Interposta.Info

Quba rayonunun zəngin tarixin və təbiətin görənlər birdə görmək istəyir- VİDEO

Müxtəlif / Manşet
 7-07-2019, 20:15     11 511

Yaşı ilk orta əsrlərə gedib çıxan Qubanın tarixi haqqında qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs olunmuşdur. Belə ki, Peyğəmbərimizin Məkkə şəhəri ətrafında tikdiyi ilk məscidin adı Quba adlanır.

XI əsrdə Azərbaycan hakimi Anuşirəvanın tikdirdiyi qalanın adı "Bade-Firuzqubat" idi, XII əsrə aid ərəb mənbələrində Quba "Kuba" kimi göstərilirdi, XIII əsrdə ərəb alimi Həməvinin coğrafiya lüğətində Azərbaycan şəhərləri arasında "Kubba" da vardır, XVI əsrin səfəvi qaynaqlarında isə Quba "Qübbə" kimi verilmişdir.Bəzi mənbələrdə Qudyalçayın adı ilə bağlı olub Quda adlanır.

Quba şəhərinin ilk təməl daşı XIV əsrdə qoyulmuşdur.

XVIII əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758–1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.

Quba xanlığı

Quba xanlığı – XVIII əsrin ortalarında yaranmış, Azərbaycan xanlıqlarından biri. Quba xanlığı Azərbaycanın şimal-qərbində yerləşirdi. 18-ci əsrin birinci yarısında indiki Quba, Dəvəçi, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü. Quba xanlığının hökmdarlarından ən məşhuru olmuş Fətəli xan çalışırdı ki, Azərbaycanın pərakəndə xanlıqlarını özünün rəhbərliyi altında birləşdirsin. O, Dərbənddən Lənkarana qədər bütün şimal-şərqi Azərbaycanı özünə tabe etmişdir. Həmin dövrdə yəhudilər Qubaya, Qudyalçayın sol sahilində məskunlaşmağa dəvət edilmişdir. Əvvələr Yəhudi Slobodası adlanan bu yaşayış məntəqəsi 1926-cı ildən Qırmızı Qəsəbə adlanır.

Dağıstan xanları Quba xanlığı üçün həmişə şimal tərəfdən təhlükə mənbəyi olmuşdur. Rusiya da Qafqaza və Zaqafqaziyaya geosiyasi maraq göstərməyə başlayanda burada öz-üsul idarəsini bərqərar etmək qərarına gələndə Quba xanlığının sərhədlərini qorumaq xeyli çətinləşdi və 19-cu əsrin əvvələrində (1813-cü ildə) Quba xanlığı Rusiya imperiyasının tərkibinə daxil oldu.

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıya alınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)
AzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 161.434 nəfər əhali yaşayır.

Quba rayonu Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Burada yetişdirilən meyvə və tərəvəz məhsulları paytaxt bazarlarına aparılır, yerli konserv sənayesi müəssisələrində emal edilir, həmçinin başqa ölkələrə ixrac olunur. Quba rayonunda yetişdirilən meyvə və tərəvəz növlərinin çox olmasına baxmayaraq "Quba meyvəsi" dedikdə ilk növbədə alma yada düşür. Zəngin floraya malik olan Quba rayonu həm də dərman bitkilərinin geniş spektri ilə təmsil olunmuşdur. Burada yemşan, ardıc, pişikotu, andız, dəvədabanı, effedra və bir sıra başqa dərman bitkiləri yetişdirilir.

Rayonda konserv məhsulu istehsalı ilə məşğul olan "SAF" Məhdud Məsuliyyətli Cəmiyyətində 60 çeşiddə meyvə-tərəvəz şirələri, meyvə konsentratları mürəbbələr istehsal olunur. Müəssisədə 146 nəfər işləyir. İllik məhsul istehsalı həcmi 3,5-4 milyon manat təşkil edir. Xammal bazasını əsasən Azərbaycanda yetişdirilən meyvə-tərəvəz məhsullarıdır. İstehsal olunan məhsulların əsas hissəsi daxili bazarın tələbatını ödəməklə yanaşı ABŞ, Kanada, Almaniya, Rusiya, İsrail və Türkiyə bazarlarına da ixrac olunur. Hacıqabul rayonunun Nəvahi kəndində "SAF" MMC-nin nar emalı ilə məşğul olan filialı yaradılmışdır.

