Interposta.Info

"Nə mutludur öz kimliyini dərk etmiş Türk"

Müxtəlif
 11-01-2019, 19:44     10 582


Asif Ata Ocağının Övladı Eluca Atalı İsveçdə yaşayır, 18 kitabın müəllifidir, əsərləri müxtəlif dillərə çevrilərək yayılıb. Xanım yazar bu yaxınlarda Türkiyədə oxucuları ilə görüşüb, konfranslar keçirib, tv, radio proqramlarının qonağı olub. Səfərlə bağlı yazarın təssüratlarını bölüşmək istədik.

Sual: - Eluca xanım, bir yazıçı kimi sorağınız Azərbaycandan uzaqlardan da gəlir. Kitablarınız bir çox dillərə tərcümə olunub. Mənim sualım sizin yaradıcılığınızla bağlı deyil, ictimaiyyətlə, əsasən də insanlarla münasibətinizlə bağlıdır. Görüşlərinizdə, kitab təqdimatlarınızda, sosial şəbəkələrdə insanların sizə münasibəti necə olur?
Cavab: - Bilidiyiniz kimi, ixtisasca kitabşünasam, ona görə də oxucularımı təsnifata bölməkdə heç bir çətinliyim yoxdur, həm də oxucu bölgüsü edərəmsə, bu yolla söhbətimizin məğzi hər kəsə aydın olar. Özümə qarşı müxtəlif münasibət görürəm, təbiidir və bu təbii halı iki yerə ayırıram: məni qəbul edənlər və etməyənlər.
İkinci bölgümdə anadilli oxucular və qeyri dillərdə oxuyanlar gəlir. Onların da içində oxucularımı həmin əvvəlki bölgü üzrə iki yerə bölürəm: mənim yazdıqlarımı qəbul edənlər və etməyənlər. Əvvəla deyim ki, xarici oxucular içində
bir o qədər də inkar edilmirəm. Bunun da öz səbəbləri var. Özümə bəraət üçün deməyəcəm, amma ümumi hal kimi deməliyəm, mən pul deyiləm ki, hər kəs məni sevsin və axtarsın.
Digər tərəfdən bu gün kitab yayımının geniş vüsət aldığı bir dünyada oxucu qazanmaq kitab yazmaqdan daha çox problemə çevrilib. Və həm də qazandığını ardıcıl öz arxanca aparmaq var, yəni, təsir dairəndə saxlamaq. Amma adam yazan zaman nəinki oxucusunu, hətta özünü də unudub ideya aləmində qərar tutur. Demək, sənin ideyaların və kitabın dili oxucunu sənə doğma edəcək qədər maraqlı olmalıdır, yəni oxucunu düşündürən mövzu olmalıdır.
Bir qrup oxucum milli dərdlərimizi bədii formada yazdığım üçün məni alqışlayır. Deməliyəm ki, bu cür oxucularım əksəriyyət təşkil edir. Əsasən Güney Azərbaycan dərdini yazdığım Güney Azərbaycandan olan oxucularımın rəğbətini qazanmışam. Bunu da təbii qarşılayıram, çünki bu gün Güney dərdini nəsrlə verən yazar azdır, əgər çox olardısa, onlar məni və digərlərini müqayisə edib daha yaxşısını seçərdilər.
Sual: - İnanırsınız ki, əgər yazarlar arasında müqayisə etmək mümkün olsaydı, sizə yox, digərinə üstünlük verərdilər?
Cavab: - Niyə də inanmayım?
Sual: - Axı, sizin bütün məsələlərə xüsusi baxış bucağınız və yazı tərziniz var ki, bu da oxucuları çox cəlb edir.
Cavab: - Mən məsələyə başqa bir yöndən yanaşdım. Əgər Güney Azərbaycan gəncləri ana dilində oxuyub yazmaq imkanına malik olsaydılar, sözsüz ki, öz problemlərini daha yaxşı qələmə almış olardılar. Şəxsən mənim üçün problemin içində olan adamın problemi təhlil etməsini oxumaq daha maraqlıdır. Mən ən çox qulaq şahidiyəm, güneylilərin danışıqları əsasında əsərlərimi yazıram. Bilirsiniz ki, bir əsəri yazmaqdan ötrü o əsərlə bağlı informasiyanı oxumaq yetmir, gərək əsərdə təsvir edəcəyin coğrafiya, geyim üslubu, danışıq tərzi, etnoqrafiya və s. haqda tam məlumatın olsun. Daha doğrusu, bütün bunlar göz yaddaşına hopmuş olsun ki, əsər yazarkən sən onları görmüş kimi yalnız təsvir edəsən.
