Interposta.Info

Putinin müşaviri Azərbaycanı Rusiya ilə alverdə dollardan imtina etməyə çağırdı

Müxtəlif
 14-12-2018, 13:27     10 130

Rusiya prezidentinin müşaviri Sergey Qlazev Azərbaycanı Rusiya ilə ticarətdə dollardan imtina etməyə çağırıb. İnterPosta.info-nun məlumatına görə, Qlazev haqqin.az saytının əməkdaşına bildirib ki, Amerika valyutası dünya üçün çox təhlükəli olub və Vaşinqton ondan xoşu gəlməyən ölkələrə qarşı silah kimi istifadə edir.

“Çoxları hesab edir ki, ABŞ-ın öz valyutasının xüsusi statusuna görə “hədsiz üstünlükləri” var. Bu da ona gətirib çıxarıb ki, Vaşinqton öz geosiyasi rəqiblərinə qarşı dolların güclü tərəflərini tətbiq edir”-Qlazev deyib.

Vladimir Putinin müşavirinin fikrincə bu gün dollar Rusiya ilə Azərbaycan , o cümlədən digər MDB ölkələri arasında qarşılıqlı alış-verişdə tamamilə qeyri-məqbul valyutadır və ondan imtina etmək lazımdır.

“Dollar təhlükəli valyutaya çevrilib. Bizim partnyorlarımızla münasibətlərdə dollardan istənilən istifadə siyasi risklər yaradır”-S.Qlazev deyib.

Bununla belə akademik Qlazev hesab edir ki, dollardan mərhələli şəkildə imtina 10-15 il çəkə bilər. Həmin vaxta qədər isə ABŞ öz hədəflərinə çatmaq üçün dollardan maksimum istifadə etməyə çalışacaq.

“Dollar hamı üçün hələ uzun müddət problem olaraq qalacaq. Artıq dollar oyununun və Amerikanın başqa dövlətlərin hesabına varlanmasının sonu görünür. Lakin hələlik ABŞ dollardan silah kimi istifadə etməkdə davam edəcək”-Rusiya prezidentinin müşaviri bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26