Rayon ərazisindəki yolların cəmi uzunluğu 542 km təşkil edir. Rayon ərazisindən 67 km respublika əhəmiyyətli yollar keçir. Respublika əhəmiyyətli yolların 55 km-i II dərəcəli, 12 km-i isə III dərəcəli yollardır. Yerli əhəmiyyətli yolların uzunluğu 475 kilometrdir. Yerli əhəmiyyətli yolların 115,45 km-i asfalt beton, 46,4 km-i qara örtüklü, 234,55 çınqıllı, 78,6 km-i qruntlu yollardır. Yerli əhəmiyyətli yolların 46 km-i III dərəcəli, 225 km-i IV dərəcəli, 247 km-i V dərəcəli, 24 km-i VI dərəcəli yollardır.

Mədəniyyət

Quba xalçaçılıq məktəbinə məxsus "Zeyvə" Xalçası
Qubada ən məşhur muzeylərdən biri Xınalıq tarix-etnoqrafiya muzeyi – 2001-ci ildə Azərbaycanın Xınalıq kəndində yaradılmış muzeydir. Xınalıqın köklü və nəcib ailələrindən gələn Xəlilrəhman Cabbarovun rəhbərliyi altında yerli əhalinin köməyi ilə kəndə qurduqları muzeydə çox maraqlı əsərlər nümayiş etdirilir. Xınalığın qədim dövrlərindən qalmış arxeoloji və etnoqrafik materiallar, o cümlədən kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələr və daha bir çox əşyalar Xınalığa gələnlərə burada vaxtı ilə mövcud olmuş yüksək bir mədəniyyətdən xəbər verir. 160 kvadratmetrlik iki zaldan ibarət olan bu muzey, sanki "Muzey içərisində muzey"dir.

Muzeydə diqqət çəkən ən önəmli bölmə əlyazma kitabların olduğu hissədir. XV əsrdən XX əsrin əvvəllərinə qədər tarixləşən bu kitablar Sovet dövrünün qorxusundan damlarda, qəbirlərdə saxlanılmış və müstəqillik dövründə ortaya çıxarılmış qiymetli əlyazma əsərlərdir. Burada olan kitablardan aydın olur ki, kəndin keçmişi elmlə sıx bağlı olub, vaxtı ilə Xınalığın mühüm bir elmi mərkəz olduğundan xəbər verir. Tarix, dil, məntıq, riyaziyyat, təbabət kimi elmlərə aid olanlar ilə birlikdə Fiqh, kəlam, təfsir, hədis kimi dini elmlərlə əlaqəli yüksək səviyyəli kitabların varlığı bunu sübut edir. Bu qiymətli əsərlərin tədqiq edilərək kataloqunun hazırlanması ve nadir nüsxələrin surətlərinin çıxarılması təcili görülməli işlərdir.

Kənd ağsaqqallarının ata və babalarından eşitdiklərinə görə Osmanlı dövründə bu yerlərə İstanbul, İzmir kimi şəhərlərdən çuvallarla kitab gətirilirmiş.

Azərbaycanın şimal-şərgində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür:

Dağlıq hissəyə – Qonaqkənd, Xaşı, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar;
Dağətəyi hissədə xalça istehsalı – Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Çiçi, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi} məktəbləri;
Ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan xalçalar da daxildir.
Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları "Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və s.-dir. Bu zonada toxunan "ÇİÇİ", "SIRT ÇİÇİ", "QIMIL", "CİMİ", "YERFİ" xalçaları dünyanın bir sıra müzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir. Qeyd etmək lazımdır ki,Quba xalçaçılıq məktəbinə məxsus olan dağətəyi və ovalıq xalça istehsalı olan kəndlər Şabran rayonunda yerləşirlər.

Memarlıq abidələri

Memarlıq abidələrindən Ağbil türbələri (XVI əsr), Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII-XIX əsrlər), Xınalıq kəndində bürc, Qudyalçay üzərindəki Tağlı körpü və s. mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov kəndində "Ələmu" adlı qala və tarixi məscid vardır. Yerfi kəndinin arxasında Kələva baba adlı zirvəyə yaxın bir yerdə qədim tikililər vardır. Bu tikililərin müdafiə xarakteri daşıdığını deyirlər. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin saytında XI – XII əsrlərə aid yerli əhəmiyyətli müdafiə qüllələri, inventar N4640 kimi göstərilir.

İnterPosta.info ailəsi Quba rayonundan başlayaraq Azərbaycan Xalqının ən qədim və ən hündür yaşayış məsgəni olan Xınalıq kəndinə qədər etdiyi səyahətdən bəzi kadırları təqdim edir:



Quba rayonunun zəngin tarixin və təbiətin görənlər birdə görmək istəyir- VİDEO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26