Sual: - Sizi qəbul etməyən oxucuların kimliyi maraqlıdır.
Cavab: - Əsasən İran yönlülər, Qumda təhsil almışlar mənim Güneylə bağlı və Ata fəlsəfəsi əsasında yazdığım əsərlərimdəki insana yeni baxışı qəbul etmirlər. İnsanın taleyini özünə tapşırmaq kimi insanlığa inamdan doğan fəlsəfi baxışla razılaşa bilmirlər insanı alət sayanlar. Hətta kobudcasına söyüb təhqir edirlər. Onlar "İran hizullah zindanında" romanının "Xomeyni ilə varisin söhbəti" hissəsində Xomeyninin “zindandakı qızların bakirəliyi alınıb sonra edam edilsinlər” kimi qeyri-insani fitvasının böhtan tipli olduğunu iddia edirlər. Amma 40 milyonluq Güney Azərbaycan türkü bunun şahididir, hətta fars dilli oxucular belə əsərin fars varinatını oxuyub yazdıqlarımı təsdiqlədilər. Həqiqətdə isə, əsəri
Xomeyninin risaləsi əsasında yazmışam və onun varisi Müntəzirinin Xomeyniyə məktubu burda əsas yer tutur. Bizim fəlsəfəmizlə məsələyə yanaşsaq, yoxdan var yaranmır, var elə vardır, çünki var mahiyyətlə bağlıdır. Əslində bu əsərdə söhbət fərd olaraq bir dini rəhbərdən getmir, insanlığı olmayan qeyri-insanların insanlıq adına ləkə olduqlarından gedir. Sosial şəbəkələrdə, həmçinin şəxsi internet ünvanıma gələn mesajlarda bəzən kobud təhqirlərə də rast gəlirəm.
Hər halda söyüş deyil, İran yönlülərin nəzərincə baxsaq. Bu qiymətdir, oxucunun səni qəbul etməməsində də yaxşı nəsə var.
Sual: - Yaxşı olan nədir?
Cavab: - Yaradıcılıq - quruculuqdur! Köhnə, ziyanlı düşüncəni vurub beyindən atmasan, onda sən yeni nə yaratmış olursan? Əslinə baxsan, mən bu əsərlərlə Ata fəlsəfəsindən gələn insanlığa yeni baxış toxumunu bədii vasitə ilə həll edib oxucularıma təqdim edirəm, yenilik birdən-birə kor-koranə qəbul edilməz. Hər növ hücuma hazır olmaq gərəkdir.
Sual: -Elə isə bu əsərlərinizlə oxucuya verdiyiniz mesaj nədən ibarətdir?
Cavab: - Bu əsərlərlə insanlara müqəddəsliyin nədə olduğu mesajını verirəm və deməliyəm ki, Türkiyədə yayımlanan "Azadlık hikayeleri" kitabımı oxuyan hər kəs "qanım dondu" - deyir, kitabla bağlı yazılı və şifahi rəylərində. Oxucu əsərdə cərəyan edən hadisələrə insani ölçü ilə yanaşıb bu nəticəyə gəlir.
Sual: - Söhbət Türkiyədən düşmüşkən, Türk mətbuatında sizə Anka kuşu deyə müraciət edən oxucularınız var. Bu sizə hansı duyğunu bəxş edir? Hətta sizin Türkiyədə yayımlanan afişalarınızda da sizi bu adla təqdim edirlər.
