Interposta.Info

Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları (III yazı)

Müxtəlif
 19-03-2019, 22:16     10 554


Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU), AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Milli konsepsiyamızın dörd təməl ideyası vardır: Türk(lük), Azərbaycan(lılıq), İslam(lıq) və İnsan(lıq). Şübhəsiz, bu dörd ideyanın hər birinin milli konsepsiyada mühüm əhəmiyyəti vardır. Sadəcə, burada önəmli olan həmin ideyaların həm ayrı-ayrılıqda, həm də bir yerdə oxşar və fərqli cəhətlərindən asılı olmayaraq bir bütün kimi dərk edilməsi ilə bağlıdır. Deməli, əsas problem bir tərəfdən anlayışların hərfi mənadan tutmuş siyasi-ideoloji yozumuna qədər müxtəlif bir-birinə zidd qütblərdə düyünlənməsindən, digər tərəfdən isə həmin “düyünlərin” fərqli prizmalardan açılmasından, yəni “kələfin ucu”nun tapılmasından ibarətdir.
Son əsrlərdə “kələfin ucu”nu itirən ya da itirdilən Azərbaycan türkləri bu dörd ideyaya münasibətdə sözün həqiqi mənasında, yetərli ortaq bir məxrəcə hələlik, gələ bilməyiblər. Ancaq o da bir həqiqətdir ki, bu ideyalarla bağlı iki əsrə yaxındır ayrı-ayrılıqda, yaxud da onların üst-üstə düşən və düşməyən tərəfləri ilə əlaqədar xeyli dərəcə də ciddi elmi-fəlsəfi, siyasi-ideoloji mülahizələr irəli sürülmüş, bununla bağlı yüzlərlə məqalə və kitablar yazılmışdır və yazılmağa da davam edir. Bizcə, bu ideyaların ayrı-ayrılıqda və bir yerdə izahları ilə bağlı daha çox milli konsepsiyanın əsas hədəflərinə yaxınlaşan Azərbaycan türk aydınları Cəmaləddin Əfqani, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə və Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Əgər 19-cu əsrdə Əfqani və Zərdabi milli fəlsəfi təfəkkürün ifadəsində ön plana çıxmışdırlarsa, 20-ci əsrdə Hüseynzadə və Rəsulzadə onların milli konsepsiya ilə bağlı düşüncələrini daha da mükəmmələşdirməyə çalışmışlar. Məhz onların sayəsində də, milli konsepsiyamızın dörd təməl ideya üzrərində öz əksini tapmasının əsası qoyulmuşdur.
Bir az da dəqiqləşdirsək görərik ki, Əfqani ilə Zərdabi islamlıq, türklük, insanlıqla (burada sıralama da önəmlidir) bağlı düşüncələrini yeni milli təfəkkürə uyğun ortaya qoyduğu halda, Hüseynzadə və Rəsulzadə bunu bir az da irəli apararaq həm türklüyü digər ideyalardan önə keçirmiş, həm də ona milli fəlsəfi dərklə uzlaşan təriflərə verməyə çalışmışlar. Üstəlik, Hüseynzadə ümumi türklükdən xüsusi türklüyə inkişafın tərəfdarı olduğu halda, Rəsulzadə əksinə milli-məhəlli türklük ideyasından ümumi türklüyə doğru getməyi məqbul hesab etmişdir. Əslində bu cür milli fəlsəfənin əsasında islamlıqdan və insanlıqdan türklüyə dönüş dayanır ki, bu dönüşün də ilk mərhələsi ümumu türkçülüklə müşahidə olunur. Ancaq ümumidən xüsusiyə doğru nəzərdə tutulan İslam birliyi ideyası özünü doğrultmayıb ayrı-ayrı müsəlman xalqlarıın, o cümlədən Türk xalqlarında türklük ideyası olaraq ortaya çıxdığı kimi, ümum Türk birliyi ideyası da özünü doğrultmadğı üçün, milli-məhəlli türklük ideyası daha real şəkildə özünü büruzə vermişdir.
Milli-məhəlli türklük ideyasının ən bariz örnəklərindən biri Azərbaycan türklüyü ideyasıdır ki, bunu bəlli bir dövrə qədər (xüsusilə də 1-ci Dünya müharibəsi dövrünə qədər) bir çoxları Qafqaz türklüyü kimi başa düşmüşlər. Təsadüfi deyil ki, Ə.Hüseynzadənin də milli konsepsiyasında məhz dörd ideyadan biri Azərbaycan türklüyü deyil, Qafqaz türklüyü idi: 1) İslamız, 2) Türküz, 3) Qafqazlıyız, 4) İnsanız. Sadəcə, Hüseynzadənin milli fəlsəfəsində hər şey ümumidən xüsusiyə doğru hərəkət etdiyi üçün, türklük, islamlıq, insanlıq kimi Qafqazlılıq da bundan xali olmamışdır. Yəni Hüseynzadənin burada nəzərdə tutduğu “Qafqazlıyız” anlayışı yalnız Azərbaycan türklərini deyil, bütün Qafqaz türklərini öz içinə alırdı.
