Interposta.Info

“Vahid aylıq müavinət məcburi köçkünlərin dolanışığını çətinləşdirəcək” –

İqtisadiyyat
 25-01-2017, 13:28     562

“Vahid aylıq müavinət məcburi köçkünlərin dolanışığını çətinləşdirəcək” –
“Bohran və müharibə dövründə belə qərarı verən hökümət onun risklərini də gözaltına almalıdır”

interposta.info xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu məcburi köçkünlər üçün nəzərdə tutulan 36 manat məbləğində vahid aylıq müavinətin təsirlərinə münasibət bildirərkən rəsmi “facebook” səhifəsində qeyd edib.

Həmin yazını oxucularına təqdim edirik:

“Hər bir sivil dövlətdə aztəminatlı və həsas qrupların qayğısına qalmaq üçün müxtəlif sosial, kommunal, nəqliyyat, tibbi, təhsil güzəştləri tətbiq edilir. Burda məqsədlərdən biri onların yaşayışını minumum səviyyədə təmin etmək olsa da , digəri də cəmiyyətdə təhlükəsizlk üçün potensial riskləri aradan qaldırmaqdır. Tarix göstərir ki, yoxsullar və yaşayış təminatı zəif olanlar sabitliyi daha çox pozurlar. Bunu əsas götürən bir çox ölkələrdə xüsusilə də böhran dövrlərində aztəminatlı və həsas qrupların sosial təminatı əlavə dəstək paketləri hesabına daha da gücləndirilir. Çünki, böhranın daha çox "vurduğu" təbəqə yoxsullar olur. Belə ki, böhran dövründə genişlənən struktur və tsiklik işsizliyinin "qurbanlar"ı daha çox belə qrupların təmsilçiləri olurlar. Azərbaycanda isə əksinə mövcud hakimiyyət hazırkı böhranın "yükü"nü aztəminatlı və həsas qrupların üzərinə qoyur.

Hələ 2017-ci ilin dövlət büdcəsinin parlament müzakirəsi başlamamışdan əvvəl məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı ayrılan vəsaitin onların artan xərclərinin qarşılanmasına yetərli olmayacağına dair narahatlğımı mətbuatda bölüşmüşdüm. Təəssüf ki, bu narahatlığı büdcənin parlament müzakirəsində hətta məcburi köçkün rayonunu təmsil edən Məclis üzvləri belə bölüşüb, mövqe bildirmədilər. Son zamanlar yaranmış vəziyyətdən çıxış üçün müxtəlif variantlar axtaran hakimiyyət bu günlərdə verdiyi fərmanla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edib. Əgər bu müavinət yalnız yemək xərcləri üçün nəzərdə tutulardısa onda o ədalətli hesab oluan bilərdi. Çünki, son 2 ildə sürətlə artan xüsusilə ərzaq və dərman perparatlarının qiymətləri məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinətin artırılmasını onsuz da zərurətə çevirmişdi. Lakin, məcburi köçkünlərə veriləcək vahid aylıq müavinət həm yemək xərcini və həm də tarifləri bahalaşan qaz, elektrik enerjisi və digər kommunal xərcləri qarşılamalıdır.

Nəzərə alsaq ki, məcburi köçkünlər bu ilə qədər adambaşına ay ərzində 150 kVt/saat elektrik enercisindən, qış aylarında 45 kub metr, yay aylarında 25 kub metr olmaqla təbii qazdan pulsuz istifadə etmək hüququndan da məhrum ediliblər, onda onlara bütün xərclərini ödəmək üçün ayda 36 manatın ayrılması bu qrupda daxil olan böyük əksərriyyətin dolanışığını daha da pisləşdirəcək. Bununla yanaşı son Fərmanla Nazirlər Kabinetinin vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti müəyyən edərkən onların sayını azaltmaq üçün məcburi köçkünlərin bir hissəsini bu siyahıdan çıxartması da ciddi narazılıq doğuracaq. Çünki, 24-25 il bundan əvvəl yurdundan didərgin düşən məcburi köçkünlərin bir ailə üzvünə məxsus evdə məskunlaşması onun bu statusdan məhrum edilməsi üçün əsas sayıla bilməz.

Çünki, hazırda müəyyən edilən vahid müavinət hətta yetərli olmasa da belə yalnız kommunal xərcləri deyil, həm də ərzaq xərclərinin də qarşılanması üçün nəzərdə tutulub. Eyni zamanda məcburi köçkün harda yaşamasından asılı olmayaraq kommunal xərcləri ödəmək məcburiyyətindədir. Odur ki, hökümət xüsusilə də böhran və müharibə dövründə, nəinki məcburi köçkünlər, hətta ixtisaslı şəxslər üçün iş yerlərinin əlçatmaz olduğu indiki şəraitdə belə qərarlara rəvac verərkən onun risklərini də gözaltına almalıdır”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26