Cavab: - "Yenidən doğuş" povestimin qəhrəmanı balaca, əfsanəvi Enqa quşunun obrazı ilə məni səsləyirlər. Bu əsər haqda ən gözəl açıqlamanı Əntiqə Qonaq verib. İlk dəfə o təyin etdi ki, əslində Ənqa quşu müəllifin özüdür. Bir də Ənqa quşu obrazını ən yaxşı duymuş oxucu Radio Yaşıl Kara denizin aprıcısı Fatma Çingizi hesab edirəm. Məndən sorsanız nədən bu iki adamın obrazı yaxşı dərk etdiyini sanıram? Çünki bu hər iki qadın tale uğrunda döyüşməyi bacarıblar, həyatda nə əldə ediblərsə, mübarizə ilə qazanıblar. Amma əslinə baxsan, onlar təyinlərində haqlıdılar, yaradıcı yaratdığı əsərə öz taleyini verir. Verirsə, bununla birgə əsərə yaşam haqqı qazandırır. İnsanın istəyini quşun timsalında vermişəm, yenə öz fəlsəfəmizdən doğan insan öz mənasını, gücünü necə aşkarlaya bilər və özünə çata bilər kimi agır yükün altından çıxmağı burda göstərdim. Bu əsəri yazmamışdan əvvəl dəfələrlə qızıma danışdım, balaca idi, amma nağıla o qədər diqqətlə qulaq asırdı, bitdikdən sonra: "Sabah axşam bunu yenə danışarsan" - deyib, sabah üçün də sifariş edərdi. Düşündüm, bu həm də xudbinlikdir, öz balanı yetişdirəsən, digər uşaqları düşünməyəsən. Bu minvalla da Ənqa quşunun özünü yaratma əfsanəsi qələm məhsuluna çevrildi. Sonralar öyrəndim ki, bütün dünya dillərinə çevrilmiş "Uzun corab Pippi" uşaq məcəra romanının müəllifi, İsveç yazarı Astrid Lindqren öz oğlu ağır qızdırmalı yatarkən uşağı ovundurmaq məqsədi ilə ilk dəfə olaraq Pippinin məcəralarını özündən uydurub danışıb. Amma kitabı yazdıqdan sonra bütün dünya uşaqları onu sevir. Araya suallar saldın deyə, oxucular arasındakı bölümləri tam ayrıntıları ilə açıqlamadım. Bir qrup oxucumda “nədən əsərlərimdə sevgiyə yer verməməyim” fikri sual doğurur. "Tiqranizm Xocalıda" kitabından sonra türk dilli oxucularımdan aldığım bir neçə rəydə onlar qadınlığımı anladacaq bir kitabın yazılmasını istəyirlər. Şəxsiyyətimə maraq etdiklərini deyirlər, bir erkəyə münasibətimin maraqlı olduğunu bildirirlər. Onların bu istəyindən anladığım budur ki, marağında olduqları bir mövzunu yaradıcılığını ardıcıl izlədikləri bir yazarın qələmindən oxumaq istəyirlər.
Sual: - Bu yaxınlarda Türkiyədə bir neçə görüşünüz oldu. Türkiyənin indiki ruhani durumu barədə bir neçə kəlmə mümkünsə.
Cavab: - Qısa şəkildə desəm, qarışıq və bulaşıq! Və həm də təəssüf hissini üstünə gəlməliyik. Asif Ata sözü ilə desək, üzü özgəçiliyə meyli güclü, gələnin qabağına yüyürmə, gedənin dalıyca ağlama prinsipi qoyur ortalığa bizim doğma Türkiyəmiz. Həm də ərəbbaşlıq tüğyan edir. Çoxluqda bunu görmək mümkündür. Yeri gəlmişkən bir məsələyə də toxunacam, adamın əzizi dünyasını dəyişəndə uzağı bir il yas saxlayır, ölənlə ölmək mümkün deyil ki, həyat davam edir. Əgər yaşayırsansa, fərəhlə yaşamalısan, sızlayaraq yox. Ərəbin hakimiyyət, taxt-tac uğrunda bir-birini qanına qəltan etmişlər üçün on dörd əsr ağlayıb yas saxlamasını məntiqi baxımdan doğru