M.Ə.Rəsulzadə isə Ə.Hüseynzadədən fərqli olaraq xüsusidən ümumiyə doğru hərəkət etdiyi üçün Qafqaz türklüyünü deyil, ümumtürklük içində Azərbaycan türklüyünü müdafiə edir. Buradakı Azərbaycan türklüyü isə yalnız çar Rusiyasının işğalı altında olan Azərbaycan türklüyü ilə məhdudlaşmər və Qacarlar dövlətinin tərkibində olan Azərbaycan türklüyünü də özündə birləşdirir. Məhz Rəsulzadənin düşüncələrinin məhsulu olaraq da 1-ci Dünya müharibəsi dövründə (1914-1918) Qafqaz türklüyünün yerini Azərbaycan türklüyü tutmağa başlayır. Bununla da bir tərəfdən milli-məhəlli türklüyün inkişafənın vacibliyi, digər tərəfdən isə onun ən bariz örnəyi kimi Azərbaycan türklüyünün milli fəlsəfi dərki ortaya çıxır. Bizcə, buradakı milli-məhəlli türklüyün adının Azərbaycan türklüyü kimi ifadəsi, keçmişdəki (Kuti, Subar, Turukku, Manna, Midiya, Səlcuq, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar və b.) eyniliyin yenidən canlanmasından başqa bir şey deyildir. Bunu dəfələrlə ifadə edən Rəsulzadənin fəlsəfəsində də 4 ideya bu cür şəkillənməşdir: 1) Türklük, 2) İnsanlıq, 3) İslamlıq, 4) Azərbaycan. Bizcə, buradakı türklük əgər milli-məhəlli xarakter daşıyarsa – Azərbaycan türklüyü, ancaq ümumi xarakter daşıyarsa – turançılıq, Türk birliyi kimi ifadə olunmalıdır. Belə olduğu təqdirdə, milli konsepsiyamızın əsas mahiyyətini aşağldakı dördlük təşkil etməlidir: 1) Türklük (Azərbaycan), 2) Turançılıq-Türkçülük (Türk xalqlarının birliyi), 3) İslamlıq, 4) İnsanlıq.
Beləliklə, biz türklüyü iki anlamda dərk etməliyik: Birincisi, Türklük milli-məhəlli xarakter daşıyır və Azərbaycan türklüyünü özündə ifadə edir. Bu halda türklük və azərbaycanlılıq bir-birinin eyniliyidir. 1918-ci ildə qurulan Türk Cümhuriyyətinə Azərbaycan adı verilərkən də məhz bu eynilikdən çıxış edilmişdir. Doğrudur, o zaman “Azərbaycan” sözü hərfi mənada daha çox “odlar yurdu” kimi başa düşülmüşdür. Ancaq çox maraqlıdır ki, bu zaman türklüklə üst-üst düşən əsas məsələ kimi “tarixi-çoğrafi Azərbaycan”da əsasən Oğuz, qismən də Qıpçaq türk boylarının vahid millət kimi eyni dilə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə, tarixə, fəlsəfəyə sahib olması mühüm rol oynamışdır. Bu baxımdan “Azərbaycan” anlayışının farsca “odlar yurdu” kimi uydurulmuş izahı belə, heç bir məna kəsb etməmişdir və bu gün də etmir. Çünki “Azərbaycan Cümhuriyyəti” adıyla yanaşı ortaya çıxan Oğuzustan adı da əslində bir-birinin eyniyyətdir. Bu zaman “Azərbaycan” istilahı hərfi mənada da “odlar yurdu” deyil, elə Oğuzlar ölkəsi, Türklər ölkəsi deməkdir.
İkincisi, Türklük-Turançılıq anlamda ümum türklüyü ifadə edir və Türk xalqlarının, Türk dövlətlərinin ittifaqına əsaslanır. Bu halda isə türklük Azərbaycan türklüyü (azərbaycanlılıq) ilə yanaşı digər milli-məhəlli türk ideyalarını (Türkiyə türklüyü, Qazaxıstan türklüyü, Tatarıstan türklüyü, Uyğurustan türklüyü, Krım türklüyü, Özbəkistan türklüyü, Başqırdıstan türklüyü və b.) özündə ifadə edir. Bu prizmadan yanaşsaq, türklük ideyasının son əsrdə Türkiyə türklərinin boyununa biçilməsi, buna uyğun olaraq da Türk mədəniyyəti, Türk dili, Türk törəsi dedikdə, ancaq Türkiyə türklüyünü başa düşmək kökündən yanlışdır. Türkiyə türklüyü də milli-məhəlli türklük ideyalarından biri olub, ümum türklüyün sadəcə bir parçasıdır. Yəni Türkiyə türklüyü digər milli-məhəlli türüklük ideyalarından (Azərbaycan türklüyü, Qırığızıstan türklüyü, Uyğurustan türklüyü və b.) biri olub, sadəcə son əsrdə, xüsusilə Mustafa kamal Atatürkün sayəsində öz müstəqilliyini qoruyub saxlaması və türklüyün ümid qalası kimi mövcudluğuna görə ön plana çıxmışdır. Ancaq bu heç də o anlama gəlmir ki, dünyada müstəqilliyini qoruyub saxlayan tək Türk dövləti kimi Türkiyə Cümhuriyyəti Atatürkün və Ziya Gögalpın (şübhəsiz, onların da ilham qaynağı digər Türk xalqların ziyalıları o cümlədən, Azərbaycan türk ziyalıları olublar) Türkiyə türkliyi ideyasını layiqincə davam etiriblər, ya da bu gün etidirirlər. Bu, başqa bir məsələnin mövzusudur.
