Interposta.Info

Azərbaycanda xidməti maşınlara xərclənən məbləğ - 463 milyon dollar

Ölkə
 19-01-2019, 19:17     10 273

Xəbər verildiyi kimi, prezident İlham Əliyevin dövlət qurumlarında islahatlar və idarəetmənin təkmilləşdirilməsi haqqında yanvarın 17-də imzaladığı fərmanında digər məsələlərlə yanaşı, xidməti avtomobillərin azaldılması da əksini tapıb.

Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, xidməti avtomobili olan dövlət məmurlarının siyahısına yenidən baxılsın. Siyahıdan kənarda qalan vəzifəli şəxslərin avtomobilləri özəlləşdirilmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinə veriləcək.

Qeyd edək ki, xidməti avtomobillərin alınması və onlara xidmət Azərbaycanda dövlət qurumlarına çəkilən xərclərin arasında xüsusi yer tutub.

İqtisadçı ekspert Rövşən Ağayev fed.az-a bildirib ki, son 10 il ərzində dövlət dövlət büdcəsindən xidməti maşınlara böyük məbləğdə vəsaitlər sərf edilib.

Təkcə son 10 il ərzində - 2007-2016-cı illərdə dövlət təşkilatlarına xidməti avtomobillərin alınması üçün dövlət büdcəsindən ümumilikdə 364,7 milyon manat və ya həmin illərdəki məzənnə ilə 463 milyon dollar vəsait xərclənib. Xidməti avtomobillərə çəkilən xərclər aşağıdakı kimi olub:

2007 - 86.7 milyon manat
2008 - 33.6 milyon manat
2009 - 45.3 milyon manat
2010 - 32.0 milyon manat
2011 - 40.9 milyon manat
2012 - 28.3 milyon manat
2013 - 42.3 milyon manat
2014 - 24.6 milyon manat
2015 - 24.5 milyon manat
2016 – 6,5 milyon manat

Cəmi 364,7 milyon manat və ya 463 milyon dollar

Ekspert bildirir ki, bu müsbət yenilik olsa da, məmurların təkcə xidməti maşınlarını deyil, şəxsi avtomobillərini, hətta yaşadığı mənzilləri də ictimai nəzarətə götürmək lazımdır: «Söhbət bütün normal ölkələrdə olduğu kimi vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi mexanizminin tətbiqindən gedir. Çünki ayda 1500 manat əmək haqqı alan məmurların hətta 20-30 min dollarlıq avtomobil idarə edərək 70-80 min dollarlıq evdə yaşaması belə əliəyriliyinin ilk işartısıdır».

R.Ağayev xatırladır ki, Azərbaycanda bununla bağlı qanun 14 il əvvəl - 14 iyun 2005-ci ildə qəbul edilsə də, indiyədək işə düşməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26