bilmirəm. Normal ağıl bunu qəbul etmir. Mən düşünürəm dini "urvata" mindirən onun yaslarıdır, çünki orda güclü rituallar var. Qaldı, səcdə məsələsinə, dindəki səcdəni nəzərdə tuturam, insanın daxilində mütləqilik və müqəddəsliyə ehtiyac var, bunu ərəbinki olmadan da insan gerçəkləşdirmək istəyir. Çünki on dörd əsrdən də qabaq biz türklər insan idik, səcdəgahlarımız vardı, özümüzdən yüksəyə, böyüyə səcdəmiz, ehtiramımız vardı, o yüksəyə yüksəlmək, qalxmaq ehtiyacı içimizdən bizə diqtə edirdi ki, böyüklük qarşısında ehtiram göstərək. Yoxdan heç nə yaranmır. Türkün səcdə qıldığı Göy Tanrısı üçün ilin yarısını ağlamağa, sızlamağa ehtiyac yox idi, o insan mənəviyyatını özünə əsir etmirdi, zəlil etmirdi. Göy ülviliyinə, saflığına, ucalığına yüksəldirdi, göyləşdirirdi. İndi özünüz müqayisə edin, görün, bugünkü türk ruhu hansı səviyyədədir. Qısa desək, göydən yerə enib, ucalıqdan çirkaba. İkinci bir hal: Bu gün türkçülərimizin işlətdiyi, əksəriyyəti mənim dostlarım olmaq şərti ilə hər kəsin işlətdiyi bir deyimin üzərində dayanmaq istəyirəm: "Nə mutludur türkəm deyən"! Gəlişi gözəl söz...
Hansı türkdən gedir söhbət? Bu ifadə nə zaman deyildi? Bu ifadə deyilən zaman yerinə düşürdü, bütün dünya türkə qarşı idi, türk dirəniş göstərirdi dünyaya, dünya və türk vardı. Dünyanın dizini yerə vurdu türk özü olmağı ilə. Mübariz, qorxmaz türk, Çanaqqalada yarı ac, yarı tox qarınla dünyaya meydan oxuyan
ingilisin gəmisini boğazdan türk torpağına buraxmayan türkdən gedirdi söhbət. Amma indi türklə üzbəsurət döyüşən yoxdur ki, türkü yada qarşı çıxarıb "türkəm" deyə döyüşə. O, Koroğluluq meydanı idi, indi meydan Həmzələrə qalıb, igidin atını oğurlayıb özünə taxt-tac yaradan keçəllərə. Bu gün türkü ərəbbaş edib yadlarla üz-üzə qoyurlar. Özü yadlıqlar məngənəsində canının hayında olan türk yadlarla necə döyüşər? Söhbət bundan gedir. Bu səbəbdən də, mən deyirəm, "Nə mutludur kəndi kimliyini dərk etmiş türk! Öz kimliyi ilə fəxr etməyi bacaran türk!" Hanı bu türk? Harda yetişir? Bunu bizdən öyrənməlidirlər, ilk əvvəl yad inancından qurtularaq. Özünə inanan türk özündəki yadlıqla döyüşməlidir, mənliyini ortaya qoymalıdır.
Sual: - Doğmalıq nədir? Qadınla kişinin dostluğu, yalnız “ruhani bağlılığı” mümkündürmü? Yoxsa bu mümkünsüzdürmü?
Cavab: - Doğmalıq haqda ən gözəl fikri Ata deyib: "Doğmalıq - doymamazlıq!" Nədir insanın doymadığı doğmada? Ruhanilik!!! Sualınızın ikinci hissəsində olan qadın-kişi dostluğunda ruhani bağla axıra qədər getmək mümkündür. Türk düşüncə tərzi ilə yanaşıb, qadına ana-bacı gözü ilə baxılsa, bu mümkündür. İnamsız baxışlarla yola çıxsan, mümkün deyil. Dost- ikinci mən deməkdir, dost bildiyin insanla hər şeyini bölüşməyi bacarmalısan.
Sual: - Bu gün Azərbaycanda yaşayan etniklər haqqında nə deyə bilərsiniz? Azərbaycan türkləriylə onların münasibətlərində nə kimi fikir birliyi, mənəvi birlik ola bilər? Və bu birliyə mane olan nədir?
