Interposta.Info

Lavrov Qarabağla bağlı Rusiyanın mövqeyini açıqladı

Siyasət
 15-12-2018, 10:05     10 348

Politoloq: “Rusiya Azərbaycana yeni həll planı təklif eləmək istəyir, məqsəd Paşinyana Bakının əli ilə təzyiq etməkdir...”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak etmək üçün dekabrın 13-də Bakıya gəlib. Azərbaycan prezidenti İlham Əliyev Sergey Lavrovu qəbul edib. Görüş zamanı İlham Əliyev bildirib ki, Azərbaycan 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edir.

Prezident bu məsələdə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid bəslədiyini dilə gətirib: “Biz bir çox sahələrdə qarşılıqlı fəaliyyət göstəririk. Mən, həmçinin Şimal-Cənub dəhlizinin yaradılması ilə bağlı bizim fəaliyyətimizin nəticələrini məmnunluqla qeyd etmək istərdim. Biz bu istiqamətdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Müvafiq strukturlar, nəqliyyat qurumları çox məhsuldar işləyirlər. Biz bu il artıq yaxşı nəticələri görürük. Biz digər tərəfdaşlarımızla, qonşularımızla bu layihəni mümkün qədər tez başa çatdırmaq üçün birgə səylərimizi davam etdirəcəyik. Səfər bizim birgə işimizin 2019-cu il üçün planlarını müəyyənləşdirmək, həm də bu il hansı işlərin görüldüyünü təhlil etmək üçün yaxşı imkandır. Deməliyəm ki, 2018-ci il münasibətlərimizin inkişafı baxımından çox məhsuldar il olub. Yüksək səviyyədə xeyli görüşlər, o cümlədən mənim Rusiyaya sentyabrın əvvəlində rəsmi səfərim və Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin sentyabrın sonlarında Azərbaycana səfəri olub. Bu səfərlər çərçivəsində biz qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərini müzakirə etmişik, gələcək əməkdaşlıq yollarını müəyyənləşdirmişik. Həm də əminəm ki, uğurla həyata keçiriləcək çoxlu sayda sənəd imzalanıb. Bu, bizim münasibətlərimizə əlavə dinamika verəcək”.

Sergey Lavrov isə bildirib ki, Rusiya ilə Azərbaycanın münasibətlərini iki ölkənin prezidentlərinin dost münasibətləri daha da yaxınlaşdırır: “Sizə Vladimir Vladimiroviç Putinin ən xoş arzularını və salamlarını çatdırıram. O, Sizin strateji tərəfdaşlığımızı irəli aparmağa imkan verən şəxsi münasibətinizi yüksək qiymətləndirir. Artıq hesabladığımız kimi, sizin bu il altı dəfə keçirilən görüşləriniz, son görüşləriniz, o cümlədən qarşılıqlı səfərlər zamanı əldə olunan razılaşmalar yerinə yetirilir. Hökumətlərarası Komissiyanın sabahkı (bugünkü-red.) iclası da yəqin ki, sizin razılaşdırdığınız istiqamətlər-ticarətin asanlaşdırılması, büdcə-vergi sahəsinin rəqəmsallaşdırılması, nəqliyyat sahəsində əməkdaşlıq, birgə müəssisələrin yaradılması, Siz qeyd etdiyiniz kimi, humanitar əlaqələr, ən müxtəlif sahələr, o cümlədən bizim əməkdaşlığımızın vacib sahəsi olan Rusiya və Azərbaycanın regionları arasındakı qarşılıqlı fəaliyyətə təkan verəcək. Biz Azərbaycanla beynəlxalq arenada, BMT-də, Avropa Şurasında qarşılıqlı fəaliyyəti qiymətləndiririk. İndi Avropa Şurasının strukturlarında bütün üzv ölkələrin bərabər hüquqlarının təmin olunduğu bu təşkilatın Nizamnaməsinin əsas qaydalarına yenidən baxılması cəhdləri var. Biz ATƏT-də də birlikdə işləyirik”.

S.Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı ilə İrəvan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyir:
“Bilirəm ki, Sizin Ermənistanın baş naziri ilə birbaşa danışıqlarınız olub. Mənim həmkarım və dostum Elmar Məhərrəm oğlu Məmmədyarovun Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla danışıqları olub. Bu gün biz əlbəttə ki, Sizin irəliyə doğru hansı addımlar atılacağını necə dəyərləndirdiyinizi bilməkdə son dərəcə maraqlıyıq. İstəyirik ki, münaqişə ədalətli, qarşılıqlı məqbul həll olunsun. Rusiya Federasiyası həm öz səyləri ilə, həm də ATƏT-in Rusiya, Fransa və ABŞ-ın daxil olduğu Minsk Qrupunun həmsədr üçlüyünün üzvü kimi bu cür razılaşmaların əldə edilməsinə nail olmaq üçün əlindən gələni edəcək”.

İnterPosta.info-nun məlumatına görə, Rusiya xarici işlər nazirinin Bakı səfərini şərh edən politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının konfransında iştirak etmək üçün Bakıya gələn Rusiya XİN rəhbəri Sergey Lavrov təkcə, təşkilatın işi ilə deyil, ölkəmizlə Rusiya arasında əlaqələr, xüsusilə Qarabağ münaqişəsi ətrafında danışıqlar aparıb. Sergey Lavrovun regionda davam edən gərgin siyasi proseslər fonunda səfəri xüsusi əhəmiyyət kəsb edir: “Ermənistanda baş verən siyasi hadisələr, Qarabağ münaqişəsi ətrafında Azərbaycan prezidenti və erməni baş nazirlə Düşənbədə məlum dialoqu Moskvanı narahat edən məqamlardan biridir. Çünki Rusiya münaqişə üzrə danışıqların öz orbitindən çıxmağında maraqlı deyil. Hətta Lavrov çıxışında bu görüşə işarə edərək, Rusiyanın İrəvan və Bakı arasında birbaşa Rusiya tərəfindən dialoqa kömək etməyə hazır olduğunu qeyd etdi. Göründüyü kimi, bu dialoq Moskvasız baş tutub. Rusiya Azərbaycan tərəfinə yeni həll planı irəli sürüb dialoqda iştirak etmək niyyətindədir. Moskvanın burada əsas məqsədi münaqişənin həllinə deyil, Paşinyana Bakının əli ilə təzyiq etməkdir”.

Politoloq qeyd etdi ki, bu səfər çərçivəsində son aylar NATO və Amerika generallarının Azərbaycana səfəri, Avropa İttifaqı ilə gözlənilən ikitərəfli saziş Moskva tərəfindən diqqətlə izlənilir: “Rusiyanın görünür, Ermənistanla bağlı çox ciddi planları var. Azərbaycanın hazırda Qarabağ münaqişəsi ilə bağlı Paşinyana müəyyən məsələləri qaydaya salmaq üçün vaxt verməsi, sonrakı mərhələdə Azərbaycanın atacağı addımları Rusiya ilə koordinasiya etmək üçün Lavrov bu təşəbbüsü də qaldıra bilər. Bundan əlavə, Azərbaycanın KTMT-də müşahidəçi statusda iştirakı, bununla bağlı Rusiyanın şərtlərin və digər siyasi proseslərin müzkirə predmeti olması mümkündür. Lavrov Bakıda Qarabağ münaqişəsi və regionda ümumi situasiya ilə bağlı müzakirələrdə bir daha Azərbaycanın mövqeyi ilə tanış oldu”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26