Interposta.Info

Azərbaycanda illik inflyasiya 2,6% olub – Rəsmi statistika

İqtisadiyyat
 10-09-2019, 15:53     10 413

Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir...

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətləri ötən ilin eyni dövrünə nisbətən 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 3,3%, qeyri-ərzaq malları 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 2,7% bahalaşıb.

"İnterPosta.info"nun məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, təkcə avqust ayında isə iyul ayı ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8% azalıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% artıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

Ay ərzində pasterizə olunmamış üzlü südün, qarğıdalı yağının, limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, quru noxudun, mərcinin, arağın, energetik içkilərin qiymətlərində azalma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, zeytun və günəbaxan yağlarının, quru lobyanın, şəkər və şəkər tozunun, təbii balın, dondurmanın, çayın, mineral suların, kola içkisinin, limonadın, meyvə şirəsi və pivənin qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bundan başqa, avqustda iyula nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmiri, təmizlənməsi və kirayəsi, tibbi və stomatoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri artıb, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26