Cavab: - Bu gün Azərbaycandakı etniklərlə biz tarixən iç-içə yaşamışıq, yəni, güclü tarixi bağımız var. İlk əvvəl deməliyik ki, ailə qohumluğu qədər qan qarışmamız varsa, demək, Azərbaycandakı etniklər Azərbaycan türklərinin doğmalarıdırlar, yad deyillər bizə və ya biz onlara yad deyilik. Şəxsən mənim ən yaxın dostlarım Lahıcdadır, Azərbaycanda olduğum müddətdə tez-tez Lahıca gedərdim, indi də ordakı lahıclıların evini özümünkü bilirəm. Hamısı da saf insanlardır, son tikəsini dostla bölə bilən. İstərsə də Lənkəranda, Astarada olan dostlarımdan həmin doğma münasibəti görmüşəm. Onlar Azərbaycanda tarixən yaşayıblar, dövlətimizin yaranmasına, inkişafına, elmin tərəqqisinə töhfə veriblər. Bunu danmaq olmaz. Birgə mədəniyyətimiz var, lakin Azərbaycandakı etniklərin özlərinəməxsus mədəniyyəti də var, istər süfrə, istər geyim, istərsə də toy-yas ənənələri. Bütün bunlar bizim bir-birimizdən üstünlüyümüzü və ya əskikliyimizi göstərmir, əksinə, bu rəngarənglikdir, gözəllikdir. Lahic toylarında olanda başqa bir aləmə düşmüş hesab edirəm özümü, mənə bir dünya fərəh bəxş olunur. İstərsə də, Qubadakı Qırmızı qəsəbədə yaşayan yəhudilər, özlərinəməxsus mədəniyyətlə Azərbaycan adlı dünyaya öz mədəniyyətlərindən pay verirlər, rəngarənglik qatırlar. Eləcə də, digər etniklər Azərbaycana zənginlik bəxş edirlər, nəinki əskiklik. Bizim daxildə heç zaman bir-birimizə düşmən münasibət olmayıb, olmamalıdır da. Çünki biz türklər fitrətən insansevər olmuşuq, kimisə aşağılamaq, yan baxmaq bizə yaraşmaz, gerçəkdən bir insana yaraşmayan haldır. Qaldı, sizin sualınızın son bölümünə, bəli, bundan məqsədyönlü istifadə edənlər var, etnikləri Azərbaycanın üstünə qaldırmaqla daxili çaxnaşma salıb ölkəmizi zəiflətmək istəyirlər. Bizim öz aramızda birliyə mane olan heç nə yoxdur: ərazi bütövlüyümüzdə canından keçib bütün etniklər Azərbaycanın digər vətəndaşları kimi, "Mənim deyil bu vətən!" - deyənə rast gəldinizmi onların içində? Yox! Bizlə birgə daim mübarizəyə qalxıblar, acımız da birgə olub fərəhimiz kimi.
Sual: - Azərbaycanın, Türkiyənin, Türk dünyasının bu günkü günü... Və Azərbaycan -Türkiyə münasibətlərinə böhtan atılması halları.
Cavab: - Heç cürə deyə bilmərik ki, bu informasiyanı yayanlar tarixi bilmirlər, mən deyərdim, əksinə, tarixi çox gözəl bilirlər. Onlar yaxşı bilirlər ki, tarixin ən ağır dönəmində Azərbaycan və Türkiyə bir-birinin yanında olub. 1915-ci il Çanaqqala savaşında 4 min Azərbaycan türkü ordakı döyüşlərdə ölüb. İki dəfə Çanaqqaladakı Şəhidliyi ziyarət etmişəm, hər dəfə də azərbaycanlı qəbirlərini ehtiramla yad etmişəm xüsusi qohumum-filanımdır deyə yox, sadəcə, onların qardaş yardımına görə. Mənim prinsipimə görə, “mən tək düşünən mənim qohumumdur”, düşüncə eyniliyi insanları yaxınlaşdırır. Eyni zamanda Azərbaycanın ən ağır durumunda yardım edən Türkiyə olub. 1918-ci ildə Bakıda, Salyanda, Göyçayda, Şamaxıda, Naxçıvanda, Qərbi Azərbaycanda, Haqqıxlıda, Danarğanda, Xoyda, Səlmasda, Urmuda ermənilərin Andronikin başçılığı