yerdə işləmişəm. Mən ən ağır dövrlərdə-1990-cı illərdə Naxçıvanın Baş nazir olmuşam...” cümlələrini işlətməsi ən azından 81 yaşlı rəhbərə yaraşmaz. Əgər mərhum Heydər Əliyevə böyük rəğbəti vardısa ən azından Dərbənddə onun adını daşıyan prospektə vurulan lövhənin sındırılmasına, böyük şairimiz Nizami Gəncəvinin heykəlinin ayda üç-dörd dəfə təhqir edilməsinə açıq etirazını bildirərdi. Cammatın boğazından kəsib qazandığı pullara beş-on kitab alıb Dərbəndə aparardı. Daha millət vəkili Yaqub Mahmudov və alimlərimiz qədim Azərbaycan şəhərinə gedib prospektin bərbad asfaltını və qırılmış lövhəni görüb KİV-lərə açıqlama yaymağa məcbur olmazdılar.
Rasim Əliyev“Şimal xəbərləri”

InterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26