Interposta.Info

Azərbaycan “neft bosları” sırasına daxil ola bilər

İqtisadiyyat
 15-02-2019, 10:09     10 356

Vladimir Putinin OPEK+ ölkələrinin yeni və daha sabit strukturunun yaradılması təşəbbüsünə rəsmi Bakı nə reaksiya verəcək?
Rusiya prezidenti Vladimir Putin OPEK+ ölkələrinin yeni və daha sabit strukturunun yaradılması təşəbbüsünü irəli sürüb. Bu mövzuda da artıq müzakirələr başlayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib ki, dövlət başçısı bu məsələni “G20" ölkələrinin sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla da müzakirə edib. ”Bu məsələ digər beynəlxalq tərəfdaşlarla aparılan müzakirələrdə də bəyənilib. Prezident Putin neftin qiymətləri üzrə dünya bazarında vəziyyətin sabitləşməsi üçün bu addımın səmərəli olacağını qeyd edib", - deyə mətbuat katibi əlavə edib.

Bu yaxınlarda OPEC+ ölkələri məsləhətləşmələri davam etdirmək və nəticə əldə etmək məqsədilə “Alyans” adlanacaq yeni strukturun yaradılmasını müzakirə edəcəklər.

“LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov də OPEC+un taleyi barədə danışıb. “OPEC+ sazişinin taleyi İrana qarşı sanksiyalarla bağlı vəziyyətin aydınlaşmasından sonra aprel ayında müəyyənləşəcək”, - deyə TASS V.Ələkbərova istinadən xəbər verir.

O deyib ki, hər şey apreldə İran ətrafında vəziyyətin necə inkişaf edəcəyindən, sanksiyaların nə dərəcədə güclü olacağından asılı olacaq.

Qeyd edək ki, ötən il dekbarın 7-də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və kartelə daxil olmayan ölkələrin nazirlərinin Vyana şəhərində keçirilən V iclasında neft hasilatının 2018-ci ilin oktyabr göstəricisi ilə müqayisədə gündəlik 1,2 milyon barel azaldılmasına dair razılıq əldə edilib. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatı təxminən 20 min barel azaltmaqla bağlı öhdəlik götürüb.

OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.

Bu 5 ölkəyə sonradan Qətər, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador, Qabon və Anqola qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib.

Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.

Hazırda Azərbaycanla OPEK arasında sıx əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq OPEK+ formatında həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində ötən dövrdə neftin qiymətinin müəyyən qədər artması, ən əsası isə sabitləşməsi və neft bazarının tarazlaşdırılması əldə olunub. OPEK Azərbaycanla işbirlyinin davam etməsində maraqlı tərəf kimi çıxış edir. Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub.

Həmin il dekabrın 10-da isə Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEK Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEK-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Ötən il noyabrın 30-da isə OPEK Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEK və qeyri-OPEK ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

2019-cu ildə Azərbaycanda neft hasilatının həcmi ötənilki səviyyədə qalacaq və orta hesabla 0,8 milyon barel/sutka təşkil edəcək. OPEK-in yanvar hesabatına qeyd olunur ki, Energetika Nazirliyinin məlumatlarına əsasən, Azərbaycanda 2018-ci ildə orta hesabla 792 min barel/sutka neft və kondensat hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 2 faiz çoxdur. Azərbaycanın Putinin təklifinə mövqeyi hələ ki açıqlanmayıb./Yeni Müsavat

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26