ilə törətdikləri qırğınlar nəyin hesabına sona yetdi? Sən özün haqqıxlıdansan, bildiyim qədər yaxın qohumların, ulu baban Molla Nəbi Danarğan vəhşətində vəhşicəsinə qətlə yetirilənlərdəndir. Türk qoşununun Bakıya, Naxçıvana, Qərbi Azərbaycan girməsi ilə bitmədimi bu qanlı savaş? Bəs, nədən bu gün Türkiyə - Azərbaycan münasibətlərinə kölgə salmaq məqsədi ilə tarixdə olmayan hadisələr uydurulur? Siz deyən hallara mən də sosial şəbəkələrdə rast gəlirəm, ürəkbulandırıcı olması ilə yanaşı, həm də düşünməyimiz gərəkdir: düşmən yatmayıb. 1993-cü ildə Əlikram Hümbətov olayları bu gün yatmış vulkan hesab oluna bilər. Baxın, gedib girib erməni qoltuğuna. Saf adam, Azərbaycanın torpaq bütövlüyünü tanıyan adam bu yaramazlığı edə bilməzdi. Ermənilər bizim iradəmizi qırmaq, gücümüzü parçalamaq məqsədi ilə üzdəniraq etnik nümayəndələri ələ alıb üstümüzə qaldırırlar ki, bir neçə cəbhədə döyüşək. Zəiflədiyimiz yerdə erməni istədiyinə nail olsun. Əslində Ə.Hümmətov olayından savayı, digər bir etnik Azərbaycanın bütövlüyünə ziyan gətirməyib. Sosial şəbəkələrdəki üzdəniraq informasiyalar erməni bulağından su içir.
Sual: - Sonda demək istədiyiniz hər hansı bir fikriniz varmı?
Cavab: - Xüsusi fikrim yoxdur, ürəyimdəkilər bitmiş hesab oluna bilər, amma bir əlavəm var. Siz bayaq sordunuz məni kimlər qəbul etmir, bununla bağlı əlavə bir neçə kəlmə demək istəyirəm. Məni inkar edənlər bilməlidirlər ki, əslində onların inkarında Eluca Atalını təsdiq durur, mənim varlığımı görüb dərk edirlərin məni qəbul etməmələri köhnəlikdən qurtula bilməmələridir. Yeni nəsə qəbul etmək üçün gərək köhnəni vurub yıxasan. Yoxsa həm təzə, həm də köhnə - ikisi bir yerdə qəbul olunmaz. Bir də o adamlarda mənəviyyat kəsadlığı problemi var, kiçik mən, böyük mən məsələsi toqquşur, mənəm-mənəmlik qabarır. Bugünkü söhbətimiz xüsusi olaraq məni qəbul etməyənlərə həsr olunmadığından, mən bu mövzunun üzərində çox durmuram. Bir də unutmayın, istər köhnə, istərsə təzə olsun, o şeyi qəbul etməliyik ki, o, insanlığa zidd olmasın, insanın böyüyüb artmasına xidmət etsin. Dünya təzə, köhnə təzadından təzəni götürməlidir fikrində deyiləm, danışıq məntiqimdən bu çıxmasını istəmirəm. Asif Atanın bu haqda fikri var: "Təzə köhnənin əvvəli, köhnə təzənin sonu". Yenə deyirəm, biz insanlığa xidmət edəni qəbul edib mənimsəyib, özümüzü dəyişməliyik. Ümumiyyətlə, mənim son müşahidəm belədir ki, Azərbaycan cəmiyyətində yaxşıya doğru dəyişməyə meyillilik yoxdur. Bu da məni çox ağrıdır, çünki, təzə-köhnə burulğanında duran vətənimdir.
Elli: - Təşəkkürlər, Eluca xanım. Demək, yükümüz çox böyükdür!
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Qaranlıqlar yarılsın!
Eluca: - Yükümüz ağır, mənzilimiz uzun, ömürsə biz düşündüyümüz qədər uzun deyil və bədən də hər an öz etibarsızlığını büruzə verir. Bu səbəbdən hər anımızı dəyərləndirməyi bacarmalıyıq.

İnterPosta.info üçün, Eluca Atalı ilə müsahibəni Elli Atayurd hazırladı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26