Interposta.Info

Yunanıstanlı icra başçısından Azərbaycana jest - Diaspora sədrimiz maraqlı faktlar açıqladı - FOTOLAR

Müxtəlif
 16-12-2018, 00:00     10 730

“Keçirdiyimiz tədbirlərin əsas məqsədi Azərbaycan həqiqətlərinin Yunanıstan ictimaiyyətinə çatdırılmasına xidmət edir”

Müasir dövrümüzdə dünyanın demək olar ki, əksər ölkələrində azərbaycanlıların təşkilatlanma prosesi davam edir. Artıq ən ucqar hesab elədiyimiz ölkələrdə belə Azərbaycanın diaspor təşkilatları, kültür dərnəkləri var.
İnterPosta.info xəbər verir ki, bu gün Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində 300-dən çox birlik, cəmiyyət və assosiasiyası fəaliyyət göstərir. Belə təşkilatlardan biri də Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətidir. Bu cəmiyyətin Azərbaycan həqiqətlərinin, eləcə də ölkəmizin inkişaf və tərəqqi yolundakı qazandığı uğurları barədə məlumatların Yunanıstan ictimaiyyətinə çatdırılmasında, burada yaşayan, ürəklərində azərbaycançılıq amalını daşıyan həmvətənlərimizin birliyinə nail olunmasında müstəsna rolu var.

Əməkdaşımız Bakıya bir neçə günlüyə qonaq gələn “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovla görüşərək, ondan geniş müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

- Rəşid bəy, Siz cəmiyyət sədri kimi ölkəmizdən kənarda Azərbaycanı təmsil edirsiniz. Fəaliyyət göstərdiyiniz müddətdə Yunanıstan cəmiyyətində Azərbaycan haqqında kifayət qədər məlumat formalaşdıra bilmisinizmi?

- “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti çox gənc təşkilatdır. Mənim rəhbərlik etdiyim bu cəmiyyət rəsmi fəaliyyətə 2017-ci il fevral ayından Yunanıstanın Saloniki şəhərində başlayıb. Təbii ki, cənab Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində ölkəmizin xaricində yaşayan bir Azərbaycan vətəndaşı kimi öz həyatımızda dövlət qayğısını hiss edirik. Cənab Prezidentin bu uğurlu fəaliyyəti dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmışdır. Aparılan uğurlu siyasət bütün dünyada yaşayan soydaşlarımızın ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır.

Cəmiyyətimiz təsis olunduğu gündən ölkəmizin zəngin və qədim mədəni irsinin, tarixinin, turizm potensialının və Qarabağ həqiqətlərinin Yunanıstanda tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərməkdədir və bu fəaliyyət gələcəkdə də uğurla davam etdiriləcək. Biz cəmiyyətin Azərbaycan, rus, ingilis və yunan dillərində qala2017.com saytını da yaratmışıq.
Hesab edirəm ki, cəmiyyətimizin bütün üzvləri Azərbaycanı Yunanıstanda layiqincə təmsil edirlər, fəaliyyətimiz çox yüksəkdir.

- Azərbaycanın problemləri, Dağlıq Qarabağ münaqişəsi barədə yunan ictimaiyyəti nə dərəcədə məlumatlıdır və siz problemi onlara hansı formada çatdırırsınız?

