Interposta.Info

"Gələn il neft gəlirləri büdcənin 65 faizini təşkil edəcək" -

İqtisadiyyat
 14-11-2018, 17:58     10 350

"Gələn il büdcə gəlirlərinin 65 faizi birbaşa neft sektorundan formalaşacaq".

"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında 2019-cu ilin dövlət büdcəsini şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, büdcə xərcləri iqtisadi artım yaradacaq layihələrə hesablansa, daha yaxşı nəticələr əldə etmək olar:

"2019-cu ilin dövlət büdcənin ilkin parametrlərinə baxdıqda görürük ki, bu ilin büdcəsinə nisbətən həm gəlir, həm də xərc hissəsində müəyyən qədər artım var. Təqribən xərc hissəsində 2 milyard manata qədər artım müşahidə olunacaq. Amma bəzi risklər də var. Neft qiymətlərinin 60 dollardan götürülməsi müəyyən qədər risklidir. Əgər neft qiymətləri 60 dollardan aşağı düşsə, büdcənin doldurulmasında, büdcə parametrlərinin yerinə yetirilməsində problemlər yaranacaq.

İkinci mühüm məsələ isə ondan ibarətdir ki, yenə təmir-tikinti, investisiya xərcləri önə çıxır. Təqribən 6,9 milyard manat investisiya xərcləri olacaq ki, bu da ölkənin inkişaf modelinin yenə köhnə metodla, yəni, büdcədən ayrılan vəsaitlər hesabına qurulması deməkdir. Bu da təhlükəlidir. Çünki təmir-tikintiyə ayrılan vəsaitlər əlavə dəyər yaratmayan, müvəqqəti iqtisadi artımları təmin edən yatırımlardır. Düzdür, infrastruktur yenilənməlidir, yeni yollar çəkilməlidir, təmir-tikinti işləri də aparılmalıdır, lakin dediyim kimi bunlar əlavə dəyər yaratmır. Bu baxımdan müəyyən risklər var. Gəlirlərin artımı öz-özlüyündə yaxşıdır. Amma xərclərin istiqamətləri ilə bağlı ciddi suallar var. Xərclərin əlavə dəyər gətirən, iqtisadi canlanmanı artıran layihələrə ayrılması daha doğru olardı".

Ekspert neftdən asılılığın ötən illərə nisbətən daha da artdığını vurğulayıb və gələn ilin büdcə gəlirlərinin də əsas hissəni neft sektorundan gələn vəsaitlərin təşkil edəcəyini qeyd edib:

"Neftdən asılılıq çox təəssüf ki, ötən illərə nisbətən artıb. Çünki birbaşa neftdən transfer büdcənin 50 faizini təşkil edir. Təqribən 11,5 milyard manata yaxın vəsait birbaşa Neft Fondundan götürüləcək. Yerdə qalan 50 faizin də 15 faizə yaxını birbaşa neft sektorundan gələn vergilər hesabına formalaşacaq. Yəni, neftdən asılılıq gələn ilki büdcədə 65 faizə qalxacaq ki, bu da son illərə görə ən yüksək göstəricidir. Təəssüf ki, neft sektoru yenə dominant və həlledici rol almaqda davam edir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26