Interposta.Info

Millətlər arasındakı körpünü aydın düşüncəsi ilə salır

Müxtəlif
 6-01-2019, 22:29     10 588

( Yazar Eluca Atalı ilə müsahibəni Özbəkistanda yayımlanan "Dünya ədəbiyyatı" dərgisinə jurnalist, tədqiqatçı Seyara Solaeva hazırladı)

Sual: Əziz dostum, sizlə internet vasitəsi ilə əlaqə qurarkən "Xərəzimi görmək ən böyük xəyalımdır!" demişdiniz. Bu ziyarət bizi, iki eyni millətin insanlarını, yəni qədim zamanlardan bəri qardaş kimi yaşayan xeyirxah insanları bir-birinə yaxınlaşdıracaq. Ümid edirəm ki, bu yaxınlıq ədəbi əlaqələrimizi gücləndirməyə kömək edəcəkdir. Həqiqətən belədirmi?

Cavab: Sevgili Səyyarə xanım, etiraf edim ki, bu istəyim gerçəkləşmədiyi üçün üzgünəm. Bəli, Xərəzimdə olmaq mənim çoxdankı arzumdur, lakin bildiyiniz kimi, Özbəkistana gəldiyim zaman gözlənilməz xəstəlik imkan vermədi sizin gözəl şəhərinizi ziyarət edim. Millətlərin, insanların bir-birinə yaxınlaşmasından danışırıqsa, bizim səfərlər bu amaca qulluq etməlidir. Digər tərəfdən, biz türk millətinin aydınları, yazarları olaraq bu yöndə ilk addımı atmalıyıq. Əlbəttə, ilk addım deyəndə, bu, bir o qədər də yerinə düşmür, çünki tarixən eyni ənənə və mədəniyyətə malik olmuşuq, amma 70 il sovet dönəmində aramızda uçurum yaradaraq, özbək, qırğız, qazax, türkmən, azərbaycan türkü deyib, bizi Türk Dünyası adlanan böyük dəryadan qoparmağa çalışmışlar. Bu gün biz yazarlar həmin qopuqluğu aradan qaldırmaq, birləşdirmək üçün düşüncə toxumu əkirik, sözsüz ki, əsərlərimiz, kitablarımızla. Qaldı, Xərəzimə səfərimə, sağlıq olsun, yaxın aylarda bunu reallaşdırmağa çalışacam.

Sual: Tarixdə azadlıq hərəkatının lideri kimi tanınan Sultan Jaloliddin Xorezmşah Azərbaycanda da azadlıq missiyasını həyata keçirərək qazandığı qələbə ilə sizin tarixə də düşmüşdür. Onun sayəsində Azərbaycan düşməndən xilas olur. Akademik, Xərəzim tarixçisi Ziya Bünyadov, ilk növbədə, "Cəlaləddin Səlmanının Sultanı" nı rus dilindən ərəb dilinə tərcümə etmişdir. Sonra "Anuştegin tarixi" yazısını yazdı. Tərcümə əsasında və əsərlərimiz əsasında milli ədəbiyyatımızda çoxsaylı incəsənət nümunələri yaradıldığını bilirik. Beləliklə, Ziya Bünyadovun əsərləri iki xalq arasında bir körpü rolunu oynadı, birliyimizə xidmət etdi. Azərbaycan xalqının nümayəndəsi kimi, bu məsələyə sizin fikirlərinizi bilmək istəyirik?

Cavab: Adını çəkdiyiniz şəxslər və onların əsərləri birgə ümumtürk tariximizdə böyük mövqeyə malikdirlər. Bu dünənimizlə bağlıdr, bugünsə bizlər varıq, dünəni sabaha aparacaq, daşıyacaq qüvvələr. Mən istəyirəm bugünkü ədəbi və mədəni bağlar sağlam olsun ki, gələcək nəsillər bir-birini anlamaqda çətinlik çəkməsinlər.

Sual: Daşkənddə yayımlanan "Özünü gətir" kitabınız özbək oxucuları tərəfindən sıcaq qarşılandı. Hekayələriniz tanınmış qəzet və dərgilərdə yayımlanır, Xərəzmin "İyi kəlmə" daxil, "Kitab aləmi", "Ana vətən" və s. pristijli yayımlar sizi çap etdi. Şişirtmədən, xarici vətəndaşların ölkəmizlə heç ilgilənmədiyini söyləyə bilərik. Bu əlaqələrin sizi xoşhal etdiyini düşünə bilirsinizmi?