- Yunanıstan cəmiyyətində Azərbaycan haqqında kifayət qədər geniş və obyektiv məlumat var. Bizim cəmiyyətin bütün fəaliyyəti, keçirdiyimiz tədbirlərin əsas məqsədi Azərbaycan həqiqətlərinin Yunanıstan ictimaiyyətinə çatdırılmasına xidmət edir. Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı yunan ictimaiyyətinin məlumatlandırılması və bu faktın Yunanıstan parlamentinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması bizim üçün prioritet məsələ olub. Yəni, Qarabağ probleminin həlli yolundakı çətinliklərin ağır yükünü daşımaq həm də harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının üzərinə düşür. Çünki Azərbaycan 1988-ci ildən, ermənilərin Dağlıq Qarabağda separatçılıq hərəkatı aşkar şəkil aldığı gündən bəri terrorçuluğa məruz qaldığını, ərazilərinin bir hissəsinin işğal olunduğunu, erməni vəhşiliklərini dünya birliyinə sübut etməyə çalışır. Qeyd etməliyəm ki, bu gün məhz həm dövlətin, həm də diasporumuzun fəaliyyəti nəticəsində Dağlıq Qarabağ və onun ətrafında cərəyan edən hadisələr barədə həqiqətlər dünyaya çatdırılır.

- Yunanıstanda fəaliyyət göstərən digər Azərbaycan təşkilatları ilə əməkdaşlıq edirsinizmi? İştirakçısı olduğunuz tədbirlər barədə nə deyə bilərsiniz?

- Təəssüf ki, bizim cəmiyyətdən başqa Yunanıstanda digər Azərbaycan diaspor təşkilatı yoxdur. Amma biz dostluq cəmiyyəti kimi Yunanıstan dövləti və buradakı səfirliyimizlə sıx təmasdayıq. Səfirliyin təkil etdiyi bütün tədbirlərdə iştirak edirik. Yunanıstanda fəaliyyət göstərən ictimai təkilatlarla əməkdaşlığa üstünlük veririk. Maraqlı təkliflərimizi yunan dostlarımıza yazılı surətdə təqdim edirik. Bir sözlə, Yunanıstanın ictimai həyatında çox fəal iştirak edirik. Burada keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməyə çalışırıq. Məsələn, bu ilin may ayının ikinci ongünlüyündə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti olaraq

Yunanıstanın Saloniki Şəhər Limanında keçirilən 6-cı Multlilinqualizm Beynəlxalq Dil festivalına qoşulmuşduq. Həmin

festivala qatılan iştirakçılar Azərbaycan dilinin əlifbası ilə tanış olmaqla yanaşı, Azərbaycan dilində sözlər yazmaq, oxumaq və tələffüz etmək imkanı da əldə etdilər. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təqdimat keçirildi və vətənimizin tarixi abidələri, mənzərəli guşələrinin təqdimatı baş tutdu. Festival çərçivəsində geniş auditoriya qarşısında Azərbaycan dilində uşaq şeirləri və Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” şeiri səsləndirildi. Tədbirdə həmçinin Saloniki şəhərinin icra başçısı Yannis Butaris, icra başçısının təhsil və idman üzrə müavini cənab Aleksandros Barbunakis və alim Aryiru Mumdidu da Azərbaycan stendini ziyarət etdilər. Onlar “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri ilə xatirə şəkili də çəkdirdilər. Bütün bunlar çox qürurverici və yadda qalan anlar idi.

- Yunanıstanda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasına, üzləşdikləri problemlərinin həllinə necə köməklik göstərirsiniz? Bu ölkədə yaşayan soydaşlarımızın diaspora quruculuğu sahəsində iştirakı sizi qane edirmi?

- Yunanıstanda yaşayan soydaşlarımız yaşadıqları ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal rol oynayırlar. Onlar qədim tariximizin, adət-ənənələrimizin, zəngin mədəni irsimizin təbliğində fəallıq nümayiş etdirirlər. Bizim cəmiyyət burada milli-mənəvi dəyərlərimizin qorunması, mədəni irsimizin təbliği sahəsində mühüm işlər görüb. Azərbaycanlıların təşkilatlanmasının təmini, mədəni, milli və mənəvi dəyərlərimizinin təbliği, soydaşlarımızın hüquqlarının müdafiə edilməsi və sosial-məişət qayğılarına yardım göstərilməsi üçün ciddi səylə çalışırıq.