Beləliklə, burada ifadə etmək istədiyimiz əsas məəslə odur ki, milli konsepsiyamızın təməl ideyalarını doğru-dürüst mənimsəmədikcə, daima problemlər içində yaşamalı olacağıq. Başqa sözlə, çar Rusiyası dövründə Azərbaycan türklərinin nədən “tatar”, Sovet Rusiyası dövründə “azərbaycanlı”, Pəhləvilər dövründə, ya da molla-iranlı rejimində “persiyalı”, “iranlı” və buna uyğun olaraq dilinin də “tatar dili”, “Azərbaycan dili”, “azəri dili” adlandırılmasının əsil mahiyyətini ortaya qoymadan milli konsepsiyadan danışmaq mənasızdır. Əslində fasiləsiz olaraq milli kimliyinin və milli dilinin “tatar”, “azərbaycanlı”, “iranlı”, “azəri”, “persiyalı” və sairə olmadığını müdafiə etməklə məşğul olmağın özü belə həmin milləti ölgünləşdirir, qut(ruh)suzlaşdırır.
Çox yazıqlar olsun ki, hazırda da əsasən Azərbaycan Türk aydınları olaraq bizlər cəsarətsilziyimidən, iradəsizliyimizdən, natamamlığımızdan dolayı ya müdafiə olunmaqla, ya da susmaqla kifayətlənirik. Halbuki milli konsepsiyamızın çox vacib olan ilk iki ideyasını, yəni türklüyümüzü və azərbaycanlığımızı heç olmasa müəyyən bir dərəcədə anlamış olsaq, o zaman daima müdafiə olunmağın millətin böyüməsi və inkişafı yolunda ciddi əngəl olduğunu daha dərindən dərk etmiş olarıq. Hesab edirəm ki, milli konsepsiyanın milli fəlsəfi dərki dedikdə də, ilk növbədə türklüyün və azərbaycanlılığın bütünlüyü məsələsinin hansı şəkildə təqdim olunması başa düşülməlidir. Burada da önəmli olan dövrün şərtlərinə uyğun olaraq milli konsepsiya ilə bağlı olan ideyaları zor-xoş praqmatikləşdirmək, ya da marginallaşdırmaq deyil, bəlkə də əksinə milli nüvə ətrafında daha da zənginləşdirməkdir. Şübhəsiz, burada “milli nüvə” kimi nəzərdə tutduğumuz Azərbaycan türklüyüdür ki, onu da əsassız olaraq irqçilik, şovinizm kimi başa düşmək kökündən yanlışdır.
Ümumiyyətlə, son iki əsrdir ki, ümumi türklük, eyni zamanda onun milli-məhəlli ifadəsi olan türklük ideyaları (Azərbaycan türklüyü, Türkiyə türklüyü, Tatarıstan türklüyü və b.) məhz irqçilik, şovinizm, radikal millətçilik kimi qələmə verilmişdir və verilməyə də davam edir. Burada da əsas hədəf ilk növbədə, türklükdür! Əslində, türklüyü hədəf alanlar arasında dünyada bizə bəlli Türk düşmənləri ilə yanaşı, eyni zamanda Azərbaycançılıq, Türkiyəçilik, İrançılıq, Qazaxıstançılıq, Türkmənistançılıq və sairə adı altında pərdələnərək zahirən türklük tərəfdarı olub, ancaq mahiyyət etibarilə türklük əleyhdarı olanlar da olmuşdur. Başqa sözlə, milli-məhəlli türklük ideyaları (Qazaxıstan türklüyü, Türkmənistan türklüyü, “İran” türklüyü, Azərbaycan türklüyü, Türkiyə türklüyü, Tatarıstan türklüyü və b.) içində yer alıb, ancaq əslində mahiyyət etibarilə Türklük əleyhinə mübarizə aparanlar xarici düşmənlərdən heç də az təhlükəli olmamışlar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26