Interposta.Info

“Uşaqpulu ilə ünvanlı sosial yardım fərqli mexanizmlərdir”- ekspertdən maraqlı təklif

Ölkə
 12-09-2019, 11:52     10 552

Azərbaycanda uşaqlara dövlət qayğısının mühüm elementlərindən biri olan uşaqpulunun bərpası məsələsi ilə bağlı müzakirələr davam edir. Bu müzakirələrdə bir qisim müxtəlif qrup uşaqlara görə dövlət tərəfindən müavinət ödənildiyini əsas gətirərək, bütün uşaqlara yönəlik ödənişə ehtiyac olmadığını bildirirlər. Daha bir qisim isə uşaqpulu bərpa olunsa, ondan varlı ailələrin də yararlanacağını əsas gətirirlər.

Xatırladaq ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən yaş qrupları üzrə uşaqlara müavinətin – uşaqpulunun ödənməsinə dair təkliflər paketi hazırlanaraq hökumətə təqdim olunub. Mərkəzin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, uşaq pulunun verilməsi ilə bağlı hazırlanan mexanizmin təqdimatından sonra məsələyə fərqli yanaşmalar var: “Rəsmi açıqlamalarda daha çox sosial qayğısı olanlara birbaşa ödənişin həyata keçirilməsi vacib hesab olunur. CESD bu sahədə fərqli ölkələrin təcrübəsini öyrəndiyi üçün Azərbaycanda İtaliya modelinin tətbiqini daha məqəsədəuyğun hesab edirik. Belə ki, bəzi ölkələrdə uşaqpulunun məbləği ailənin gəlirlilik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11 422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avro ödənilir. Ailənin gəliri artdıqca uşaqpulu məbləği dəyişir. İtaliyada qanunla müəyyənləşdirilmiş həddən az gəliri olanlara uşaq pulu verilir ki, bu da onların sosial təminatının gücləndirilməsi baxımdan vacibdir”.

V.Bayramovun sözlərinə görə, Azərbaycanda 4 min manat aylıq gəliri olan üçün 100 manat uşaqpulu ciddi rəqəm hesab olunmaya bilər: «Amma 400 manat qazanan ailə üçün bu, əhəmiyyətli dəstəkdir. Yəni imkanlı ailənin uşaqpuluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır. Bu baxımdan, İtaliya modelində olduğu kimi, gəliri az olan ailələrin uşaqların sayına görə uşaqpulu alması daha məqsədəuyğun hesab oluna bilər.

Bunun üçün Azərbaycanda gəlirlərin deklarasıyası haqqında qanunun qəbul edilməsinə ehtiyac var. Kimin varli və kimin kasıb olduğunu müəyyənləşdirmək üçün dövlət qulluqçuları daxil olmaqla hamının gəlirlərini bəyan etməsi vacibdir. Bu, həm də şəffaflığın gücləndirilməsi baxımdan da çox vacibdir. Bu zaman artıq sosial qayğıya və ya uşaqpuluna ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi mümkündür. İkinci mərhələdə isə az gəliri olan ailələrə uşaqların sayına uyğun olaraq uşaqpulu formasında birbaşa ödəniş mümkündür. Bu, həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacib hesab oluna bilər. Bu baxımdan, uşaqpulunun bərpasında İtaliya modelinin tətbiq edilməsi həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm da gəliri az olan ailələrin uşaqpulundan faydalanmasına imkan verəcək. Qeyd edək ki, bu mexanizm ünvanlı sosial yardım ilə eyni deyil və birbaşa uşaq sayına hesablanmış modeldir. CESD-in ilkin qiymətləndirmələrinə görə, bu modelin tətbiq edilməsi ildə 800 milyon manata yaxın xərc tələb edəcək. Bu, büdcə üçün ciddi maliyyə yükü yaratmamaqla istehlak bazarında qiymət tarazlığını da pozmayacaq”./musavat

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26