Cavab: Bəli, fəxrlə deməliyəm ki, Özbəkistanda əsərlərim durmadan yayımlanır. Bu sevincimi artırmaqla yanaşı, həm də məndə məsuliyyət hissi yaradır. Əsərlərim yayımlanırsa, demək, oxucular qələm məhsulumla ilgilənirlər. Əsl yazar oxucu kütləsini ardıcıl yetişdirib öz arxasınca aparmağı bacarmalıdır, əks halda oxucunu yarı yolda qoymuş olursan. Və həm də oxucu kütləsini mövzu baxımından, yoxsa mövzunu fərqli bir baxış bucağından bədii formada yazdığım üçün qane etdiyimi öyrənmək istəyim böyükdür. Azərbaycan və özbək oxucusunun oxu zövqü fərqli-fərqli ola bilər, bu, bəzən məni çox qorxudur. Nədən sorsanız, o zaman deməliyəm ki, Azərbaycan cəmiyyətinə bələdəm, onu içdən tanıyıram, amma özbək cəmiyyəti hələ də mənim üçün bir sirr olaraq qalır. Belə olan halda özbək oxucusunu hansı ideya ilə arxamca apara biləcəyimi çox düşünürəm. Və ya hansı yöndən yazaramsa, onlar daim mənim yazılarımı oxumaq istərdilər, mənim düşüncəmdən yorulmazlar? Düşünürəm, bu yöndə olan suallar bütün yazarlarda var, çünki tanıdığın oxucu üçün yazmaq və tanımadığın, lakin onun dünyasına daxil olmaq istədiyin oxucu kütləsi üçün yazmaq başqa-başqadır. Hər iki hal yazar məsuliyyəti tələb edir, lakin tanımadığın oxucu kütləsinə əsər təqdim etmək ikiqat məsuliyyətdir. Düzünü bilsəniz, "Özünü gətir" kitabımın özbək cəmiyyətində sıcaq qarşılanması, gözlədiyimdən artıq effekt verməsi məni sevindirdi.

Sual: Kitabınıza önsöz yazan modernist şair Bahram Rözimuhammed: "Azadlığa qovuşmaq ifadəsi birbaşa azadlığı oğurlamaq, ya da tamamən azadlığı əldən alan bir gücə qarşı dayanmaqdır. Zatən, insan təbiəti o iki qütbdən oluşmaqdadır. Bəzən can almanı, bəzən də söz azadlığının yasaqlanmasını istərlər. Keçmişdən ta bu günə qədər o mübahisə mövzusunun fərqli-fərqli görünüşlərdə verildiyi sirr deyildi. "Bir udum azadlıq" hekayəsinin qəhrəmanı öz otağından qaçdığı üçün gözə batmışdır. Çünki o, üsyan edir..." - deyə, yazır. Bu növ əsərlər yazmanızın səbəbi nədir, əcəba?

Cavab: Azadlıq tək insanın yox, bütün canlıların əldə etmək istədiyi ən böyük duyğudur. Necə və hansı yolla buna yetişmək olar? Diqqət etsəniz, mən canlı dedim, yəni, özgürlüyü tək insana şamil etmirəm. Azadlığa yetə bilməyib salındığı qəfəsdəcə kökcünü pəncələri ilə parçalayan qurdu örnək verə bilərəm. Heyvan məntiqsiz yaşasa da, lakin əsarətə dözüm göstərmir, özünə izin vermir ki, kimsə onun yaşam sərhədini məhdudlaşdırsın. Bunu başqa-başqa misallarda da çox göstərə bilərik. Keçək sizin haqqında bəhs etdiyiniz "Bir udum azadlıq" hekayəsinə. Əsərin kökündə duran azadlıqdır, zavallı bir uşağın öz oyuncaqları ilə yalnız qalmaq istəyi onu evdən qaçmağa vadar edir. O, azadlıq kəlməsin bilmir, yəni böyüklər kimi azadlığı uğrunda usta kəlmələr taparaq ana və atasına istəyini duyura biləcək bir yaşda deyil, cəmi 3 yaşı var. Lakin azadlıq insanın ibtidai haqqıdır, onunla bir doğulur. Evdəki körpə qardaşının beşiyini yırğalamaqla hərəkət dairəsi daralmış, kiçilmiş qızcığaz gəlinciyini (kuklasını) götürüb evdən qaçır. Amma çox uzağa qaçıb gedə bilmir, bayır qapının arxasında gizlənir. İki məsələyə əsərin sonundakı abzasda diqqət edəcəksiniz: Birincisi, qızcığaz kuklasının çoxdan çıxıb düşmüş gözünü tapıb ovcunda gizlədərək evdən qaçıb, qonşu qadını görəndə bir kəlmə belə demədən ovcunu açıb uzadır ki, çıxmış gözü yerinə salsın. İstəyini ona görə sözlə demir ki, səsini duysalar, onu götürüb anasına verəcəklər, evə qaytaracaqlar. İkincisi isə, qonşunu qəfil görən kimi, barmağını dodağının üstünə qoyub zavallı görkəm alır. Bununla da, işarə verir ki, onun yerini kimsəyə deməsin. Amma uşaq dərk edə bilmir ki, bu azadlığı nə qədər uzada biləcək. Azadlığının məhdud dairədə olduğunu dərk edəcək qədər düşüncəyə malik deyil. Azadlıq əsarətdən qaçmaqla olmur, azadlıq əsarəti öldürməklə qazanılır!!! İnsan azad olmaq üçün gərək özünü hər tərəfli idarə edə bilə. Əsərdə digər bir obraz var, cinsi məlum olmayan adam. O, həm də azadlığını təyin edə bilmir, onu necə əldə edəcəyini yarı yaşında belə qət etməmişdir. Bu onun düşüncəsindəki əskiklik və iradə qətiyyətinin tam olmamasından doğur. Lakin onunla qızcığazı eyni tərəziyə qoya bilmərik. Çünki uşaq azadlığını təmin edəcək qədər yetkin deyil, ona azadlıq verilməlidir, böyüklər tərəfindən. Yetkin insansa azadlığını özü qazanmalıdır. Əsərdən çıxan nəticə: Azadlıq ilk əvvəl beyin məhsuludur, düşüncədə yetişməlidir. Yetişməzsə sən heç bir zaman və məkan daxilində onu əldə edə bilməzsən.

