Interposta.Info

Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? (ŞƏRH)

İqtisadiyyat
 8-08-2019, 14:24     10 279

Brent neftinin qiyməti 57 dollardan da aşağı düşüb. Belə ki, mediada yayılan məlumatlara görə, Bakı vaxtı ilə dünən saat 18:05-də Brent nefti 56,79 dollardan satılıb (bu gün 57,93 dollara satılıb). "Qara qızıl” son seansda 3,7% ucuzlaşıb.

Qeyd edək ki, təkcə avqust ayında Brent markalı neft 13% ucuzlaşıb. İyulun sonunda isə bu neft markası 65 dollardan baha satılırdı. Neftin qiymətinin birdən-birə bu qədər ucuzlaşması müzakirələrə səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə fikirlərini bölüşən, iqtisadçı ekspert Natiq Cəfərli ucuzlaşmanın səbəbləri barədə danışıb:

Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? (ŞƏRH)

"Keçən həftənin sonunda Hörmüz boğazında tanker müharibəsi qızışdı, ABŞ uçaqları İran hərbi gəmilərinin üzərindən uçdu, Yəməndə böyük gücə malik Husilər Səudiyyənin 14 hərbi obyektinə hücum etdi, nəhayət, ABŞ-da neft buruqlarının sayı azaldı - bütün bunlar neftin kəskin bahalaşmasına səbəb olmalı idi.

Hətta ABŞ və Avropa birjaları bağlı olduğu üçün ancaq Asiya birjaları buna reaksiya verdi, neft 2 dollar bahalaşdı. Amma şənbə-bazar Donald Tramp devrəyə girdi, Çinə 10% əlavə gömrük rüsumu tədbiq edəcəyi ilə bağlı tvit atdı, sonra da Çin qəsdən öz yuanını ucuzlaşdırdı ki, ixracatçıları az ziyan görsünlər. Bu zaman ABŞ prezidenti açıq şəkildə Çini valyuta manipulyasiyasında suçladı, Pekinə qarşı daha kəskin addımlar ola biləcəyini bəyan etdi, ardınca da ABŞ Enerji Agentliyi neft ehtiyatlarının artdığını, idxalın azaldığını, hasilatın isə yenidən günlük 12,3 mln. barelə qədər artdığını açıqladı”.

Neftin qiymətinə növbəti təsirin ABŞ prezidenti Donald Trampın şənbə-bazar tvitləri olduğunu vurğulayan iqtisadçının sözlərinə görə, ticarət, valyuta müharibələrinin qızışması da neft bazarında panika yaratdı, qiymətlər 7% düşdü, amma bu gün yenidən 2%-dən çox qalxır:

"Amerika prezidenti artıq seçki kampaniyasına başlayıb, ABŞ-da seçiciyə ən çox təsir edən amil benzin qiymətləridir - amerikalılar xarici siyasətə qarışmırlar. Keçmiş prezident Barak Obama 1 qallon benzini 2 dollara salıb getmişdi, Tramp gələndən qiymət 4 dollara yaxınlaşmışdı, indi isə onun əsas arzusu 1 qallon benzini 2-2,5 dollara salmaqdır - bunun üçün Şimali Amerika sort neft 40-45 dollar olmalıdır. Bu gün həmin növ neft hələ 52 dollardır, əgər 1 ay belə qalsa benzinin qallonu 3 dollardan aşağı düşəcək. Qısası, bu gün dünyada neft qiymətlərinə ciddi və əsaslı, həm də qalıcı təsir edə bilən yeganə ölkə ABŞ-dır. Amerika seçkilərinin 2020-nin payızında olacağını nəzərə alsaq, hələ 1 ildən çox neft qiymətləri ciddi basqı altında olacaq”.

Bu prosesin Azərbaycan üçün nəticələrinə gəlincə, N. Cəfərli hesab edir ki, ölkəmiz üçün təhlükəli qiymət həddi 55 dollardan aşağıdır:

"Yəni, qiymət düşsə və uzun zaman qalsa, bizə qalıcı təsirləri artacaq. Bu zaman Azərbaycan hökuməti çətin vəziyyətə düşəcək. Çünki, 2018-19-cu illərdə sabitləşən və cüzi artan iqtisadiyyatın yeganə səbəbi 65 dollardan yuxarı qalxan orta neft qiymətləri idi”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26