Interposta.Info

Dövriyyədən çıxarılan 500-lük avroların taleyi necə olacaq?

İqtisadiyyat
 11-12-2018, 08:41     461

Əkrəm Həsənov: “Avropa Mərkəzi Bankı istənilən zaman əllərdə olan bu əsginasları qəbul edəcək və dəyişəcək”

Avrozonada yanvarın 26-dan etibarən 500 avroluq əsginaslar tədavüldən çıxarılacaq. Avropa Birliyinə daxil olan 17 ölkə belə qərar qəbul edib. Almaniya və Avstriyada isə bu pul vahidi aprelin 26-na qədər dövriyyədə olacaq.

Araşdırmaçılar ümid edir ki, 500 avronun ləğvi Avropada oğurluq pulların yuyulması və terrorun maliyyələşdirilməsi kimi halların qarşısına sədd çəkəcək. Bu dəyişiklik səbəbilə Azərbaycanda da 500 avroluq əsginaslara sahib olan vətəndaşların əllərindəki pulu dəyişməsi tövsiyə olunur.

Bəs görəsən, Azərbaycan vətəndaşları əllərində olan 500 avronu necə dəyişə bilərlər? Yerli banklar , o cümlədən Mərkəzi Bank bu xəbərin ardıncan sözügedən əsginasları qəbul edəcəklərmi? Mərkəzi Bank özünün valyuta ehtiyatlarına daxil olan əsginaslarla nə edəcək?

İnterPosta.info-nun məlumatına görə, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bu pulların Avropa Bankında dəyişdirilməsi üçün zaman məhdudiyyəti yoxdur: “Uzun müddət idi ki, 500 avroluq əsginasların dövriyyədən çıxacağı ilə bağlı müzakirələr gedirdi. Avropa Bankı daha öncə də elan etmişdi ki, bu əsginaslar dövriyyədən çıxacaq. Buna görə də, Azərbaycanda banklar çox zaman 500 avroluq əsginası qəbul etmir, bunun problemli olduğunu deyirdilər. Bu əsginasları ancaq Avropaya gedərkən xərcləyə bilirdik. Avropada bu əsginasların dövriyyədən çıxarılması o demək deyil ki, insanlar əllərindəki 500 avroluqları dəyişdirə bilməyəcək. Avropa Mərkəzi Bankı istənilən zaman bu əsginasları qəbul edəcək və dəyişəcək. Ancaq bu pulla ödəniş etmək mümkün olmayacaq. İstənilən halda bu pul batmır, itirilmiş vəsait hesab edilmir”.

Bu əsginasların Azərbayanda dəyişdirilməsinə gəlincə, Əkrəm Həsənov bunun mümkünlüyünü istisna etmədi:
“Azərbaycanda bundan əvvəl də banklar bu əsginasları müəyyən şərtlərlə qəbul edirdirlər. Yəni 500 avronu məzənnəsindən daha ucuz alırdılar, onun dəyişdirilməsi ilə bağlı çəkəcəkləri xərci də üzərində gəlirdilər. Çünki banklar da gərək həmin pulu aparıb Avropa bankında dəyişdirsinlər. Bu da əlavə xərc deməkdir. Hazırda hansısa vətəndaşın əlində 500 avropluq əsginas varsa, banka müraciət edə bilər. Lakin çox güman ki, banklar daha ucuz alacaqlar”.

Mərkəzi Bankın avroda saxlanılan ehtiyatları ilə bağlı danışan ekspert bu əsginaslarda nağd vəsaitlərin Avropa bankında dəyişdirilə biləcəyini vurğuladı:
“Mərkəzi Bankın avroda saxlanılan vəsaitlərinin əksər hissəsi qurumun xarici bank hesablarında saxlanılır. Nağd vəsaitlər arasında bu əsginaslar varsa belə, bu, AMB üçün problem deyil. İstənilən zaman onu Avropa Mərkəzi Bankında dəyişə bilərlər. Bu prosedur üçün zaman məhdudiyyəti yoxdur. Ölkəmizdə də milli valyutada olan köhnə pulları bu gün istənilən zaman Mərkəzi Bankda dəyişmək mümkündür. Pulun tədavüldən çıxması o deməkdir ki, artıq onunla ödəniş və ya alış-veriş etmək mümkün deyil. Ancaq cavabdeh Mərkəzi Bank onu hər zaman qəbul edəcək”.

Qeyd edək ki, mövzu ilə bağlı Azərbaycan Mərkəzi Bankına da sorğu göndərilib və bu əsginasların ölkəmizdə dəyişdirilməsi proseduru ilə bağlı qurumdan gələn açıqlamanı da dərc edəcəyik.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26