Hazırda Yunanıstanda yaşayan azərbaycanlıların demək olar ki, hamısının bir-biri ilə sıx təmasları var. Milli bayramlarımızı, əlamətdar və tarixi günləri, toy və yas məclislərimizi birlikdə qeyd edirik, adət-ənənələrimizi qorumağa və davam etdirməyə çalışırıq. Buradakı soydaşlarımızın cəmiyyətimizə böyük dəstəkləri var.

- Azərbaycan-Yunanıstan arasındakı turizm, iqtisadi və ticari əlaqələrini necə dəyərləndirirsiniz?

- Azərbaycanla Yunanıstan arasında turizm, iqtisadi və ticari sahələrinin inkişafı üçün geniş imkanlar var. Gələcəkdə bu sahələr üzrə daha böyük uğurlaq əldə etmək olar. Yunanıstan həm də dünyada turizmin ən çox inkişaf etmiş ölkələrindən biridir. Yunanların bu sahədəki təcrübəsindən istifadə etmək, qarşılıqlı turist mübadiləsini genişləndirmək olar.

- Diaspora quruculuğu sahəsində daha ciddi nailiyyətlər əldə etmək üçün siz nə təklif edərdiniz?

- Müasir dövrdə diaspora quruculuğu böyük zəhmət tələb edən prosesdir. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək. Diasporamız ölkənin taleyüklü problemlərinin həllində daha yaxından iştirak edəcək.

Dünya düzənində baş verən son proseslər onu diqtə edir ki, gərək azərbaycanlılar yaxşı təşkilatlansınlar, siyasi hadisələri düzgün dərk eləyə bilsinlər. Diasporumuzun güclü olması üçün birləşməyimiz lazımdır. Diasporumuz hamısı birlikdə olarsa, qarşımıza qoyduğumuz hədəflərə və məqsədimizə nail ola bilərik.

Müasir dövrdə xarici siyasət və diplomatiya sahəsində uğur qazanmağın şərtlərindən biri güclü lobbiyə, diaspora sahib olmaqdır. Çünki güclü lobbinin, diasporun sayəsində milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkündür. Bu gün Azərbaycan dövləti də dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməyə, bu sahədə sistemli, ardıcıl siyasət yürütməyə çalışır.

Diasporumuzun əsas məqsədi Azərbaycana qarşı informasiya müharibəsində önə çıxmaq, ümummilli problemlərimizi dünya ictimaiyyətinə çatdırmaq, eyni zamanda milli mənafeyimizə toxunan çıxışların əks təbliğatını aparmaqdır. Ona görə də, yeni yaranmış münbit şəraitdən istifadə etməli, diasporumuzun təşkilatlanma işini sürətləndirməliyik. Güclü diaspor, güclü lobbiçilik fəaliyyəti deməkdir. Bu gün dünya üzrə diaspor təşkilatlarının rəhbərliyində fəxr elədiyimiz insanlar çoxdur.

Ədalət son vaxtlar Azərbaycanın dövlət maraqlarına xidmət edən tədbirlərin sayı artır. Mənə elə gəlir ki, diasporumuz bundan sonra daha güclü şəkildə formalaşacaq.

Biz xaricdə fəaliyyət göstərən azərbaycanlılar da üzərəmizə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışırıq. Bu məsələdə Xaricdə Yaşayan Soydaşlarımızla İş üzrə Dövlət Komitəsi də öz dəstəyini gücləndirsə, daha yaxşı olar.
Səid Əhmədli

İnterPosta.info


Yunanıstanlı icra başçısından Azərbaycana jest - Diaspora sədrimiz maraqlı faktlar açıqladı - FOTOLAR
Yunanıstanlı icra başçısından Azərbaycana jest - Diaspora sədrimiz maraqlı faktlar açıqladı - FOTOLARYunanıstanlı icra başçısından Azərbaycana jest - Diaspora sədrimiz maraqlı faktlar açıqladı - FOTOLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26