Qədim Romada qullar qarşısına tələb qoyulmuşdu: kim çox çalışarsa, azadlığını qazana bilər. Dəridən-qabıqdan çıxıb fiziki əmək nəticəsində azadlığını əldə edənlər vardı. Lakin verilmiş "azadlıqdan" sonrakı hadisələr göstərir ki, azad olanların çoxusu yenidən qul sahibinin yanına qayıdıb, onları qulluğa qaytarmaq üçün minnətçi olurlar. Bilirsiniz niyə? Onlar xəyal edirdilər ki, onların yaşadıqları qapalı dünyadan kənarda, uzaqda bir dünya var, onların içlərindəki istəklərə cavab verəcək. Lakin azad buraxılandan sonra öz iqtisadiyyatlarını qura bilmədilər və bununla da, girmək istədikləri cəmiyyət onlara yad gəldi.

Tarixdən məlum olan azadlıq haqqındakı aksiomu səsləndirməliyik: azadlıq verilmir, alınır! Həm də necə alınır? O, beynin yetişdirdiyi meyvədir, əvvəl idrakında yetişdirəcəksən, sonra onu həyatda gerçəkləşdirəcəksən.

Mənim şəxsi həyat qayəm budur: Özünə hakim ol ki, kimsə sənə sahip olmasın! Özünə sahip olmamaqdan başlayır başqasının sənin üzərindəki hökmranlığı!

Millətlər arasındakı körpünü aydın düşüncəsi ilə salır

Sual: Yenidənqurmadan sonra Özbək-Azərbaycan ədəbi əlaqələri daha öncə görülməmiş bir biçimdə genişləndi, çünkü bu, iki büyük ulusun əsrlərdir xəyalı idi. Azərbaycanda çıxan "Dünya ədəbiyyatı" dərgisi, Azərbaycan şeiri, ədəbi dünya görüşü və dünya ədəbiyyatından əsərləri yayınlanmaqla yanaşı, sırası gəldiyində, özbək ədəbiyyatından da nümunələr dərc edir. Buna misal olaraq sizin "Özünü gətir" kitabınız və ünlü yazar İlqar Fəhminin "Aktrisa" romanını göstərə bilərik. Özbək oxucuları bu əsərləri maraqla mütaliə edirlər. Sizcə, ədəbi əlaqələri genişləndirmək üçün daha nə kimi addımlar atılmalıdır?

