Interposta.Info

Saleh Məmmədovun “küçələrə səpdiyi” milyonlar

Ölkə / Manşet / Paradoks
 14-03-2019, 20:09     11 081

“Müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”. Bakı sakinləri artıq bu sözlərdən ibarət plakatları görməyə adət edib. Demək olar ki, hər gün müxtəlif prospekt, küçə və magistral yollarda bu qəbildən olan yazılara rast gəlirik. Bu plakatları daha çox yol təmiri ilə bağlı olaraq əlaqədar qurumlar yazıb asır. Son olaraq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi (AAYDA) vətəndaşlardan 12 mart tarixində üzr istəyib. Səbəb isə Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsində aparılan təmir-tikinti işləri ilə bağlıdır. Qeyd edək ki, qurumun “üzr”ü 14 mart axşam saatlarına qədər qüvvədədir.

Bundan əvvəl isə, daha dəqiq desək, 28 fevral tarixində aparılan təmir işləri ilə əlaqədar Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yolda hərəkət də müvəqqəti məhdudlaşdırılıb və avtonəqliyyat vasitələrinin köhnə yol ilə (“20-ci sahə” adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru) hərəkəti təmin olunub. Sözügedən yolun nə zaman yenidən istifadəyə veriləcəyi isə bəlli deyil.

AAYDA-dan Cebhe.info-ya bildirib ki, zəruri olduğu üçün orada təmir-bərpa işləri aparılır və yaxın günlərdə həmin ərazidə işlər yekunlaşacaq. Sözügedən yolun bağlanması vətəndaşların ciddi narazılığına səbəb olmuşdur. Qeyd edək ki, həmin istiqamət üzrə yalnız 125 saylı marşrut (Lökbatan-28 May metrosu) avtobusu işləyir. Sözügedən marşrut istiqaməti dəyişdiyi üçün “Kristal Abşeron” və Salyan yolu 22 və 22A ünvanda yerləşən binalarda yaşayan insanlar nəqliyyat problemi ilə üzləşiblər. Belə ki, sakinlər avtobusa minmək üçün hər gün 800-1000 metrlik məsafəni piyada qət etməli olurlar. Yolun hələ də istifadəyə verilməməsi sözügedən problemin olduğu kimi də qalması anlamına gəlir.

Bundan əvvəl də bir sıra yollar təmirə bağlansa da, hələ də istifadəyə verilməyib. Məsələn, paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi və Suraxanı rayonu Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən Səməd bəy Mehmandarov küçəsində fevral ayının ortalarından təmir-tikinti işləri başlanıb. AAYDA işin 2-3 ay davam edəcəyini bildirib.

Saleh Məmmədovun “küçələrə səpdiyi” milyonlar

Martın 6-da isə Xəzər rayonunun Binə qəsəbəsində ümumi sahəsi 160 min kv.m-dən çox olan küçə və yollarda təmir-tikinti işləri aparılması ilə bağlı məlumat verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ümumi uzunluğu 10.5 km olan və Mərdəkan şossesindən ayrılan Badam bağları yaşayış massivinə gedən yol, həmçinin qəsəbədaxili 1 küçə, bundan başqa uzunluğu 2 km-ə yaxın olan Nəsimi və Sabir küçələri yenidən qurulur. Yaxın günlərdə isə analoji işlərin uzunluğu 9 km-dən artıq olan Binə Südçülük sovxozu və “Binə aqro kompleksi” yaşayış massivləri yollarında, həmçinin Hövsan südçülük yaşayış massivinin 2.5 km uzunluğu olan 161 nömrəli küçədə aparılması nəzərdə tutulub. Küçə və yollar 2 hərəkət zolaqlı olmaqla, enləri 6-7 metr təşkil edir. Təmir tikinti işlərinin aparılması, yolların standartlara uyğun vəziyyətə gətirilməsi yaxşı haldır. Amma AAYDA-nın təmir işlərinin uzun çəkməsi narazılığa səbəb olur. Məsələn, Zığ-Hövsan şossesində 2015-ci ildən təmir-tikinti işlərinə başlanılıb. Amma 4 il keçməsinə baxmayaraq, təmir işləri hələ də yekunlaşmayıb. Digər tərəfdən, uzun müddətdir ki, ümumiyyətlə sözügedən yolda iş getmir. AAYDA isə təmirin bitməməsini maliyyənin olmaması ilə əlaqələndirib. Əgər maliyyə yoxdursa, hər gün bu qədər yolu niyə təmirə bağlayırlar? Həmin yolların təmiri hansı maliyyə hesabına həyata keçirilir? Bu cür açıq sualların sayı kifayət qədərdir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov isə 22 fevral tarixində verdiyi açıqlamada deyib ki, Bakının 11 rayonunda yolların təmirinə start verilib. “Bakıda abadlıq işləri vüsət alıb. Artıq Xəzər, Binəqədi, Sabunçu, Xətai, Qaradağ, Nəsimi rayonları ərazisində bərbad vəziyyətdə olan yolların yenidən qurulmasına başlanılıb. Həmin yollar üzərində yeraltı və yerüstü piyada keçidlərinin inşası bu il başa çatdırılacaq”,-deyə Agentliyin rəhbəri bildirib.

Açıqlamada maraqlı məqam diqqətimizi çəkir. Qeyd olunur ki, 11 rayonda yollar bərbad vəziyyətdədir. Bəs bu qədər vaxtda qurum fəaliyyət göstərməyib? Bəs dövlət büdcəsindən ayrılan milyonların taleyi necə olub? Görünən odur ki, qurum ayrılan milyonları yollara “tökməklə” məşğul olub.

Belə çıxır ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin fəaliyyəti əhalini narazı salmaq, incitməkdən ibarətdir. Saleh Məmmədovun Agentliyi də bu cür “fəaliyyət” göstərir. Nəticədə isə əhali əziyyət çəkir, hökumətdən narazı qalır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26