Interposta.Info

"Açıq-saçıq geyinib, özü sövq edib, özü istəməsə heç nə edə bilməzdilər"

Manşet / Paradoks
 18-11-2018, 21:15     11 360


Tədqiqatlara nəzər salsaq, görərik ki, informasiya terrorunun vahid tərifi yoxdur, fərqli sahələrin elm adamları ona müxtəlif cür yanaşmışlar ki, hər bir baxışın da, özü- özlüyündə, doğru və inandırıcı tərəfləri vardır.

İnformasiya terrorizmi hər cür informasiya vasitələrindən istifadə edərək, əsasən, fərdə, cəmiyyətə və dövlətə birbaşa mənfi təsirin bir formasıdır.
Mövzumuz təcavüz xəbərlərinin sosial şəbəkələrdə tez-tez yayımlanmasıdır.

Bu cür xəbərlərin yayımlanması insanlara cəmiyyətə psixoloji cəhətdən necə təsir edir?

Məsələylə bağlı İnterPosta.info psixoloq Rəvanə Quluzadəylə həmsöhbət olub:

"Açıq-saçıq geyinib, özü sövq edib, özü istəməsə heç nə edə bilməzdilər"


“Təcavüz, cinsi istismar təəssüf ki, uzun dövrlərdir ki, mübarizə aparılan, lakin tam olaraq, qarşısı alına bilinməyən ciddi bir problemdir. Medianın bu kimi xəbərlərin hazırlanmasına çox həssaslıqla yanaşması çox vacibdir. Çünki təcavüz xəbərləri zamanla cəmiyyətdə ikrah hissi, çaşqınlıq, güvənsizlik, etibarsızlıq hissi yarada bilir. Digər tərəfdən, bu hadisələrin cəmiyyətdən gizli saxlanıldığı halda cəmiyyətin bundan məlumatsız qalmasını, dolayısı ilə təcavüzlə bağlı cinayətlərin artması üçün bir qədər də şərait yaranması məsələsini unutmamalıyıq. Bəzən "açıq-saçıq geyinib, özü sövq edib, özü istəməsə heç nə edə bilməzdilər" kimi təcavüzçülərə qismən haqq qazandırıcı sözlərin deyildiyini müşahidə edirik. 3-10 yaş arası təcavüz hadisələrini diqqətə alsaq, bunun heç də belə olmadığını anlayarıq. Hadisəni törədənə sanki haqq qazandırırmış kimi reaksiyalar, təcavüz olunanı günahkarmış kimi qələmə verməyimiz təbii ki, potensial təcavüzçülərə meydan açmaq deməkdir. Bu isə öz növbəsində belə hadisələrin artmasına səbəb olacaqdır. Təcavüzlə bağlı xəbərlərdə zərərçəkənin şəxsi məlumatları gizli saxlanılmalıdır. Əks halda, onsuz da hadisənin verdiyi ciddi psixoloji-mənəvi sarsıntını yaşayan zərərçəkən və onun yaxınlarının sosial həyatlarının çətinləşməsinə şərait yaratmış olarıq. Daha yaxşı olardı ki, bu tip hadisələrin baş vermə şəklinin detallı verilməsi əvəzinə, cinayətkarın cəzalandırılması ilə bağlı prosesi və bu prosesin nəticəsi ictimaiyyətə çatdırılsın. Həmçinin bu cür hallardan qorunmaq, xüsusilə, azyaşlıların qorunması (uşaqları onların anladıqları tərzdə məlumatlandırma- bədən üzvlərinin toxunulmazlığı barədə uşaqlara məlumat vermək, toxunularsa belə, çəkinmədən öz yaxınlarına, himayəsində olduğu şəxslərə bunu bildirməkdən qorxmaması üçün onlarla uyğun münasibət yaratmaq) haqqında, belə bir hadisə yaşandıqdan sonra atılacaq addım (çəkinmədən hüquq mühafizə orqanlarına müraciət etmək) və zərərçəkənlə psixoloji reabilitasiya zamanı ailənin, yaxın çevrənin rolu haqqında maarifləndirici xəbərlər hazırlansın”.
Elşən Yəhyayev

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26