Interposta.Info

Prezident niyə məhz Əli Əsədovu seçdi?

Paradoks
 8-10-2019, 12:10     10 401

Bu gün Milli Məclisin gündəliyinə daxil olan 14 məsələnin birincisi Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Heydər oğlu Əsədovun baş nazir vəzifəsinə namizədliyinin təqdiqlənməsi olacaq.

Bu barədə rəsmi məlumat yayılandan və Baş nazir Novruz Məmmədovun istefa verəcəyi təsdiqlənəndən sonra təhlillər başlayıb. Müzakirə isə budur: Prezident İlham Əliyev niyə Baş nazir vəzifəsinə məhz Əli Əsədovun namizədliyini irəli sürüb?

Mövzu ilə bağlı Axar.az-a danışan politoloq Fikrət Sadıqov bildirib ki, Ə.Əsədovun baş nazirliyə təqdimatı hər şeydən öncə Prezidentin qərarıdır və görünür, Prezident indiki məqamda bu təyinatı məqbul sayır:

“Mənim fikrimcə də Əli Əsədov peşəkar iqtisadçıdır, inşaat məsələləri ilə məşğul olan biridir. Dəfələrlə dövlət başçısının tapşırığı ilə bir sıra inşaat obyektlərinə o rəhbərlik edib. Düşünürəm ki, bu, çox yerinə düşən bir namizəddir. Çünki Əli Əsədovla bir neçə il əvvəldən tanışlığımız var. Bilirəm ki, çox məsuliyyətli, savadlı bir şəxsdir. İqtisadçı olduğu üçün bu sahədə fəaliyyəti fayda verəcək, bu sahəni öz üzərinə götürərək, dövlət başçısına iqtisadi islahatların tətbiqində kömək olacaq. Fikrimcə, Ə.Əsədov bu sahədə müəyyən yeniliklərə də nail ola bilər”.

F.Sadıqov qeyd edib ki, əslində, N.Məmmədovun təyinatı gözlənilməz sayıla bilərdi:

“Novruz Məmmədov çox layiqli insandır və öz sahəsinin peşəkarıdır. Əlbəttə, keçid dövrü üçün fəaliyyətini də müsbət qiymətləndirmək olar. Ancaq indiki mərhələdə baş nazir ixtisaslı və bu sahənin peşəkarı olmalıdır və buna da qərar verilib”.

Keçmiş maliyyə naziri, tanınmış iqtisadçı Fikrət Yusifov da bildirib ki, Əli Əsədov həqiqətən Baş nazir postuna layiq kadrdır:

“Əli Əsədovun ölkənin Baş naziri postuna təyinatı yüksək qiymətləndirilməlidir. O, peşəkar iqtisadçı və kifayət qədər bacarıqlı bir təşkilatçıdır. Hələ 90-cı illərin ikinci yarısında, Əli Əsədovun Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi postuna təyinatından sonra onunla birlikdə ölkənin iqtisadi problemlərini saatlarla müzakirə etmişəm və hələ o zaman onun nə qədər ağıllı bir iqtisadçı olduğunun şahidi olmuşdum. Əli Əsədov ölkənin iqtisadi problemlərini və bu problemlərin həlli yollarını kifayət qədər yaxşı bilir. Heç şübhəsiz ki, indiki həssas dönəmdə onun bu vəzifəyə təyinatı təsadüfü deyil. Düşünürəm ki, Əli Əsədovun bu posta ölkənin iqtisadi və maliyyə sistemində gözlənilən kordinal islahatlar, o cümlədən, kadr islahatları ərəfəsində gətirilməsi təsadüfi sayıla bilməz”.

keçmiş nazir bildirib ki, Əli Əsədov uzun illər Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb və Prezidentin nə istədiyini gözəl bilir:

“Əli Əsədovun bu təyinatı yaxın günlərdə öz töhfəsini verəcək. Əsədov bu gün Azərbaycan hakimiyyətinə lazım olan savadlı, bilikli, peşəkar idarəçi, mükəmməl təşkilatçıdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26