Interposta.Info

İqtisadiyyatda şişirdilmiş rəqəmlər – Azərbaycanın əsil mənzərəsi necədir?..

İqtisadiyyat
 17-10-2019, 22:25     10 419

Azərbaycan iqtisadiyyatına şişirdilmiş rəqəmlərdən kənarda baxarsaq, geriləmə müşahidə olunurmu?..

İqtisadçı-ekspert: “Prezidentin müşavirədə iqtisadi komandanı rəqəmləri şişirtməkdə ittiham etməsi yaxşı haldır”.

“Artıq bu halın dövlət səviyyəsində deyilməsi ondan xəbər verir ki, bundan sonra yəqin ki, şirirdilmiş rəqəmlər olmayacaq, ya da olsa belə, əvvəlki illərdəki kimi olmayacaq”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Prezident İlham Əliyevin müşavirədə iqtisadi komandanı rəqəmləri şişirtməkdə ittiham etməsini şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Prezident son müşavirədə iqtisadi komandanı rəqəmləri şişirtməkdə ittiham edib.

“Gələn ilin büdcəsi ilə əlaqədar tapşırıqlar verildi. Hökumət üzvləri artıq neçə vaxtdır ki, işləyirlər. Deməliyəm ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır. Ancaq gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin. Tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq.

Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər.

O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik. Ona görə qarşıdakı həftələr ərzində gələn ilin büdcəsinin parametrləri ilə əlaqədar çox fəal iş aparılmalıdır. Bugünkü müşavirə, o cümlədən bu məsələyə həsr olunub. Ona görə istərdim ki, indi burada gələn ilin büdcəsi ilə əlaqədar fikirlər və təkliflər səslənsin”, deyə İlham Əliyev vurğulayıb.

Bu ittiham çərçivəsində Azərbaycan iqtisadiyyatının əsil mənzərəsi barədə nə demək mümkündür? Xüsusən iqtisadiyyata şişirdilmiş rəqəmlərdən kənarda baxarsaq, geriləmə müşahidə olunurmu?

Mövzunu pia.az-ın əməkdaşı Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Yəqin ki, bundan sonra Azərbaycan iqtisadiyyatını şişirdilmiş rəqəmlərlə deyil, real rəqəmlərlə görə biləcəyik”.

İqtisadiyyatda əsl rəqəmlərin açılması iqtisadçılar üçün də müəyyən mənada asan olacağını vurğulayan Respublikaçı Alternativ Hərəkatının icraçı katibi bildirib ki, Azərbaycanda iqtisadi rəqəmləri ya Dövlət Statistika Komitəsi, ya da hansısa nazirliklər açıqlayır. İqtisadçılar da məcbur qalıb açıqlanan rəqəmlərdən istifadə edirlər:

“Əslində Prezidentin müşavirədə iqtisadi komandanı rəqəmləri şişirtməkdə ittiham etməsi yaxşı haldır. Çünki biz bunu çoxdan gözləyirdik. Məlumdur ki, uzun illərdən bəri iqtisadiyyatda şişirdilmiş rəqəmlərdən istifadə edilirdi. Artıq bu halın dövlət səviyyəsində deyilməsi ondan xəbər verir ki, bundan sonra yəqin ki, şirirdilmiş rəqəmlər olmayacaq, ya da olsa belə, əvvəlki illərdəki kimi olmayacaq.

İqtisadiyyatda əsl rəqəmlərin açılması biz iqtisadçılar üçün də müəyyən mənada asan olacaq. Çünki bizim məlumat almaq üçün başqa alternativ mənbəyimiz yoxdur. Yəni xarici ölkədə iqtisadçıların alternativ mənbəyi olur və iqtisadçılar o mənbədən çox rahatlıqla istifadə edirlər. Amma Azərbaycanda iqtisadi rəqəmləri ya Dövlət Statistika Komitəsi, ya da hansısa nazirliklər açıqlayır. İqtisadçılar da məcbur qalıb açıqlanan rəqəmlərdən istifadə edirlər.

İqtisadiyyatda rəqəmlər şişirdilmiş göstərilən zaman təbii ki, əsl iqtisadi göstəricini bilmək olmur. Bu da çox böyük səhv idi. Şişirdilmiş rəqəmlərdənsə, əsl iqtisadi rəqəmi açıqlamaq daha yaxşı olar. Yəqin ki, bundan sonra Azərbaycan iqtisadiyyatını şişirdilmiş rəqəmlərlə deyil, real rəqəmlərlə görə biləcəyik”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26