Cavab: Sovet dönəmindəki qapalılıq və senzura, eyni millət olan özbək və azərbaycan türkünün, əsasən də aydınlarının bir-birinə yaxınlaşmasını yasaq etməsə də, lakin icazəli idi. Bu üzdən də hər sahədə yaxınlaşma Sovet Rusiyasının "məsləhət" bildiyi səviyyədə olurdu. Yadıma gəlir ki, bizim evimizdə "Özbək ədəbiyyatı antologiyası" vardı, burda da əsasən kommunist düşüncə tərzinə həsr olunmuş yazılar yer alırdı. Yəni, özbək təfəkkürünü öyrənməkdən ötrü yetərli bir mənbə deyildi. Tarixdənsə bizə Əmir Teymurun Azərbaycana hücumu, Nəimini atının quyruğuna bağlayıb sürütləyərək öldürməsi və digər neqativ tarixi səhnələröyrədilirdi ki, bunun da son ucu özbək xalqına sevgi yarada bilməzdi. Qısası, məqsədli formada öyrədilən tarixi bilgilər idi. Eləcə də Şah İsmayıl Xətainin Özbəkistana hücum edib Şeybanı Xanla savaş etməsi... Yadlıqdan savayı bizim təfəkkürümüzə heç nə aşılamırdı. Amma sizin də qeyd etdiyiniz kimi, son illər vəziyyət tam əksinədir, qarşılıqlı ədəbiyyat tərcüməsi, gediş-gəlişlər, fikir mübadiləsi bizim bir-birimizdən xəbər tutmağımıza imkan yaradır. Bu yolda irili-xirdalı kimin əlindən nə gəlirsə, hamısına şəxsim adımdan minnətdaram. O cümlədən, mənim əsərlərimin tərcüməçisi Şermurod Subhan hocama da təşəkkür edirəm, məni özbək cəmiyyətinə təqdim etdi.

Sual: Daşkəndə gəlib ədəbi çevrələrə qatıldınız, özbək şair və ədibləri ilə tanışlıqdan şad olduğunuzu bildirdiniz. Özbəkistandakı ədəbiyyat atmosferi, bugünkü Daşkənd mühitində sizi təsirləndirən nədir?

Cavab: Açığını deyim, ilk növbədə Daşkəndin böyüklüyü, genişliyi xoşuma gəldi, ikinci, bütün özbək xalqında gördüyüm sevgini, istiliyi şair, yazar, naşir dostlarımda ikiqat gördüm və həm də bu sıcaqlıq onların öz əsərlərində də vardır. Bəlkə elə ondandır ki, durmadan özbək dilini öyrənib, özbək ədəbiyyatını orjinaldan oxumaq istəyirəm. Çünki dildən dilə tərcümədə bədii ədəbiyyat 30 faiz ruhunu itirir. XX əsrin əvvəllərindəki Azərbaycan türkçülərindən, səhv etmirəmsə, yazar Abdulla Şaiqin belə bir fikri var: "Türkdən türkə tərcümə nə demək?" Eyni dildə konuşuruq, lakin bir balaca fərqli dialektlərdə. Özümüzü əziyyətə salıb bu fərqləri öyrənsək, sizcə, ədəbiyyatın qarşısına qoyduğu əsas amac olan millətlərin bir-birinə yaxınlaşmasını tezləşdirmərikmi?

Sual: Bugün hansı yaradıcı planlarla yaşayırsınız?

Özbəkistana təkrar ziyarət etməyi düşünürsüzmü? Lütfən bu suallarımıza cavab verin. Əvvəlcədən təşəkkür edirik.

Cavab: Yaradıcılıq planlarım deyəndə, açığını deyim, mənə bir qədər anlaşılmaz qalır bu ifadə. Yaradıcının planı olmaz ki, çünki yaradıcılıq gözlənilməzlikdir. Egər sən özünə hökm etsən ki, filan yazını mütləq yazmalısan, bu məcburiyyət olar, özünə zor gəlmək olar. Yaradıcılıqda sərbəstlik var və bu da yaradıcının mövcud dünyaya sığmamasından doğur. Hər dəfə özümə söz verirəm, hansısa bir əsərimi tam bitirib yayıma verməmiş digərinə başlamayacam. Amma olmur, birdən-birə beynimə ideya gəlir və yazmadan özümü saxlaya bilmirəm. İş otağımın divarına bir lövhə asmışam, orda nə az, nə çox bitirəcəyim 24 işin adı var. Bəzilərini yazıb bitirmişəm, amma redaktə edib düzənləmədiyim üçün yenə də bitməmişlərin sırasınd divardan asmışam. İlk əvvəl Qarabağ savaşından bəhs edən "Savaşda qalib yoxdur" və eşq romanım olan "Ruhu ilə oynayan qadın" kitablarımı düzənləyib yayıma vermək istəyirəm. Bu arada bildirməliyəm ki, Şermurod Subhan hocamının özbəkcə yayıma hazırladığı "Azadlıq hekayələri" və Obudjan Sofiyev hocamın tərcümə etdiyi "Gecikmiş oyuncaq" kitabları da adı gedən o bitməmiş işlər sırasındadır.

Özbəkistanı ziyarət edəcəm, Daşkənd, Xərəzm, Buxara, Səmərqənd, Termiz şəhərlərində olmağı düşünürəm. Sizin dediyiniz plan ifadəsi burda yerinə düşür. Bu şəhərləri görmək və ədəbi mühiti ilə yaxından tanış olmaq fikrimdə var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26