Rövşən Muradov: “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə!..”

Hörmətli Sədr, hörmətli deputatlar,
“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanun layihəsi 1-ci oxunuşda təqdim olunarkən qanun layihəsinin hazırlanmasının məqsədləri, təklif olunan dəyişikliklərin zərurəti, müəssisələrin əhatə dairəsi və layihə qəbul edildikdən sonra ehtimal olunan nəticənin proqnozlaşdırılması barədə ətraflı məlumat verilmişdir.
Bildiyiniz kimi, qanun layihəsinin 1-ci oxunuşda müzakirəsində hörmətli deputat həmkarlarım Qüdrət Həsənquliyev, Hicran xanım Hüseynova və Bəxtiyar Əliyev layihə ilə əlaqədar öz təklif və tövsiyyələri ilə çıxış etmişlər.
İcazənizlə deputat həmkarlarımın fikirlərinə ümumiləşdirilmiş formada komitənin münasibətini bildirərdik.
Hörmətli deputatlar,
Nəzərə alın ki, sözügedən qanun layihəsi qəbul edildikdən sonra onun icrası çərçivəsində tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normaları hazırlanacaqdır. Həmin müəssisələrdə gücləndirilmiş qida rasionunun tətbiq olunması fikri ilə bağlı isə bildiririk ki, yeni layihədə təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin qalma müddətindən və yaşından asılı olaraq, tibb müəssisələrində isə xəstələrin yaşından və xəstəliyindən asılı olaraq yeni qida normalarının təsdiq edilməsi nəzərdə tutulur.
Qida əlavələri ilə əlaqədar isə məlumdur ki, bioloji aktiv qida məhsulları qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulan qida məhsulu olub, rasional balanslaşdırılmış qidalanmanı əvəz etmir. Həmçinin, bu məhsulların istifadəsi şəxslərin sağlamlıq vəziyyətindən asılı olaraq, individual (yəni, fərdi) qaydada müəyyənləşdirildiyindən normalaşdırılaraq tənzimlənməsi məqsədəuyğun hesab edilməmişdir.
Eyni zamanda, nəzərə alın ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən minimum istehlak səbətinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı (yəni, Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir.
Həmin müddətin iki ildən bir dəfə müəyyən edilməsi, yaşayış minimumu məbləğinin həmin Qanunun 3.1-ci maddəsində göstərilmiş xərc maddələri üzrə əhatə olunması ilə bağlı məsələ isə hazırlanmış qanun layihəsinin predmeti olmadığı üçün, qeyd edilənlərə bu sahədə səlahiyyətli qurumların təklifləri əsasında baxılmasını məqsəduyğun hesab edirik.
Silahı qüvvələrin kursantlarının, hərbiçilərin və azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslərin qida normalarının bu siyahıya əlavə edilməsi təklifi ilə bağlı isə bildirirk ki, qeyd edilən məsələlər hazırda qüvvədə olan ayrı-ayrı qanunlar ilə tənzimlənir. Bu səbəbdən həmin şəxslərin qida normalarının yenilənməsi üçün müvafiq qanunlara bu sahədə salahiyyətli orqanların təklifləri və təşəbbüsü əsasında dəyişikliklərin edilməsini məqəsədəmüvafiq hesab edirik.
Diqqətinizə görə təşəkkür edirəm.
Milli Məclisin deputatı Rövşən Muradov
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26