Interposta.Info

Adil Əliyev 4-cü dəfə deputat olacaqmı? – yeni obyektləri...

Paradoks
 13-11-2019, 10:18     10 496

2020-ci il parlamentinin kimlərdən təşəkkül tapacağı bu gün ən çox sual olunmaqdadır. Hazırda Milli Məclisdən hansı deputatların kənarda qalacağı maraqla gözlənilir.

Vaxtaşırı adlar açıqlanır, siyahılar tərtib olunur, iqtidar “mətbəx”indən sızan informasiyalara əsaslanaraq konkret kimlərin növbəti dəfə mandat sahibi olmayacağı iddia edilir.

"İnterPosta.info"nun məlumatına görə, reportyor.info-nun ayrı-ayrı qaynaqlardan əldə etdiyi xəbərlərdə deyilir ki, deputat Adil Əliyevin də mandat taleyi sual altındadır.

Onun Bakının mərkəzi rayonlarından olan Nərimanovdan növbəti dəfə seçiləcəyi, belə bir strateji rayondan ona “stavka” olunacağı qeyri-müəyyən olaraq qalır.

Çünki hakim komandadakı kadr dəyişikliklərinin səmti, idarəçilikdəki yeni model Nərimanov kimi rayondan Qərb təhsilli, gənc bir siyasətçinin deputat olacağı ehtimalı yaradır.

A.Əliyev deputatlıq dövründə reputasiyası kifayət qədər zədələnmiş parlamentaridir: torpaq zəbti, müxtəlif ittihamlar, qalmaqallar, “Lotu Quli” ilə görüş, Çexiyada biznes, erməni adlar, qohumunun adam döyməsi…

Məlumatlar dolaşır ki, Adil Əliyevin qarşıdakı seçkilərdə şansı 50/50-yədir. Əgər namizəd olacağı dairədən daha ciddi fiqur alternativi olarsa, əminliklə Əliyevin deputatlıqla vidalaşdığını söyləmək olacaq.

Siyasi hakimiyyət qanunverici orqanın tərkibini azı 70 faiz dəyişdirməyi planlaşdırır. Bu siyahıdan A.Əliyevin sağ çıxacağı sual doğurur, ona çətin ki, “yaşıl işıq” yandırılsın.

A.Əliyev bu yaxınlarda İTV-dəki 3D verilişində qonaq olarkən qəribə ifadə işlədib: “Azərbaycanın heç bir bölgəsində mənim heç bir şeyim yoxdur”.

Amma əldə etdiyimiz yeni xəbərə görə, onun biznes “imperiyası”nın həddi-hüdudu yoxdur.

Mətbuatda getməyən, özəl məlumata görə, deputatın Nərimanov ərazisində, Bakı-Türk məktəbi yaxınlığında stadionu, “Neftçi”nin bazası yaxınlığında 5 mərtəbəli binası var. İndi bina arendaya verilib və otel kimi istifadə edilir.

Həmçinin, Ceyhun Hacıbəyli küçəsində yeni tikdiyi bina təhvil verilib. Sumqayıt yolunda “Neapol” otelin də ona aid olduğu bildirilir.

Zığ yolunda, Naxçıvanski hərbi məktəbin yaxınlığında, zeytunluq ərazidə restoranı, məşhur “Pekin” restoranına yaxın yerdə kafesi, “Vorovski”də villaları var.

Bir çox obyektləri, mənzilləri kirayə verdiyi, başqa adlara rəsmiləşdirdiyi söylənir. Onun biznesini Sankt-Peterburq və Almaniyaya qədər genişləndirdiyi iddia olunur.

Bütün bunlar hələ yarısıdır. Habelə, ərazisi mübahisəli olan “Çıraq palas” şadlıq sarayının da ona məxsus olduğu açıqlanmışdı.

Çexiyada vaxtilə deputat Adil Əliyevə, hazırda isə qardaşına və onun ailəsinə məxsus West End Center s.r.o. şirkət fəaliyyətdədir.

Adil Əliyev və ortaqları 2001-ci ildə Çexiyada öz biznesini qurmaq üçün bu ölkədəki yerli şirkətlərdən birini satın almaq qərarına gəlir. Danışıqlar o zaman Karlovı Varının Krale Jiriho küçəsi 31 ünvanında yerləşən , “Hasval” s.r.o. (hasval çox ehtimal ki, ermənicə sözdür) şirkətinin sahibləri ilə aparılır. Çexiya Ədliyyə Nazirliyindən 25229966 saylı lisenziya ilə 8 dekabr 1998-ci ildə qeydiyyatdan keçmiş şirkətin sahibləri isə… ikisi etnik mənsubiyyət baxımından erməni olmaqla 4 Rusiya vətəndaşı olub.

l) Valter B a g d a s s a r ya n (1961-cu il təvəllüdlü, daimi yaşayış ünvanı; Moskva şəhəri, Keramiçeskiy proyezd 55/1/120)
2) Asmik T o v m a s s y a n (1964-cü il təvəllüdlü, qeydiyyat ünvanı; Moskva, Keramiçeskiy proyezd 55/1/120)

3) Serguei M o s s i i t c h o u k (1969-cu il təvəllüdlü, ünvanı: Moskva, Çertanovskays

29/2/104)

4) Mikhail Ermolaev (1971-ci il təvəllüdlü, Frjazino, Prospekt mira 6/264, Rusiya).

Şirkət satış, brokerlik və turizm sahəsində fəaliyyət göstərib. Baqdasaryan və Tovmassyan hər biri 40 faiz, digərləri isə hər biri 10 faiz olmaqla paya sahib olublar.

Bütün bunlardan sonra Adil Əliyev efirdə bəyan edir ki, onun heç yerdə heç nəyi yoxdur. Üstəlik, hesab edirki, millət vəkili imkanlı şəxslərdən olmalıdır. Sanki deputat işi biznes strukturudur.

Deputat imkanlı yox, aktiv, danışan, seçicilərin problemlərini həll edən olmalıdır. Amma 2020-ci ildə, Adil Əliyevə 4-cü dəfə deputat olmaq şansı veriləcəyi inandırıcı görünmür.

Siyasi rəhbərlik adı skandallarda, biznesdə hallanmış, reputasiyası sağlam olmayan millət vəkilləri ilə yolları ayırmaq niyyətindədir. Görək bu dəfə necə olacaq.

Bizsə media olaraq növbəti saylarımızda daha hansı deputatların növbəti dəfə mandat şansı olmadığını araşdırmağa çalışacağıq…

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26