Interposta.Info

Məktəblərlə bağlı daha bir gülünc qərar: pəncərə tutacaqları çıxarıldı (FOTO)

Paradoks
 23-04-2019, 18:27     10 624

Səbail rayonu, 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi ölkədə ciddi müzakirələrə səbəb oldu. Bu hadisə bir daha göstərdi ki, ölkənin əksər məktəblərində təlim-tərbiyyə, psixologi hazırlıq zəifdir və təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac var.

Hadisədən günlər sonra Təhsil naziri Ceyhun Bayramov direktorların iştirakı ilə toplantı keçirərək rəhbərlik etdikləri təhsil ocaqlarında nizam-intizam qaydalarına ciddi şəkildə riayət olunması tapşırığını verdi.

Bu arada məktəblərdə pəncərələrə dəmir barmaqlıqların quraşdırılması barədə xəbərlər yayılsa da nazirlik rəsmiləri bunu təkzib etdi. Amma Bizimxeber.az-a daxil olan məlumata görə, dəmir barmaqlıqların quraşdırılması məsələsi gülüş hədəfinə çevrildikdən sonra nazirlik "B” planını işə salıb. Məlumata görə, nazirlikdən direktorlara tapşırıq verilib ki, yuxarı mərtəbələrdəki bütün pəncərələr bağlansın və tutacaqlar çıxarılsın. Yəni ki, heç bir uşaq pənəcərələri aça bilməsin.

Məlumata görə, artıq əksər məktəblərdə bu qaydalar tətbiq edilib. Elə isə ortaya maraqlı sual çıxır? Bu qərarı verənlər görəsən məktəblərdəki hansısa Fövqəladə vəziyyətləri fikirləşiblərmi? Fövqəladə Hallar Nazirliyinin aidiyyatı şəxsləri bu qaydaların tamamilə qanuna zidd olduğu barədə direktorları məlumatlandırıblarmı?

Sabah hər hansı məktəbdə yanğın, tüstüləmə və diğər fövqəladə vəziyyət baş verərsə pəncərə tutacaqlarının olmaması daha ciddi fəsadlar yaratmayacaq ki? Odur ki, FHN rəsmiləri direktorların bu addımına qarşı hansısa addım atsa daha yaxşı olar.

Məlumat üçün bildirək ki, pəncərə tutacaqları çıxarılan məktəblərdən biri də Buzovnadakı 26 saylı orta məktəbdir. Tutacaqlar məktəbin direktor müavininin otağında saxlanılır. Pəncərələr hətta məktəbdəki təmizlik işləri zamanı belə açılmır.

İnterPosta.info

Məktəblərlə bağlı daha bir gülünc qərar: pəncərə tutacaqları çıxarıldı (FOTO)
Məktəblərlə bağlı daha bir gülünc qərar: pəncərə tutacaqları çıxarıldı (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26