Interposta.Info

Media və mənəvi dəyərlər

Müxtəlif
 16-11-2018, 08:50     11 786

Bu gün cəmiyyətimiz inkişaf edir və müasirləşir. Müxtəlif təsirlər içərisində yaşadığımız bir vaxtda milli dəyərlərimizi qorumaq getdikcə çətinləşir.
Buna görə də milli dəyərlərimizin qorunması , əsasən də gələcək nəsillərə çatdırılması hazırda da öz aktuallığını qoruyub saxlamaqdadır. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizi təşkil edir. Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran və ümumilikdə inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticəsində dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır. Azərbaycan xalqının əsrlər boyu əldə etdiyi milli-mənəvi dəyərlər milli əxlaqdan, adət-ənənlərdən, mədəniyyətdən və digər insani keyfiyyətlərdən ibarətdir. Milli-mənəvi dəyərlərin qorunub saxlanılması məsələsində medianın rolu necə dəyərləndirilir? Ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və geniş təbliğ edilməsində mətbuatın da xüsusi rolu vardır. Elə bir zamanda yaşayırıq ki, mənəvi-əxlaqi zəmində yazılmış məqalələrə böyük ehtiyac var. Bu gün kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Milli şüura və mentalitetə yad olan və ekrandan təbliğ edilən amillər gənc nəsil arasında önəmli yer tutmağa başlayır. Bütün bunlar isə öz növbəsində gənc və yaşlı nəsil arasında keçirməsi mümkün olmayan böyük sədd yaradır, onların biri-birini anlamasını çətinləşdirir. Mənəvi dəyərlər mövzusunda media özünəməxsus rol oynayır. Son dövrlərdə internet media resurslarının sayındakı artım söz və ifadə azadlıqlarının dərinləşdirilməsi baxımından nə qədər pozitiv amil olsa da, proses eyni zamanda çoxsaylı neqativ cəhətlərlə müşayiət edilir. Bəzən bu xoşagəlməz hallar cəmiyyətdə əsrlərlə formalaşmış dəyərləri təhdid edir. Buna görə də belə tendensiyalarla mübarizə aparılmalıdır. Media ictimaiyyəti məsələyə xüsusilə diqqət göstərməlidir. Mövcud istiqamətdə həqiqi qələm sahiblərinin peşəkarlığa söykənərək təqdim etdikləri materiallara ehtiyac vardır. Düşünürəm ki, internet media sahəsində milli-mənəvi dəyərlərə etinasızlıq mühitinin yaranmasına səbəb olan məsuliyyətsizlik ab-havasının aradan qaldırılması üçün hüquqi tənzimləmə mexanizminin tətbiqinə ehtiyac var. Nə qədər qəribə olsa da öz milli-mənəvi dəyərlərimizə hələ də yetərincə sadiq qala bilmirik. Onlara Avropa, başqa sözlə desək, müasirlik çalarları əlavə etməyə çalışırıq. Onu da qeyd edim ki, heç bir millətin milli-mənəvi dəyərləri pis deyil. Bəli, dünyaya inteqrasiya etməyimiz milli-mənəvi dəyərlərimizi böyük təhlükələrlə üz-üzə qoyub. Bu bir həqiqətdir ki, günümüzdə milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərdən təcrid vəziyyətdə təsəvvür etmək çətindir. Ona görə də mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə ciddi fikir verilməlidir. Bu gün mətbuatda və sosial mediada milli adət-ənənələrimizi, milli ideologiyamızı, tariximizi, ana dilimizi, ölkəmizdə mövcud olan ənənəvi dinimizi qorumağın, o cümlədən sosial şəbəkələr vasitəsilə gənc nəslə təbliğ etməyin yolları müzakirə edilir, milli adət-ənənələrimizlə mədəni inkişafımızın vəhdəti araşdırılır və geniş ictimaiyyətə çatdırılır. Mətbuatda aparılan işlərin əsas hədəfi isə gənc nəslin milli mənəvi dəyərlərə sahib çıxmasını, onu qorumasını və vətənpərvərlik hisslərini gücləndirməsini təmin etməkdir. Ulu öndər Heydər Əliyev də Azərbaycanın milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli özünüdərkin həlledici amilinə çevirən fenomenal lider kimi xalqımızın qəlbində yaşayır. Heydər Əliyevin bu sahəyə qayğısı sayəsində milli-mənəvi dəyərlərimiz qorunmuş, adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüz illərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə çatması üçün lazım olan bütün zəruri addımlar atılmışdır. Unutmayaq ki, ümummilli liderimiz Heydər Əliyev mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. O bildirib ki, milli-mənəvi dəyərlərini qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyi qorumaq əzmində olacaqdır. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi eyni zamanda Azərbaycanın milli mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz.
Elşən Yəhyayev

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26