Interposta.Info

Nazarbayevin yeni layihəsi -

Siyasət
 15-11-2018, 16:23     10 357

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Asiyanın özünün kollektiv təhlükəsizlik təşkilatına ehtiyacı olduğunu söyləyib.

“Onun yaradılması sadəcə zaman məsələsidir,”- deyə Nazarbayev noyabrın 13-də “Astana klub” forumunda çıxış edərkən söyləyib.

Qazaxıstan liderinin fikrincə, yeni təşkilat Qazaxıstanın təşəbbüsü ilə qurulan və 27 dövləti özündə birləşdirən Asiya Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) təşkilatının bazası əsasında təşkil oluna bilər. AQFETM-də ATƏT də daxil olmaqla 13 ölkə müşahidəçi statusuna malikdir.

Nazarbayev AQFETM-in ATƏT-lə birlikdə Avrasiya məkanında təhlükəsizlik zonasını yarada biləcəyinə inandığını bildirib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bəhs edilən layihə, yəni ATƏT-in Asiya analoqu fikri Nursultan Nazarbayev tərəfindən ilk dəfə səslənmir.

Hətta AQFETM-in Şanxaydakı sammitində Qazaxıstan prezidenti ona ad belə tapıb- “Asiya Təhlükəsizlik və İnkişaf Təşkilatı”.

Qazax liderin fikrincə, yeni struktur ATƏT-lə sağlam rəqabət apara bilər.

Bununla bərabər Qazaxıstan prezidenti ATƏT-lə sıx əməkdaşlıq siyasətini də davam etdirir. Buna ən böyük nümunələrdən biri də ATƏT-in 2010-cu ildəki sammitinin Astanada keçirilməsini göstərmək olar. 8 il sonra Qazaxıstan prezidenti onun yenidən keçirilməsini təkilf edir. Nazarbayevin fikrincə, növbəti sammit hələ soyuq müharibə dövründə oyun qaydalarını müəyyən edən 1975-ci il Helsinki sazişlərini yenidən işləyib hazırlamalıdır. Qazaxıstan rəhbəri növbəti sammitin 2020-ci ildə yəni Helsinki anlaşmalarının 45 illik yubileyi münasibətilə təşkil olunmasını istədiyini bildirib.

“Əlbəttə burada böyük dövlətlərin mövqelərindən çox şey asılı olacaq. Bu səbəbdən yeni sazişin imzalanması üzrə birgə iştirak məqsədilə hər kəsi dəvət etmək istərdik”,-deyə prezident qeyd edib.

Bununla yanaşı Nursultan Nazarbayev prosesin asanlıqla keçməyəcəyinə işarə vuraraq, işə artıq növbəti ildən başlamaqdan yana olduğunu bildirib.

Lakin dünya siyasətinə yön verən böyük oyunçulardan gələn son məlumatlarda sammitin keçirilməsi ilə bağlı planlardan bəhs edilmir.

Hələ ki iş yalnız nazirlər səviyəsində görülür. Bunlardan biri də bu ilin dekabrın 6 və 7-də Milanda, xarici işlər nazirlərinin iştirakı ilə baş tutacaq./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26